2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Sabiq baş prokuror: “İnsanları dovşan kimi öldürürlər və heç kim buna görə məsuliyyət daşımır”

24saat.org Ədalət Partiyasının sədri, sabiq baş prokuror İlyas İsmayılovla müsahibəni təqdim edir.

– İlyas müəllim, ABŞ-da keçirilən son seçkiləri və nəticələri dünya mediasında birmənalı qarşılanmır və müzakirələr hazırda da gedir. Sizin bu haqda fikirləriniz nədən ibarətdir?

– Bu ABŞ seçki sisteminin qüsurudur. Hillari Klinton 1,5 milyon səs artıq toplayıb, ancaq buna baxmayaraq prezident ola bilməyib. ABŞ Konqresinə artıq təklif veriblər ki, gələcəkdə prezident birbaşa seçilsin. Bu təklifin Konqresdən keçib-keçməyəcəyini zaman göstərəcək.

Saytların yığılması Saytlarin yigilmasi

– Trampın prezidentliyi dövründə siz dünyada qlobal dəyişikliklərin baş verəcəyini gözləyirsinizmi?

– ABŞ prezidentləri dəyişdikdə dünyada da çox dəyişikliklər olur. Tramp da hələlik çalxalanır, bilmir nə edəcək. Artıq Nyu-Yorkun meri onun əleyhinə çıxdı və bildirdi ki, belə siyasət aparmaq olmaz. ABŞ-da 9 minə yaxın müsəlman polis var. Məncə, ABŞ-da çaxnaşmalar olacaq. Bəziləri proqnoz edirlər ki, Trampı impincment edə bilərlər. Məncə, Trampın prezident kimi atacağı ilk addımlara baxandan sonra qəti fikir söyləmək olar.

– Tramp həm də Rusiya ilə münasibətlərin normallaşması təşəbbüsü ilə çıxış edirdi. Sizcə, bu nə dərəcədə mümkündür?

– Əslində dünyanı çalxalayan elə bu dövlətlərin maraqlarıdır. Bütün dünya dövlətləri arasındakı münasibətlər beynəlxalq hüquqla nizamlanmalıdır. Daha hansı ölkənin harada nə marağı olması ilə deyil. Bu dövlətlərin eyni yerdə marağı olanda və bu maraqlar toqquşanda ciddi problemlər yaşanır. Fikrimcə, məhz bu absurdlar əslində bu dövlətlərin uydurulan maraqları ilə bağlıdır. Beynəlxalq praktikada dövlətlərarası münasibətlər hüquq əsasında yoluna qoyulmalıdır, daha hansısa dövlətin marağının təmin edilməsi ilə deyil.
İkincisi, Rusiya-ABŞ münasibətlərinin normallaşması şübhəsiz ki, digər dövlətlərə müsbət mənada sirayət edə bilər. Amma bu normallaşma ədalətli olmalıdır.

– Sizcə, bu iki dövlətin münasibətlərinin normallaşması, maraq toqquşmaları konteksində baş tuta bilərmi?

– Hesab edirəm ki, mümkün olan məsələ deyil. ABŞ hesab edir ki, dünyanın bir nömrəli dövlətidir, hər yerə o nəzarət etməlidir. Rusiya isə bununla razılaşmır, öz maraq və iddialarını irəli sürür. Odur ki, gec və ya tez bu münasibətlərdə ziddiyyət yaranmalıdır.

– Donald Tramp siyasətə biznesdən gələn xadimdir, dövlət idarəçiliyi prosesində iştirak etməyib. Sizcə, onun idarəçilik imkanları nə dərəcədə effektiv ola bilər, xüsusilə nəzərə almaq lazımdır ki, ABŞ-ın addımları həm də dünyanın taleyinə təsir edə bilir…

– Şübhəsiz ki, dövlətə rəhbərlik edən insan gərək “masştabnı” olsun. Mən bilmirəm, yəqin ki, insanın fərdi xüsusiyyətlərindən də çox şey asılıdır. Tramp da belə xüsusiyyətlərin olub-olmadığını gələcək göstərər. Hər halda həyat mürəkkəbdir, hər şeyi dinamikaya salmaq mümkün olmur.

