SEÇMƏ

Saatlı sakini: “Özümdən xəbərsiz adıma pensiya, maaş kartları açıb, pulları mənimsəyiblər”

Yayımlandı: 26 Oktyabr 2022 13:01

İcra başçısı keçmiç hərbçi, ikinci qrup əlil Cavanşir Abbasovu məhkəməyə verərək, ondan 30 min manat təzminat tələb edir

Saatlı rayonunun Dədə Qorqud kənd sakini Cavanşir Abbasov iddia edir ki, özünün xəbəri olmadan ona əlillik təyin edilib, xeyli vaxt pensiyası alınaraq mənimsənilib. Bundan başqa, o, hərbi xidmət zamanı əlil olduğunu əsas gətirərək, ona sığorta və Prezident təqaüdünün verilməməsindən narazıdır.

“Adıma pensiya kartının olmasından 2019-cu ildə xəbər tutdum”

1980-ci il təvəllüdlü Cavanşir Abbasov ikinci qrup əlildir. O, Silahlı Qüvvələrdə gizir kimi xidmət edib, tağım komandirinin müavini olub. Meydan TV-yə danışır ki, sağlamlığını 2012-ci ildə hərbi xidmət zamanı itirib:

“Hərbidə xəstələndim, məni Gəncədəki hərbi hospitala apardılar. Xeyli vaxt orada müalicə olundum. Axırda astma-bronxit diaqnozuyla məni tərxis elədilər”.

Cavanşir Abbasov iddia edir ki, onun hərbi qulluqçu kimi, xidmətdə olarkən sağlamlığını itirməsini təsdiqləyən sənədlərin hazırlanıb ona verilməsi prosesi yubadılıb. 2017-ci ildə bu sənədləri Mərkəzi Hərbi Hospitaldan alıb.

“Saatlıda Mərkəzi Xəstəxanaya getdim. Orada məndən əlil kimi təqaüdə çıxmağıma lazım olan sənədi vermək üçün 3 min pul istədilər, vermədim. Bu hadisə 2017-ci ildə olub. O zaman qərarın surəti də onlarda qaldı. Sən demə, həmin sənədlər əsasında mənim adıma özümdən xəbərsiz mülki qaydada əlillik düzəldiblər, pensiyamı alıblar. Mən bundan 2019-cu ildə xəbər tutdum”.

“Öz pensiya kartımı götürməyə gedəndə məlum oldu ki…”

Cavanşir Abbasovun dediyinə görə, 2019-cu ildə rayonun o vaxtkı deputatı Əflatun Amaşovun köməyilə Bakıya gəlib, Dövlət Tibbi Sosial Ekspertiza Mərkəzində müayinədən keçib və əlil olması təsdiqlənib. Onun sözlərinə görə, pensiya hesablanması üçün sənədlərini təqdim edəndə sistemdə onun 2017-ci ildən pensiya alması üzə çıxıb:

Foto: Cavanşir Abbasovun arxivindən

“Mənə dedilər ki, mülki əlil kimi pensiya alırsan, niyə gizlədirsən? Dedim, elə şey yoxdur axı. Bildirdilər ki, adıma təqaüd görünür. Bakıya gəldim, burada da eyni sözü dedilər. 2020-ci ilin yanvarında metronun “Nərimanov” stansiyasının yaxınlığındakı “Kapitalbank”dan hərbi əlil kimi mənə kəsilmiş pensiyanın kartını götürməyə getmişdim. Onda məlum oldu ki, adıma başqa kartlar da var. Onlardan da xəbərim yoxdur. Sən demə, Məşğulluq İdarəsində adıma işlər yazıb, əməkhaqqı kartları açıblarmış…”.

Cavanşir Abbasov bununla əlaqədar Prezident Administrasiyası, Dövlət Təhlükəsizliyi Xidməti, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi və başqa qurumlara şikayət edib.

Mənə deyirlər, sənə düşmür”

O, həm də hərbi xidmət zamanı sağlamlığını itirdiyi halda, ona Prezident təqaüdü və sığorta ödənişinin verilməməsindən narazıdır:

Gözdən qaçırmayın:  “İmam Mehdi”yə inanıb pul verdiyini iddia edən şəxs: “Yuxuda onun İmam olduğunu görürdüm…”

“Mənə deyirlər ki, sənə düşmür. Niyəsini mən də başa düşmürəm”.

Saatlı sakini ehtiyac içində olduğunu, övladlarına aliment ödəməyə imkanı çatmadığını deyir. Onun sözlərinə görə, hətta aliment öhdəliyini yerinə yetirə bilmədiyinə görə barəsində cinayət işi başlanıb, bir müddət əvvəl həbs edilib.

Cavanşir Abbasov baş verənlərə görə həm də Saatlı rayonunun keçmiş icra başçısı (2019-cu ildən indiyədək Sabirabadda eyni vəzifədədir-red.) Siraqəddin Cabbarovu ittiham edir. Deyir ki, icra başçısının xəbəri olmadan vətəndaşın başına belə oyun gətirməzdilər.

Siraqəddin Cabbarov isə onun dediklərinin böhtan olduğunu bildirərək, buna görə Cavanşir Abbasovu məhkəməyə verib. Əlildən 30 min manat təzminat tələb edən icra başçısının iddiasına Saatlı Rayon Məhkəməsində baxılır.

Şikayətə Korrupsiyaya Qarşı Mübarizə İdarəsi baxıb, Baş Prokurorluğa göndərib

Cavanşir Abbasovun Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsinin əməkdaşlarıyla bağlı (ona çatası vəsaitlərin mənimsənilməsi barədə) şikayətinə Baş Prokurorluğun Preventiv tədbirlər və təhqiqat idarəsinin rəis müavini Kazım Həmzətov cavab verib. O bildirib ki, Cavanşir Abbasovun göndərdiyi şikayətə Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baxılıb:

“Müraciət aidiyyəti üzrə göndərilməsi və araşdırma aparılmasının təmin olunması üçün Baş Prokurorluğa göndərilib”.

Dövlət Sosial Müdafiə Fondundan isə Prezident təqaüdünün verilməməsi şikayətilə əlaqədar bildirilib ki, Cavanşir Abbasovun hərbi xidmət dövrü ilə əlaqədar əlilliyi müəyyən olunduğuna görə ona Prezident təqaüdünün təyin edilməsi qanunvericiliklə mümkün deyil.

Sığortanın verilməməsinə gəlincə, Dövlət Sığorta Kommersiya Şirkətindən bildirilib ki, Cavanşir Abbasovla bağlı məsələyə baxılması üçün o, müvafiq təsdiqedici sənədlər təqdim etməlidir:

“Sənədlər təqdim olunandan sonra onlara baxılıb, Cavanşir Abbasova sığorta ödənişinin təyin edilib-edilməməsi məsələsinə aydınlıq gətiriləcək”.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button