Loading...
Loading...
Manşet

Sabiq deputatın mülklərinin siyahısı açıqlandı – Başgicəlləndirən mənzərə – FOTOLAR

Bir neçə gün əvvəl ölkə mətbuatınd sabiq deputat Nəriman Əliyev barəsində Qarabağ qazisi də daxil olmaqla 64 nəfərin maaşını verməkdən boyun qaçırması barədə məlumat yayılmışdı. 

Məlumat şikayətçi Qarabağ qazisinin müraciəti əsasında hazırlanmışdı. Belə ki, işçilər “Ştutqart” MMC-də iş şəraitindən və maaş səviyyəsindən narazı qalaraq könüllü olaraq işdən çıxıblar. Amma onların sözlərinə görə, Nəriman Əliyev onların qalıq maaşlarını ödəmək istəmir. Əvvəlcə düşündü ki, sabiq deputatın “əli aşağıdır”, amma bu gün redaksiyaya daxil olan məktub yanıldığımızı göstərdi.

“Ştutqart” MMC-nin sabiq işçisi Şahsuvar Talıbov maaşları verməkdən boyun qaçıran Nəriman Əliyevin mülklərinin siyahısını göndərib.
 
24 saat” Bizimyol.info-ya istinadən Şahsuvar Talıbovun məktubunu təqdim edir:
“Son günlər, 70 saylı Masallı şəhər dairəsinin keçmiş deputatı, “Ştutqart” mağazalar şəbəkəsinin sahibi Nəriman Əliyevin adı saytlardan və sosial mediadan düşmür. Gah Bakının mərkəzində ağac kəsməsi ilə, gah da içərisində Qarabağ müharibəsi qazilərinin də olduğu 64 nəfər işçinin əmək haqqını kəsməklə “gündəm yaradan” eks deputat, bu problemlərlə bağlı edilən zənglərə bəzən qarmaqarışıq cavablar verməklə, özünə məxsus obyekti özünə kirayə verdiyini söyləməklə problemi daha da dərinləşdirir, bəzən isə ümumiyyətlə, telefonu götürmür, bir növ susmaqla qarşılıq verir. “Susmaq qızıldır” deyiminin bu kimi hallarda işləmədiyini hörmətli Nəriman müəllimə yaxınlarından kimsə izah etsə, yaxşı olar.
Bir anlıq düşünürsən ki, görəsən, Bakının mərkəzində hektarlarla əraziyə, ölkənin dörd tərəfində şəbəkə mağazalara sahib olan, istədiyi vaxt kütləvi ağac kəsən, istədiyi adamı işlədib pulunu kəsən bu şəxs kimdir və bu mövqeyə hansı yolla gəlib çıxıb?
“Nəriman Əliyev” yazıb internet araşdırması etsəniz, qarşınıza istər rəsmi sahibi olduğu “Ştutqart” mağazalar şəbəkəsi ilə bağlı iqtisadi-biznes adamı olaraq, istərsə də 10 il deputat olmuş biri kimi, siyasətçi olaraq hansısa müsbət yazı, xoşagələn fakt tapmaq çətin məsələdir. Bir az dərindən araşdırsanız, eks deputatın 2004-cü ildən, 2015-ci ilədək 11 illik müddətdə Eldar Mahmudovun qəyyumluğu altında böyük bir şəbəkəyə rəhbərlik etməsi ilə bağlı faktlara və hətta bu faktlara malik olan canlı mənbələrə rast gələ bilərsiniz.
70 saylı Masallı şəhər dairəsindən 2010-2019-ci illərdə deputat olmuş Nəriman Əliyevin sahib olduğu böyük biznes şəbəkəsi, saysız əmlaklar, avtomobillər və milyonlarla pulun hansı yollarla qazanıldığı ilə bağlı bəzi faktları sizinlə bölüşmək istəyirəm. Belə ki, Nəriman Əliyev indiki vəziyyətə çatmaq üçün qaranlıq işlərdən, qanunsuz əməllərdən və özü kimi qaranlıq işlərlə məşğul olan ortaqlardan istifadə etmişdir. Bu qanunsuzluqların tarixi xeyli əvvələ, 2004-cü ilə qədər gedib çıxır.
2004- cü ildə hələ Masallı şəhərində yaşayan Nəriman Əliyev bir məsələ ilə bağlı həbs edilərək Bakıya, Baş Mütəşəkkil Cinayətlərlə Mübarizə İdarəsinə gətirilir. Bu vaxt onu həbsdən qurtarmaq üçün qohumları hansısa əlaqələrin hesabına o vaxtlar Narkotiklərlə Mübarizə Baş İdarəsinin rəisi vəzifəsində çalışan Eldar Mahmudovdan xahiş edirlər. Nəriman Əliyevin həbsdən qurtarılmasında rolu olan Eldar Mahmudovla elə o vaxtdan əlaqələri yaranır və bu əlaqələr sonrakı illərdə Eldar Mahmudovun qanunsuz işlərinə nəzarət etməkdən, ta şərikliyə qədər gəlib çıxır.
İlk iş olaraq Babək prospektində “Karkas” ehtiyat hissələri mağazası açılır və bütün rəhbərlik Nəriman Əliyevə həvalə olunur. 2004-cü ilin iyul ayında Eldar Mahmudov milli təhlükəsizlik naziri təyin olunandan sonra bu əməkdaşlıq daha da artır.
Növbəti iş birliyi kimi “Ştutqart” mağazalar şəbəkəsi yaradılır və bunun da tam idarəsi və rəhbərliyi Nəriman Əliyevə tapşırılır. Xatırladaq ki, bu mağazalar şəbəkəsi əvvəlcə qeyri-rəsmi, sonralar isə, bu günə qədər rəsmi olaraq Nəriman Əliyevin öz adınadır. Halbuki, deputatın bizneslə məşğul olması qanunla qadağandır. Bu biznes isə, məhz deputat olduğu dövrdə şəxsən özü tərəfindən yaradılıb və birbaşa özü tərəfindən rəhbərlik edilib.
