Loading...
Loading...
SEÇMƏ

Şahmar Vəliyevin adı keçən 1 milyon dollarlıq dələduzluq işi: prokuror 12 il həbs istədi

Yayımlandı: 26 Avqust 2022 14:23

“Hər şeyimi əlimdən aldı – evimi, maşınımı, bağımı…”

Hərbi prokuror Xanlar Vəliyevin və Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin qardaşı Şahmar Vəliyevə qarşı dələduzluqda ittiham olunan Cəfər Əliyevin işi üzrə məhkəmə istintaqı başa çatıb. Avqustun 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror Cəfər Əliyevə 12 il həbs cəzası verilməsini istəyib.

Cəfər Vəliyevin vəkili müdafiə çıxışına hazırlaşmaq üçün vaxt istəyib. Ona sentyabrın 9-na qədər vaxt verilib.

Bu cinayət işində 5 nəfər zərərçəkmiş qismində tanınıb, biri də Şahmar Vəliyevdir. Onlardan ümumilikdə 1 milyon dollardan çox pul alındığı iddia olunur. Bunun da təxminən yarısı – 580 min dolları Şahmar Vəliyevindir.

Dələduzluqda ittiham olunan Cəfər Əliyev isə kimsəni aldatmadığını deyir. O, məhkəmədə ifadə verərkən əksinə, Şahmar Vəliyev tərəfindən aldadıldığını, evi, maşını, bağı – nəyi vardısa, hamısının əlindən alındığını bildirib.

Cəfər Əliyevin sözlərinə görə, o, plastik boru istehsalı üçün lazım olan material (“kroşka”) biznesi ilə məşğul olub. Həmin məhsullar İrandan gətirilirmiş. Oradan göndərən isə Əkbər adı İran vətəndaşı olub.

Cəfər Əliyevin sözlərinə görə, hazırda iş üzrə zərərçəkmiş qismində tanınan şəxslər – Şahmar Vəliyev, Elnur Qəhrəmanov, Sadıq Yusifov, Vaqif Rzaquliyev və Əkrəm Əliyev ona “kroşka” üçün pul verib. O da hər dəfə İrandan malı gətirdib, onlara çatdırıb. Lakin sonuncu dəfə pulları Əkbərə göndərsə də, o, “yoxa çıxıb” və zənglərə cavab verməyib. Cəfər Əliyev deyir ki, Əkbəri çox axtarsa da, tapa bilməyib. Pul sahibləri isə ondan tələb etməyə başlayıb. Bir müddət sonra ondan şikayətçi olublar.

Cəfər Əliyev vurğulayıb ki, Şahmar Vəliyevə dəymiş ziyanın əvəzi ödənilib:

“Şahmar Vəliyev nortarial qaydada işçisi ilə mənim aramda borc müqaviləsi bağlatdırdı. Guya mən ondan 550 min dollar borc almışam. Halbuki, belə bir şey olmayıb. Sonra da o müqavilə ilə məni məhkəməyə verib, o pulu tələb elədilər. Yönləndirdilər əmlakıma. Şahmar Vəliyev hər şeyimi əlimdən aldı – evimi, maşınımı, bağımı…”

Şahlar Vəliyev məhkəmə iclaslarına gəlmir, öz vəkilini göndərir. Vəkili Cəfər Əliyevə qarşı şikayətçi olduqlarını, ondan 580 min dolları tələb etdiklərini bildirib.

Şahmar Vəliyev və ailəsinin Mingəçevirdə “Azneftemaş” ASC, Yevlaxda mərkəzi bazar, Bakıda “Bakı Mexanikləşdirmə-1” ASC, “Rusel Plaza” və başqa böyük obyektləri var.

Meydan TV

Gözdən qaçırmayın:  Ukraynaya hərbi müdaxilə: 377 uşaq həlak olub, 733 uşaq yaralanıb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button