2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Şahid: Vüsal Ələkbərovun rüşvət almasından xəbərim olmayıb

Keçmiş MTN əməkdaşı hakimə etiraz etdi

Saytların yığılması Saytlarin yigilmasi

Martın 31-də Bakı Hərbi Məhkəməsində sahibkarlara hədə-qorxu gəlməkdə, onların külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Zərərçəkənlər prezidentə məktub yazıb

Meydan TV-nin məlumatına görə, hakim Siyavuş Hacıyevin sədrlik etdiyi prosesdə zərərçəkmişlərin prezident İlham Əliyevə, Birinci vitse-prezidenti Mehriban Əliyevaya, Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova, ədliyyə naziri, məhkəmə hüquq şurasının sədri Fikrət Məmmədova, dövlət təhlükəsizlik xidmətinin rəisi Mədət Quliyevə və Ali Məhkəmənin sədri Ramiz Rzayevə ünvanladıqları müraciətlə bağlı məhkəməyə məktub daxil olduğunu bildirib.

Hakim deyib ki, həmin məktub məhkəməyə Ali Məhkəmədən daxil olub: 

“Zərərçəkmişlər müracətlərində MTN-nin Baş İstintaq İdarəsinin rəisi olmuş Mövlam Şıxəliyev və “Texnikabank”-ın rəhbəri olmuş Etibar Əliyevin əsl təqsirkarlar kimi cinayət məsuliyyətinə cəlb edilnməsinə göstəriş verilməsini xahiş ediblər. Həmin məktubun sürəti məhkəməyə göndərilib. Məktubda qeyd olunanların araşdırılmasını istəyirlər. Biz də həmin məktubları cinayət işinə əlavə edirik və məhkəmə iclasında araşdırılacağı barədə qərar qəbul edirik”.

“Bu şahid yeganə olaraq mənim xeyrimə ifadə verib”

Daha sonra hakim bildirib ki, zərərçəkmiş Akif Qurbanovun epizodu üzrə şahid Rövşən Hüseynov məhkəməyə teleqram vurub. O, Dövlət Təhlükəsizlik Xidmətində işlədiyini, işi ilə bağlı məhkəməyə gələ bilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləndiyini bildirib.

Hakim onun istintaqa verdiyi ifadəsinin elan edilməsini istəyib. Amma Vüsal Ələkbərov buna etiraz edib: “Bu şahid yeganə olaraq mənim xeyrimə ifadə verib. Onun məhkəməyə çağırılmasını, burada ifadə verməsini istəyirəm. Bu şəxs müstəntiqdir, Akif Qurbanovun işini aparıb. Çox həqiqəti deyə biləcək. Bu şahidin ifadəsi elan edilsə, digər müstəntiqlərdı məhkəməyə gəlməyəcəklər. Akif Qurbanovun epizodu dövlətin mənafeyinə xələl gətirən bir məsələdir. Bununla bağlı müstəntiq Rövşən Hüseynova suallarım var”.

Hakim bildirib ki, təqsirləndirilən şəxsin dediklərinin işə heç bir adiyyatı yoxdur. Hakim ifadəni elan etmək istəyən zaman Vüsal Ələkbərov “tələsmə”, -deyə hakimə müraciət edib.

Bu zaman hakim tələsmədiyini, obyektiv məhkəmə araşdırması apardığını deyib. Hakimin cavabına təqsirləndirilən polkovnik belə cavab verib:

“Hörmətli hakim, burada mənim takeyim həll olunur, tələsmək lazım deyil. Heç mən özüm də tələsmirəm. Məni qarşıda 15 il həbsxana həyatı gözləyir. Məhkəmənin də tələsməməsini istəyirəm”.

Vəsatət təmin edilmədi

Vüsal Ələkbərov daha sonra qeyd edib ki, məhkəmə tərəfindən onun vəsatətləri təmin edilməyib: “Yalnız məhkəmə iclaslarının protokolları ilə tanış olmağım barədə verdiyim vəsatət təmin edilib, həmin protokollarla tanış olmağa şərait yaradılmayıb. Burada ədalətli məhkəmə araşdırmasının aparılmasını istəyirəm”.

Hakim deyib ki, məhkəmə iclaslarının protokolları hazırdır, təqsirləndirilən şəxs istənilən vaxt həmin protokollarla tanış ola bilər.