O cümlədən, Eldar Mahmudovun “Balıq və kürü biznesi”-nə də şəxsən Nəriman Əliyev rəhbərlik edirdi. Hətta bu biznes üçün ayrılmış mərkəzi mağaza da Babək prospektində, “Karkas” ehtiyat hissələri dükanının yanında yerləşirdi.
Xaricə pul köçürülməsi və pul daşınmaları işinə də birbaşa Nəriman Əliyev nəzarət edirdi ki, bunun da sabiq nazir Eldar Mahmudovun qeyri-qanuni qazanc yerlərindən biri olduğu heç kimə sirr deyil. Bundan başqa sabiq nazir həm də “Briliyant biznesi” şəbəkəsi qurmuşdu. Bu biznesin də nəzarəti ən yaxın və sadiq adam sayılan Nəriman Əliyevdə idi. Bütün bu və digər bizneslərdən gələn çirkli pulların yuyulması işinə də Nəriman Əliyev rəhbərlik edirdi. O, gördüyü işlərlə bağlı ay ərzində ən azı 3-4 dəfə Eldar Mahmudovla görüşdüyünü, günaşırı isə sabiq nazirin əmisi oğlu və köməkçisi Vüqar Mahmudovla əlaqə saxlayıb hesabat verdiyini heç vaxt gizlətmirdi. Hətta yaxınlıq dərəcəsini göstərmək üçün, oturduğu bütün məclislərdə, Eldar Mahmudovun yanına gedərkən, MTN-in yalnız nazirə yaxın 3-4 adamın istifadə etdiyi lifti ilə qalxıb-endiyini fəxrlə danışırdı.
Eldar Mahmudovun nazir olduğu 11 il ərzində həm onun qanunsuz işlərinə rəhbərlik edən, həm də onun sayəsində öz qanunsuz işlərini genişləndirən, milyonlarla vergidən yayınan Nəriman Əliyev siyasi karyerasının da pik nöqtəsinə gəlib çatmış və deputat olmuşdu. Bu müddət ərzində dəyəri milyonlarla ölçülən sərvət sahibi olan Nəriman Əliyev, Eldar Mahmudovun vəzifədən azad olunduğu 17 oktyabr 2015-ci il tarixində “Karkas” ehtiyat hissələri dükanında olan, dəyəri milyonlarla ölçülən malı bir gecədə başqa ünvana, Babək prospektindəki “Azpetrol”la üzbəüz 5 mərtəbəli obyektə köçürmüş və bunu öz yaxınlarına belə izah etmişdi ki, “Eldar Mahmudova görə bütün mallar müsadirə oluna bilər. Ən tez zamanda obyekti boşaltmalıyıq ki, bizə ilişən olmasın”. Obyekt tam boşaldıldıqdan sonra isə o hesabat vermək üçün sabiq nazirin köməkçilərindən biri ilə görüşə getdiyini demişdi.
Bu illər ərzində qeyri-qanuni yollarla böyük bir şəbəkə quran Nəriman Əliyev həm də mülklər, avtomobillər və sairə daşınan və daşınmaz əmlaklara sahib olub. Bu mülklərdən bəzilərinin ünvanları və çıxarışları, o cümlədən özünə və ailəsinə məxsus avtomobillərin siyahısı da əlimzidədir. Bu mülklər onun öz adına, ailə üzvlərinin adına və bir qismi də dayısı oğlu Azər Abbas oğlu Abbasovun adına rəsmləşdirilib. Azər Abbasov dəyəri cəmi-cümlətanı 10 min manat olan avtomobildə gəzərkən, adına 10 milyonluq mülklər olması faktı özü hər şeyi deyir. Eks deputatın sadəcə, boş mülklərinin dəyəri 100 milyondan artıqdır”.
Məktub müəllifi eks deputat Nəriman Əliyevə məxsus olan, dəyəri 100 milyonlarla ölçüləcək mal-mülk, obyekt, ev və avtomobillərin siyahısını, mülklərin çıxarışını (kupça) bizə təqdim edib. Biz də əlimizdə olan faktları dəyərli oxucularımızla bölüşmək qərarına gəldik.
Siyahıya baxın və özünüz düşünün, cəmi on ilin içində bu qədər var-dövlət düzgünlüklə, halal bizneslə qazanıla bilərmi?
Nəriman Əliyevə məxsus mülklərin, torpaq sahələrinin, evlərin, obyektlərin və avtomobillərin (bir hissəsinin) siyahısı:
1. Bakı şəhəri, Məmməd Araz (keçmiş Teymur Əliyev) küçəsində 5 mərtəbədən ibarət yaşayış evi (Faktiki yaşadığı ünvan)
2. Bakı şəhəri, Məmməd Araz (keçmiş Teymur Əliyev) küçəsində 2 mərtəbədən ibarət avtomobil dayanacağı və yaşayış evi.
3. Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsində 46 sot boş torpaq sahəsi,3 mərtəbəli anbar və 3 mərtəbəli ofis. Bu anbar və ofislər “Ştutqart” şirkətinin mərkəzi anbarı kimi fəaliyyət göstərir.
Nəriman Əliyev obyekti Nərimanov rayonu, Ələsgər Qayıbov küçə. 46 sot boş torpaq sahəsi, 3 mərtəbəli anbar və 3 mərtəbəli ofis
Nəriman Əliyevin obyekti Nərimanov rayonu, Ələsgər Qayıbov küçə. 46 sot boş torpaq sahəsi, 3 mərtəbəli anbar və 3 mərtəbəli ofis
4. Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsində 8 hektar torpaq sahəsi. Bu ərazi Nəriman Əliyevin dayısı oğlu Azər Abbasovun adına rəsmiləşdirilib. Ərazi şərikli olduğundan 25 faizi Nəriman Əliyevin payına düşür.
 
