2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetSiyasət

Sabir Rüstəmxanlı: “Axı sən kimsən, Beriyasan, Mikoyansan, Stalinsən, kimsən?

24saat.org Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı ilə müsahibəni təqdim edir.
– Sabir bəy, son zamanlar ölkədə maraqlı durum müşahidə olunur. Məsələn, Milli Məclisin komitə sədri Arif Rəhimzadə bəyan etdi ki, azərbaycanlılar türk deyil. Ondan əvvəl isə Araz Əlizadə də türkləri hədəf almışdı. Bu halı necə şərh edirsiniz?
– Türklərə, türkçülüyə hücumlar hər zaman olub. Ümumiyyətlə Azərbaycan xalqının milli mənsubiyyətindən uzaqlaşdırmaq, yetişdirdiyi şəxsiyyətləri onun əlindən almaq, yaratdığı hadisələri başqasının adına çıxmaq halları var. Beləcədə Azərbaycanı kiçiltmək siyasəti davam edir. Azərbaycan parçalanıb, yarısı Rusiyaya birləşdirildikdən sonra Şimali Azərbaycan Avropaya nisbətən uyğunlaşma, Avropa mədəniyyəti ilə müəyyən qədər tanış olmağa başladı. Ancaq bu Rusiyanın öz istəyi ilə baş verməyib. Həmin vaxt Rusiya özü Avropaya yaxınlaşırdı və bu könüllü proses idi. Amma aydındır ki, həm də Çar Rusiyası və sonradan SSRİ zamanı da xalqları əritmək və SSRİ xalqı etmək kimi bir siyasət mövcud idi. Odur ki, indi belə bəyanatlar və fikirlər mənə o qədər də təəccüblü görünmür.
– İndi Azərbaycan müstəqil bir dövlətdir və SSRİ-nin tərkibində deyil…
– Azərbaycan müstəqillik qazandıqdan sonra bu eybəcər siyasət, keçmişi unutdurmaq siyasəti var. Qafqazda üç xalq yanaşı yaşasa da, xristian dünyasından gələn bəlalar Ermənistan və Gürcüstandan yan keçib, amma Azərbaycandan yan keçə bilməyib. Həmin ölkələrin əlifbasına, adlarına, soyadlarına toxunulmayıb, əksinə, onlara şərait yaradılıb. Sovet zamanı hakimiyyət qurumlarında daha çox ermənilərin iştirakına şərait yaradılıb, azərbaycanlı ziyalılar isə repressiyanın hədəfində olub. Ona görə də, 1920-ci illərdən başlayaraq hər il minlərlə ziyalımızı məhv ediblər, sonrakı ildə başqa dəyərləri məhv ediblər, sonrakı ildə kitab soyqrımı, daha sonra abidələrimizin soyqrımı. Bu proses 1950-ci ilə qədər davam edib. Bəlli dövlətlər Qafqazda türklərin kökünü kəsmək istəyib, nəticədə Azərbaycan bölündü, dağıldı. Təsəvvür edin ki, axsıka türkləri II Dünya Müharibəsinin başa çatmasına bir neçə ay qalmış, 1944-cü ilin dekabrında 3-4 saat ərzində sürgün edildi. Beləcə Azərbaycanı Borçalı üzərindən Türkiyəyə bağlayan bir bağlantı məhv edildi. İndiyə qədər də axsıka türkləri didərgin yaşayır. Bunların hamısı müəyyən insanların mənəvi düşüncəsində iz buraxıb. Sovet dövründə ziyalılar repressiya qurbanları oldu, yerdə qalanlar da Stalin qorxusundan adımızı, əlifbamızı “dəyişək” deyirdi. Yəni yuxarıdan təklif gələn kimi dərhal hə deyirdilər. Ancaq mən bir məqamı açıqlayım. Səməd Vurğun Stalinin qarşısında Azərbaycan şerini oxuyanda Çadırasız, Boyasız Türk Qızları deyirdi. Görəsən Səməd Vurğun Azərbaycan tarixini, bu milləti çox tanıyırdı, yoxsa Arif Rəhimzadə? Bu əslində bir sistemdir. Bu sistemin başında xaricdə erməni yanlıları dayanır. Azərbaycana bir Qarabağ cəbhəsi açılıb, bir də mənəvi-psixoloji cəbhə açılıb. Bunun da mahiyyətində o durur ki, biz millət deyilik, gücümüz yoxdur, türklər belədir və s. Yəni geniş bir cəbhədə savaş gedir.
– Konkret nəyi nəzərdə tutursunuz?