Vüsal Ələkbərov həmçini hakimdən məhkəməyə indiyə kimi təqdim etdiyi ərizə və vəsatətlərin sürətini istəyib. Hakim həmin ərizə və vəsatətlərin sürətinin ona veriləcəyini deyib.

Sonra Vüsal Ələkbərov barəsində seçlimiş həbs-qətimkan tədbirinin alternativ cəza ilə əvəz edilməsi barədə vəsatət verib.

Hakimlər vəsatətin təmin edilməməsi barədə qərarı açıqlayandan sonra Vüsal Ələkbərov prosesə sədrlik edən hakimlərə etiraz verilməsi barədə vəsatət vermək istəyib. Bu zaman hakim deyib ki, prosesə şahid gəlib, onu dindirəndən sonra vəsatət verilə bilər. Bu zaman Vüsal Ələkbərov hakimlərə etirazını bildirib. O, arxasını hakimlərə çevirərək onun zaldan çıxarılmasını tələb edib. Üzü divara dayanan Vüsal Ələkbərov hakimlərə etirazını belə bildirib: 

“Vəsatətlərimi təmin etmirsiz, hüquqlarımı pozursuz. Buna görə də prosesə sədrlik edən hakimə etiraz edirəm”.

Mübahisədən sonra hakimlər Vüsal Ələkbərovun hakimlərə şifahi verdiyi etiraz müzakirə olunub. Prokuror bildirib ki, etirazın təmin edilməsi üçün əsas yoxdur. Prokuror xatırladıb ki, etirazın verilməsi yazılı olmalıdır: “Vüsal Ələkbərov həbsxana həyatı yaşayır, onun vəziyyəti başa düşüləndir. Ona görə də şifahi verdiyi etiraz da müzakirə edilə bilər. Amma etirazın verilməsində konkret əsaslar olmalıdır. Vəsatətlərin təmin edilməməsi hakimə etirazın verilməsi kimi qiymətləndirmək olmaz. Buna görə də etiraz kifayət qədər əsaslandırmayıb. Etirazın baxılmamış saxlanımasını xahiş edirik”.

Müşavirə keçirən hakimlər etirazın əsaslı olmadığı nəticəsinə gəliblər və təmin edilməməsi barədə qərar qəbul ediblər.

“Zal Yusifov bankın kasasından oğurluq edərək onlara pul verib”

Daha sonra iclasda Etibar Əliyev ifadə verib. O bildirib ki, bu işdə zərərçəkmişlərdən Vüsal Ələkbərovun rüşvət almasından xəbəri olmayıb:

“Zərərçəkmişlərin batmış pulları ilə bağlı mübahisəli məsələ olub. Həmin məsələdə məhkəmələrdə baxılıb və hüquqi qiymətini alıb. Sonradan bilmişəm ki, Hüseyn Səfərov, Nizami Kazımov, Namil Rzayevin bankın “Bakı” filialının rəhbəri olmuş Zal Yusifovla münasibətləri olub. Zal Yusifov həmin şəxslərin inamını qazanıb və pullarını ələ keçirib. Zal Yusifov Hüseyn Səfərova deyib ki, gəl birlikdə bank açaq, Hüseyn Səfərov da qohumlarından pulları yığaraq Zal Yusifova verib. Sonradan Zal Yusifov bankın kasasından oğurluq edərək onlara pul verib. Həmin vaxt mən məzuniyyətdə olmuşam. Bunu eşidən də dərhal işə çıxdım və araşdırma aparandan sonra Zal Yusifovu işindən kənarlaşdırdıq. Zərərçəkmişlərin pulları bankın balansına otuzdurlmayıb və həmin pullar Zal Yusifov tərəfindən mənimsənilməsini zərərçəkmişlərə izah etdim”.

“Zərərçəkmişi ittiham edə bilməzsiz”

Etibar Əliyev qeyd edib ki, zərərçəkmişlərin pulları banka qoyması, əmanət kitabçaları almaları barədə dedikləri də yalandır. Sonra Etibar Əliyev zərərçəkmiş Hüseyn Səfərovu ittiham edib: 

“Bu şəxsin barəsində olan cinayət işinə xitam verilməsini əleyhinəyəm. Onun barəsində yenidən cinayət işi başlanması üçün qərardad qəbul edilməsini, həmin qərardadın Baş Prokurorluğa göndərilməsini istəyirəm”.