5. Bakı şəhəri, Babək prospekti, 2224-cü məhəllə, 37c ünvanında 4690.4 kv.m-lik 3 mərtəbədən ibarət qeyri-yaşayış binası. Burada əlavə bir zirzəmi və bir mansard mövcuddur. Həmçinin obyektin arxa tərəfində boş sahə və digər tikililər var. Hazırda bura “Ştutqart Mərkəz” mağazası kimi fəaliyyət göstərir.
6. Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 18 ünvanında 264.8 kv-lıq qeyri-yaşayış binası. Hazırda bura “Ştutqart Yasamal” filialı kimi fəaliyyət göstərir.
7. Bakı şəhəri, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində bir zirzəmi daxil olmaqla 2 mərtəbədən ibarət qeyri-yaşayış sahəsi. Bu obyektin bir hissəsi icarəyə verilib. Digər hissəsi isə “Ştutqart Biləcəri” filialı kimi fəaliyyət göstərir.
8. Bakı şəhəri, Bilgəh qəsəbəsində 60 sot ərazisi olmaqla 4 mərtəbədən ibarət bağ evi – villa
9. Sumqayıt şəhəri, Bakı küçəsi 39a ünvanında, 426.9 kv-lıq 2 mərtəbədən ibarət qeyri-yaşayış binası. Hazırda bura “Ştutqart Sumqayıt” filialı kimi fəaliyyət göstərir.
Nəriman Əliyevin obyekti “Ştutqart Sumqayıt”
Nəriman Əliyevin obyekti “Ştutqart Sumqayıt”
10. Masallı şəhəri, Heydər Əliyev prospekti, 35 ünvanında “Masallı Konserv” ASC-nin yerləşdiyi 1.21711 ha boş torpaq ərazisi, 11691.7 kv.m –də tikilmiş qeyri-yaşayış binası
11. Masallı şəhəri, Xətai küçəsində 2914.3 kv-lıq “Masallı şirniyyat zavodu” adı altında inşa edilmiş bina və 1.43 ha boş ərazi.
12. Masallı şəhəri, Bakı prospektində (keçmiş Digah yaşayış massivi) xüsusi mülkiyyətində olan 15825.9 kv-lik “Masallı Bazarı” adı altında fəaliyyət göstərən bazar.
13. Masallı şəhəri, Heydər Əliyev prospekti 64 ünvanında 1484.9 kv-lıq 3 mərtəbədə qeyri-yaşayış binası. Hazırda bura “Ştutqart Masallı” filialı kimi fəaliyyət göstərir.
Nəriman Əliyevin obyekti “Ştutqart Masallı”
Nəriman Əliyevin obyekti “Ştutqart Masallı”
 