– Baxın, Babəkə qarşı savaş gedir. Sabah Şah İsmayıl Xətaiyə qarşı bu iş başlayır. Sanki Azərbaycan dövlətini təkzib etmək istəyirlər. Sanki bu şəxsiyyətlər kommunist olmalı və ya kommunistlər kimi düşünməli idi. O dövrün şərtləri fərqli idi. Babək 25 il Azərbaycan torpaqlarını qoruyub, imkan verməyib işğala məruz qalsın. Şah Xətaini götürək. Durub deyirlər ki, Xətainin anası trabzonlu idi, yunan idi, Xətainin damarlarında xristian qanı axırdı. Əslində həmin dövrdə müttəfiq, dost olmaq, düşməni neytrallaşdırmaq üçün nigah diplomatiyası dəbdə idi.
İkincisi, yunan gəlib müsəlman dinini qəbul edirdi. Xətai Ərdəbildə şeyx ocağının yetirməsi idi. Şeyx ocağının yetirməsinə hansı kənardan gəlmə qan təsir edə bilərdi? O, sistemli təhsil almışdı, başında 10 minlərlə mürid var idi. Bu gün Türkiyə ələviləri içərisində Xətaini az qala imam səviyyəsində görən minlərlə insan var. Azərbaycanda isə qəfildən tarixi şəxsiyyətlərə hücum başlayır. Məqsəd nədir? Xətaini hətta ədəbiyyatdan çıxarsan belə, onun bir sərkərdə olaraq Azərbaycan torpaqlarını genişləndirmək siyasəti əvəzsizdir. Xətainin Sultan Səlimlə problemləri olsa da, onun atasına babam deyirdi, bir millətdən olduqlarını dərk edirdilər. Sadəcə bəzən siyasi maraqlar onları üz-üzə gətirirdi. Bu gün də Türkiyədə üz-üzə gələn qüvvələr var və ya Azərbaycanda qardaş-qardaşla savaşır. O zamanda hakimiyyət uğrunda mübarizə gedirdi. Belə hallara görə tarixi şəxsiyyətlər üzərindən xətt çəkmək, düşmən elan etmək gülünc bir şey olardı.
– Amma belə hallar var…
– Azərbaycan dili məsələsi ilə bağlı Heydər Əliyevin yanında müzakirələr gedirdi. Mən onda dedim ki, cənab prezident, siz Hüseyn Cavidin cənazəsini Sibirdən gətirib Naxçıvanda ona məqbərə ucaldan şəxssiniz. Siz repressiya qurbanının haqqını özünə qaytardınız. Bizim dilimizin adı da repressiyalara uğrayıb, onun da qaytarmaq lazımdır. Heydər Əliyev dedi ki, ictimarəyi öyrənir. İctimai rəyi də müxtəlif qüvvələr yaradır. Moskvanın, Avropanın təsiri var. Öz içimizdə bolşevik təhsili alan, rus məktəblərini oxuyan, amma tariximizi bilməyənlər var. Özündən, tarixindən xəbərsizlər əlbəttə başqalarının təsiri altına düşə bilir. Həmin adamlar eynən 1930-1950-ci illərdə yaşanan repressiyalar zamanı olsaydı, bu millətin bir ziyalısını sağ qoymazdı. İndi yanıb tökülürlər ki, niyə əlimizdə imkan yoxdur ki, türk deyənlərin dilini boğazından qoparım. Bu tərbiyəni alan adamlar var və onlar cilddən cildə düşür. Onlar millətçilərin yanında millətçi, sosial demokartların yanında solçudur. Beləcə haldan hala düşərək bəzən parlamentə yol tapa bilirlər. Sonra da xislətlərini göstərirlər. Bir ara deyirdilər ki, türklər gəlib burada yerli xalqın kökünü kəsiblər, assimilyasiya ediblər. Əgər bunu etsəydilər udini də edərdilər, dağın başındakı Xınalığı da assimilyasiya edərdi. Axı bu elə deyil. Azərbaycan yer adıdır. Azsaylı xalqlarla biz türklər bərabərik. Biz min illərdir ki, qardaşcasına burada yaşayırıq. Burada türkçülüyün tarixinin azı 4-5 min yaşı var. Biz indiyə qədər birgə yaşamışıq və bundan sonra da yaşayacağıq. Biz dövlət millətçiliyi bayrağı altında hamımız birik, azərbaycanlıyıq. Amma hamı da ənənəsini, soykökünü, dilini qoruyub saxlayır. Amma müxtəlif zəhərli bulaqlardan su içənlər indi ağızlarını açan kimi deyirlər ki, biz başqa xalqıq. Bu cəfəngiyyatdır və həm də məhkəməlik işdir. Burada yaşayan, bu torpağın suyunu, çörəyini yeyən 100 təmiz türk məhkəməyə müraciət edər ki, kimsə özünü başqa millətdən hesab edirsə, etsin, amma millətimizin adını necə dəyişə bilər? Axı sən kimsən, Beryasan, Mikoyansan, Stalinsən, kimsən?

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button