2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Sahibkar da, vətəndaş da torpağı icazəsiz götürür

Bunun üçün qanunda 40 min manatadək cərimə və cinayət məsuliyyəti var
Qanunsuz obyekt, villa tikənlər, yolun ortasında bina ucaldanlar cəzasız qalır
Əmlak Məsələləri Dövlət Komitəsi torpaqlardan səmərəli istifadə ilə bağlı Bakı və regionlarda monitorinqlər keçirib. Bizimyol.info xəbər verir ki, monitorinqlər zamanı torpaqların təyinatına istifadə olunmamasına dair xeyli sayda fakt aşkarlanıb.

Qeyd edək ki, sözügedən monitorinqlər əsasən torpaqların təyinatına zidd istifadəsi, zəbt olunması, kateqoriyasının dəyişdirilməsi, boş və istifadəsiz saxlanması, münbit qatının korlanması, mühafizə zolaqlarında qanunsuz tikintilərlə bağlıdır. Məqsəd nəzarət tədbirləri vasitəsilə torpaq ehtiyatlarından səmərəli, qənaətli və təyinatına uyğun istifadəni, həm də iddia edildiyinə görə, dövlətin və vətəndaşın torpaq mənafelərini təmin etməkdir.
Hökməlidə, Müşviqabadda əkin yerləri zəbt olunub
 
Dekabrın 8-də torpaq müffətişləri Bakı-Şamaxı avtomobil yolunun Hökməli-Müşviqabad hissəsində monitorinqlər keçirib. Monitorinq zamanı hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli təyinatının və kateqoriyasının özbaşına dəyişdirilməsi faktları aşkarlanıb. Belə torpaqlarda qanunsuz tikinti işlərinin aparılması və əlavə torpaq sahəsinin zəbt olunması halları müəyyən edilib.
Monitorinq zamanı aşkar olunmuş pozuntu halları ilə bağlı İnzibati Xətalar və Cinayət Məcəlləsinin müvafiq maddələri ilə akt və protokollar tərtib olunub. Bu akt və protokollar pozuntuya yol vermiş fiziki və vəzifəli şəxslərə təqdim edilib. Tətbiq olunmuş cərimələrin 30 gün müddətində büdcəyə ödənişinin məcburiliyi, əks halda qanuna uyğun tədbirlərin görüləcəyi vətəndaşlara bildirilib.
İstismar edilən 200 min ha torpaq geri qaytarılacaq
Komitədən bildirilir ki, indiyədək keçirdiyi belə monitorinqlərin nəticəsi olaraq istifadədən kənarda qalmış, eləcə də səmərəsiz istismar olunan 200 min hektara yaxın torpaq sahəsinin geri qaytarılması istiqamətində işlər aparılır.
Ümumilikdə, keçirilən monitorinqlər nəticəsində İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən 1000-dən çox fakt üzrə inzibati xətaya yol verimiş fiziki, hüquqi və vəzifəli şəxslər barədə inzibati protokollar tərtib edilib. Bunlardan 900 hal üzrə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək cərimələr tətbiq olunub. Aşkar edilmiş pozuntular əsasən kənd təsərrüfatı torpaqlarının təyinatının məqsədli şəkildə dəyişdirilməsi, dövlət və bələdiyyə torpaqlarının qeyri-qanuni zəbt olunması, süni balıq göllərinin salınması, daş karxanalarının fəaliyyəti, mühafizə zolaqları ilə bağlı qanunvericiliyin tələblərinin pozulması, torpaqların üst münbit qatının korlanması ilə bağlı olub.
İddia: mühafizə zolaqlarında qanunsuz tikintilər dayandırılıb
Bu tədbirlər nəticəsində respublikada torpaq sahələrinin istifadəsiz saxlanması, müxtəlif ərazilərdə, xüsusilə paytaxt rayonlarında özbaşına zəbtetmə, eləcə də mühafizə zolaqlarında tikintilərin aparılması halları aradan qaldırılır. Belə torpaqlarda təyinatına zidd və bəzən heç bir sənəd olmadan müxtəlif məqsədli tikintilərin aparılmasının və torpaqların üst münbit qatının korlanmasının qarşısı alınır. İstifadəsiz torpaqların dövlət mülkiyyətinə geri qaytarılması və dövriyyəyə buraxılması istiqamətində də proses davam etdirilir. İndiyə kimi görülən tədbirlər nəticəsində kənd təsərrüfatına yararlı torpaq sahələri dövlət mülkiyyətinə qaytarılıb yenidən təyinatına uyğun istifadəyə verilməsi ilə belə torpaqların ümumi həcmi artıb.
Qeyd edək ki, torpaqdan düzgün istifadəsi büdcəyə daxilolmaların artmasına gətirib çıxarar. Eyni zamanda, torpaqdan qanunauyğun şəkildə gəlir məqsədilə istifadə respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində fermerlərin, torpaq sahibləri və istifadəçilərinin sosial rifahına da müsbət təsir göstərər və məşğulluq səviyyəsini artırar.
40 min manatadək cərimə
 
İnzibati Xətalar Məcəlləsinin 247-ci, “Torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsi” maddəsinə görə, fiziki şəxslər üç yüz manat, vəzifəli şəxslər altı yüz manat, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir. Sözügedən xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə cərimə beş yüz manatdan beş min manatadəkdir. Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri ilə bağlı tələblərin pozulmasına, yəni həmin torpaq sahələrinin müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan hasara alma yolu ilə və ya digər üsullarla bağlanılmasına; torpaq sahəsinin müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə hasara alma yolu ilə və ya digər üsullarla bağlanılması zamanı Torpaq Məcəlləsində nəzərdə tutulmuş hasarlanma və bağlanma üçün istifadə edilən tikinti konstruksiyalarının dənizin və onun sahilində su ilə qurunun təmas xəttinin görünməsinin və ya dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılmasına, yaxud həmin hasar və ya tikinti konstruksiyasının uzunluğunun hər 200 metrindən bir dövlət sərhədinin mühafizəsinin təmin olunması məqsədi ilə eni 6 metrdən az olmayaraq sahilə birbaşa keçidin təmin olunmamasına; dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı olmadan həmin torpaq sahəsində dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılmasına görə fiziki şəxslər dörd min manat, vəzifəli şəxslər səkkiz min manat, hüquqi şəxslər qırx min manat məbləğində cərimə edilir.
6 ilədək azadlıqdan məhrumetmə
 
Cinayət Məcəlləsinin 222-2. maddəsinə əsasən, müvafiq icazə almadan mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparmağa görə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Özbaşına tikinti işləri aparma da üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bir də cəzasızlıq sindromu
 
Hər halda məcəllələrdə belə yazılır. Amma hər gün çevrəmizdə təzə-təzə qanunsuz tikililərlə rastlaşırıq. Komitə mərkəzdən kənarda əhaliyə cərimə və cəza kəsir. Qanunsuz obyekt, villa tikənlər, yolun ortasında bina ucaldanlar cəzasız qalır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button