14. Masallı şəhəri, Heydər Əliyev prospekti (Ştutqart Masallı filialı ilə üzbəüz) 5 mərtəbədən ibarət qeyri-yaşayış sahəsi (bu obyekt Nəriman Əliyevlə digər şəxsin şərikli obyektidir)
15. Masallı şəhəri, Heydər Əliyev prospekti (Ştutqart Masallı filialıilə üzbəüz) 3 hektar sahəsində inşa edilmiş anbarlar (hazırda icarəyə verilib)
16. Masallı şəhərində mövcud olan “Daş Bazarı”
17. Masallı şəhəri, Heydər Əliyev prospekti, 35 ünvanında “Masallı Konserv”lə üzbəüz köhnə sement bazası (bu obyekt şəriklidir)
18. Masallı şəhəri, İstisu istirahət mərkəzində 5 hektara yaxın ərazi (bu ərazi şəriklidir və şəriklər ərazidə öz istirahətləri üçün müxtəlif tikililər inşa ediblər)
19. 10 AA 133 dövlət nömrə nişanlı “Mercedes S Class” avtomobili
20. 90 AA 490 dövlət nömrə nişanlı “Lexsus 460” avtomobili
21. 10 AA 633 dövlət nömrə nişanlı “Range Rover” avtomobili
22. 10 VE 444 nömrə nişanlı “Toyota Camry” markalı avtomobili
Toyota Camry
23. “Ştutqart” MMC-nin anbarlarında saxlanılan, dəyəri 40 milyon manat olan avtomobil ehtiyat hissələri qalığı
P.S. Nəriman Əliyev sorğulara cavab verməkdən imtina edir, onunla əlaqə saxlayıb sual verməyə qadağa qoyub. Bunu təsdiq edən səs yazısı da redaksiyanın arxivində saxlanmaqdadır. O üzdən də bu məsələ ilə bağlı sabiq deputatın mövqeyini öyrənmək mümkün olmur. Amma istənilən halda qarşı tərəfin mövqeyini nöqtə-vergülünə toxunmadan yaymağa hazırıq, o mövqe hətta Bizimyol.info-ya qarşı ittihamları əks etdirsə də…
Sabiq deputatın mülklərinin siyahısı açıqlandı - Başgicəlləndirən mənzərə - FOTOLAR
Sabiq deputatın mülklərinin siyahısı açıqlandı - Başgicəlləndirən mənzərə - FOTOLAR
Sabiq deputatın mülklərinin siyahısı açıqlandı - Başgicəlləndirən mənzərə - FOTOLAR

 

Gözdən qaçırmayın:  Putin ailəsini bunkerdə gizlədib - ŞOK İDDİA

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Telegram kanalımıza abunə olun