2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Şərurlu İsfəndiyarla ‘Zaminbank’ arasında 10 milyonluq qalmaqal

Çoxmərtəbəli binaların inşası ilə məşğul olan işadamı, “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundov deyir ki, dövlətə kömək etmək istədiyi halda, özü aldadılıb. Nəticədə bir sıra əmlaklarını, o cümlədən “Flaminqo” restoranını, “milyonçular məhəlləsi”ndə yerləşən imarətini itirmək təhlükəsi ilə üzləşib. Bu barədə o, fəaliyyəti dayandırılmış “Zaminbank”ın Müşahidə Şurasının sədri Nadir İsmayılovun məhkəməsində danışıb.

İsmayılov külli miqdarda yeyinti, dələduzluq kimi əməllərdə suçlanır. Onun haqqındakı cinayət işində zərərçəkmiş kimi tanınanlardan biri də “Şərur” Mənzil-Tikinti Kooperativinə rəhbərlik edən Axundovdur. İddia olunur ki, işadamının “Zaminbank”dakı vəsaitini bankın rəhbəri mənimsəyib.

Saytların yığılması Saytlarin yigilmasi

“Onları müxalifət öz tərəfinə çəkə bilərdi”

Şərurlu İsfəndiyar məhkəmədə “Zaminbank”dan kredit götürməsi haqda danışarkən bildirib ki, 2012-ci ildə bir sıra yüksəkvəzifəli şəxslər toplaşaraq onunla görüşüb. Onların arasında fövqəladə hallar naziri, daxili işlər naziri, baş prokuror, Bakı şəhər İcra Hakimiyyətinin başçısı da olub. Görüşün səbəbinə gəlincə, Axundov deyir ki, o dövrdə tikinti gedə-gedə binalardan ucuz qiymətə ev almaq istədiyi halda, aldadılan çoxlu sayda vətəndaş vardı. Onların sayı min nəfəri keçmişdi. Bu da həmin insanlarda dövlətə qarşı narazılığı artırırdı. Ona görə yüksəkvəzifəli məmurlar toplaşıb qərar verib ki, Axundova müəyyən güzəştlər tətbiq olunsun, o da həmin narazıların mənzil probleminin həlli üçün uyğun addımlar atsın.

“Bildirildi ki, o adamların narazılığı aradan qaldırılmalıdır, çünki onları müxalifət öz tərəfinə çəkə bilərdi. Qarşıdan seçki gəlirdi (2013-cü ilin prezident seçkisi nəzərdə tutulur-red.), gərginlik ola bilərdi. Mənə dedilər ki, vergi güzəşti olacaq. Mən də razılaşdım, çünki bu dövlətin əsgəriyəm. Görüləsi işlərlə əlaqədar Nadir İsmayılovun köməyi ilə “Zaminbank”dan kredit götürdüm. 10 milyon kredit vermək razılaşdırıldı. 5 milyonu götürdüm, 5 milyonu qaldı. Qalan o 5 milyonu bankda depozitə qoydum. Sonra məlum oldu ki, heç depozitdəki 5 milyonu da çıxmayıblar”, – işadamı ifadəsində belə deyib.

“10 milyona görə 12 milyon 800 min ödəmişəm”

Cinayət işinin materiallarında iddia olunur ki, sözügedən 5 milyon depozitə qoyulmayıb, bank rəhbərliyi mənimsəyib.

Axundovun sözlərinə görə, günlərin birində Mərkəzi Bankdan ona xəbərdarlıq edilib ki, əgər pulu ödəməsə, girov qoyduğu əmlaklar əlindən çıxacaq. O iddia edir ki, İsmayılovla şəxsi münasibətlərinə güvənib, sənədlərə diqqət yetirməyib: “Savadsızlığımdan istifadə elədilər. Mərkəzi Bankda mənə dedilər ki, aldadılmısan. Dövlətə kömək etmək istədiyim halda, özüm bataqlığa düşdüm. 10 milyona görə 12 milyon 800 min ödəmişəm, hələ də əmlaklarımı çıxara bilmirəm. Dedim ki, heç olmasa, “Flaminqo”nu çıxarmağa imkan versinlər. Onu da qoymadılar. Mən bilmirdim ki, obyektlər Mərkəzi Banka girov qoyulub”.

Təqsirləndirilən bankir bildirib ki, kredit müqaviləsi üç tərəf – “Zaminbank”, İsfəndiyar Axundov və Mərkəzi Bank arasında imzalanıb. Bu üzdən əmlaklar da Mərkəzi Bankın girovluğundadır.

İsmayılov nə deyir

“İsfəndiyar Axundov bəzi məqamları dəqiq danışmır. 2012-ci ildə mənə dedi ki, 75 min kvadrat evlərini, 16-mərtəbəli binasını, Tbilisi prospektindəki obyektini əlindən alıblar. Ad çəkmək istəmirəm ki, o zaman ona kimlər nələr edirdi. Gördüm ki, İsfəndiyarın vəziyyəti pisdir, ona kömək məqsədilə kredit ayırmağı təklif etdim ki, işlərini yoluna qoysun. Bankda qalan 5 milyonun faizini mən ödəyirdim. Sonra o pulu hissə-hissə özü götürdü”, – İsmayılov isə belə deyir.

O, təqsirsiz olduğu halda, 8 aydan çoxdur həbsdə saxlandığını söyləyib. Əlavə edib ki, Axundovun Mərkəzi Banka 5 milyon borcu qalıb. Kreditin yarısından çoxunu ödədiyi üçün “Flaminqo”nu girovdan çıxara bilər.

Məhkəmə araşdırmaları davam edir. İsmayılovun ittiham olunduğu maddələrdə 10 ilə qədər həbs cəzası nəzərdə tutulub.

“Zaminbank” ASC-nin lisenziyası 2016-cı ildə ləğv olunub, bank müflis elan edilib. Həmin dövrdə İsmayılov yerli mediaya müsahibəsində müflis olmasına görə keçmiş MTN rəhbərliyini ittiham edib: “Məni aparıb MTN-ə salmışdılar. Heç bir hüquqi əsas olmadan bir sutka saxlayıb, ağlasığmaz məbləğ istədilər. Sonradan Eldar Mahmudovun “Bilal” MTK adlı Tikinti Şirkəti onun tapşırığı ilə 1.5 milyon kredit götürdü. Həmin krediti qaytarmadılar. Eldar Mahmudovun göstərişləri ilə çox adama kreditlər verdik. Hamısı da batdı. Mənim bankımın bağlanmasının səbəbkarı Eldar Mahmudovdur. Bu gün onun mənə külli miqdarda borcu var”.

24 saat” “Şərurlu İsfəndiyarla ‘Zaminbank’ arasında 10 milyonluq qalmaqal” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button