Bu zaman Hüseyn Səfərovla Etibar Əliyevin arasında mübahisə yaranıb. Hakimlər Etibar Əliyevə etirazlarını bildiriblər: “Şahid məhkəmədə ifadə verməlidir, səlahiyyətlərini aşmamalıdır. Burada zərərçəkmişi ittiham edə bilməzsiz”.

Sonra suallara cavab verən Etibar Əliyev MTN-nin rəhbəri olmuş Eldar Mahmudovla əlbir olması barədə səslənən fikirlərə münasibəti belə olub: “Mən Eldar Mahmudovla necə əlbir ola bilərəm? Mənim özümüm də həbs etmişdilər”.

“Həmin vaxt həbsdə olmuşam”

Bankın “Sumqayıt” filialının rəhbəri olmuş Müssənif Salahovdan hədə-qorxu yolu ilə 600 min manatın alınması barədə xəbərsiz olduğunu deyən Etibar Əliyev bildirib ki, həmin dövrdə özü də həbsdə olub. O, digər zərərçəkmiş iş adamı Akif Qurbanovdan 1 milyon manat hədə-qorxu yolu ilə alnması barədə suallara da cavab verib: “Mən Akif Qurbanovla yaxın olmuşam. Həbsdən çıxandan sonra Akif Qurbanovla bu barədə danışmışıq. Akif mənə dedi ki, hansısa toyda Mövlam Şıxəliyevlə rastlaşıb, həmin vaxt Mövlam Şıxəliyevdən məni soruşub. Bu zaman Mövlam Şıxəliyev Akifə kobud cavab verib, məni də təhqir edib. Akif Qurbanovun dövlət əleyhinə çağırışlar etməsinə inamıram. O, sadə iş adamı olub. Bir də bu dövlətin ərazisində iş görüb, pul qazanır, daha niyə dövlət əleyhinə çağırışlar etsin? Onunla bağlı deyilənlər həqiqəti əks etdirmir”.

Daha sonra Hüseyn Səfərovun bankda sərhəd qoşunlarının 8 milyon manat vəsaitinin batması barədə sualına Etibar Əliyev belə cavab verib: “Bu cəfəngiyyatdır. Sərhəd qoşunlarının bankda, ümumiyyətlə, pul vəsaiti olmayıb”. 

Hüseyn Səfərov qeyd edib ki, MTN Etibar Əliyevin özünü də pis vəziyyətə salıb, həbsdən çıxması üçün banklardan külli miqdarda pul götürərək, onlara verib, indi də hər ay banklara 250 min manat kredit ödəyir. Etibar Əliyev Hüseyn Səfərovun dediklərinə qəzəblənib: “Banka krediti mən ödəyirəm, sənə nə dəxli var?”

Daha sonra Vüsal Ələkbərov zərərçəkmiş və şahidlərin ifadələrinin yerində yoxlanması zamanı çəklmiş fotoların ona verilməsi barədə vəsatət verib. Hakim vəsatəti təmin edib və fotoların sürətlərinin ona veriləcəyini deyib.

Proses aprelin 7-də davam edəcək. 

İttihama görə, V.Ələkbərov Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 294.3-cü (sübutları saxtalaşdırma, ağır və ya xüsusilə ağır cinayətlər haqqında cinayət işi üzrə sübutları saxtalaşdırma, habelə digər işlər üzrə sübutların saxtalaşdırılması ağır nəticələrə səbəb olma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham edilir.

İttihama əsasən, təqsirləndirilən şəxs iş adamlarını MTN-ə gətirib, hədə-qorxu yolu ilə onların külli miqdarda pulunu ələ keçirib.

Həbsdə olan V.Ələkbərova məxsus olan və həyat yoldaşı Şəhla Ələkbərovanın adına rəsmiləşdirilmiş Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 0,18 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 164, mənzil 42 ünvanında yerləşən mənzilin üzərinə həbs qoyulub. Üzərinə həbs qoyulan əmlakların ümumi dəyəri 1.277.000 manat dəyərində hesablanıb.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button