– Deyəsən dünya getdikcə cılızlaşır…

– Mən cılızlaşır demək istəməzdim. Amma insanların qiyməti olmur. Siz də görürsünüz ki, Yaxın Şərqdə insanları dovşan kimi öldürürlər və heç kim buna görə məsuliyyət daşımır. İraq, Suriyada insanlar öldürülür, daha sonra deyilir ki, səhv etmişəm, bağışlayın. Yanaşmanın özü pisdir. Normalda bir insan digərini öldürəndə cinayət məsuliyyətinə cəlb edilir. Amma adamları qırır, məhv edirlər və həm də məsuliyyətdən kənarda qalırlar. Necə oldu, İraqı məhv etdilər, yalandan da dedilər ki, İraqın kimyəvi silahı var. Sonrada bəlli oldu ki, İraqda belə silah yoxdur. Bəs buna kim cavabdehdir? Necə olur ki, BMT Təhlükəsizlik Şurasının qərarı olmadan sən başqa dövlətə hücum edirsən? Bilirsinizmi, dünyanı qanunla idarə etmək olar. Əgər qanun pozulubsa, özü də bunu böyük dövlətlər edirsə, bu daha fəlakətli olur.

– Suriya və İraqdakı kimi?

– Bəli. Deyirəm ki, böyük dövlətləri qanunlara tabe etdirmək lazımdır. Böyük və kiçikliyindən asılı olmayaraq hamı qanuna tabe olmalıdır. Dövlətlərin maraqları məsələsini də gündəm çıxarmaq lazımdır.

– Ermənistan və Rusiyanın müştərək ordu yaratmaq təşəbbüsünü necə qiymətləndirmək olar?

– Bizim əleyhimizə olan addımdır. Bunu xüsusi qiymətləndirmək lazım deyil. Bəllidir. ORT-də verilişlər verir, erməniləri ora çıxarırlar və elan edirlər ki, Ermənistan bizim dostumuzdur və dostumuz olaraq qalır. Məlum, xristian təəssübkeşliyi. Biz bütün bunlara hazır olmalıyıq.

– Serj Sarkisyan bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq, amma millətlərin öz müqəddəratını təyin etmək hüququ var. Hüquqşünas kimi bunu necə şərh edərsiniz?

– Ermənilər beynəlxalq hüququn millətlərin müqəddəratını təyin etmə prinsipindən çıxış edərək Ermənistan respublikasını yaradıb. Dağlıq Qarabağda yaşayan ermənilər xalq deyil və xalqa məxsus hüquq da onlara mənsub deyil. Odur ki, onlar Qarabağda öz müqəddəratını təyin edə bilməzlər. Əvvəllər, ölkə başçısı bu arqumentdən istifadə edirdi və bunda haqlı idi. Amma təəssüflər olsun ki, son dövrlər bunu gündəmə gətirmir.

– Sarksiyan həm də Bakı ilə İrəvan arasında qaynat xətt yaradılması təşəbbüsü ilə çıxış edib…

– Normalda dövlətlər arasında yaxşı mənada əlaqə olsa işin xeyrinə olardı. Amma birincisi, Sarksiyan öz adamlarına göstəriş verib deməlidir ki, sərhədi pozmayın, təxribat yaratmayın. Başlayırsa, birinci bundan başlasın, sonra zəng edib Azərbaycan prezidentini axtarsın.

– Bir vaxtlar Milli Məclisdə məmur və vəzifəli şəxslərin gəlir deklarasiyası haqda məsələ qaldırmışdınız. Bunun sonu necə oldu?

– Bəli qaldırmışdım, ancaq kimdir buna fikir verən? Bu ölkədə qanuna əməl olunmur. Əslində 2005-ci ildə qəbul edilən qanuna əsasən məmurlar gəlirləri haqda deklarasiya verməlidir. Amma bunun üzərindən 11 il keçir. Niyə bunu etmirlər? Çünki özləri bunda maraqlı deyillər. Hələ mən parlamentdə demişdim ki, əgər korrupsiyaya qarşı ciddi mübarizə aparmaq istəyirsinizsə gəlirlər haqda deklarasiya, xərclər haqqında deklarasiya vermək lazımdır. Habelə hər bir vəzifəli şəxsin sahibkarlıq və bizneslə məşğul olması cinayət qanuni ilə qadağan edilməlidir. Mən hətta bununla bağlı qanun layihəsi də təqdim etdim. Amma parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi layihəni müzakirə etmədi. Deməli bunlar korrupsiya ilə mübarizə aparmaq istəmirlər. Bütün məmurlar sahibkarlıq fəaliyyəti ilə məşğuldur.

– Sabiq nazir Əli Abbasovun ayda 200-300 min manat xərcləməsi haqda bəyanatı dediklərinizin təsdiqi deyilmi?

– Görürsünüz də.

– Korrupsiyanın qarşısını kəsmək üçün Azərbaycanın imkanları varmı?

– Yuxarıda qeyd etdiklərimi həyata keçirsinlər. Gəlirlər haqda deklarasiya verilsin. Xərclər haqda deklarasiya verilsin. Və sahibkarlıqla məşğul olmaq məmurlara qanunla qadağan edilsin. Bunu etsələr korrupsiyaya qarşı ciddi irəliləyişlər baş verəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button