Now Reading:
Saleh Rüstəmov: “Elə işgəncələr verirdilər ki, burada demək istəmirəm”

Saleh Rüstəmov: “Elə işgəncələr verirdilər ki, burada demək istəmirəm”

Saleh Rüstəmov

Sabiq icra başçısı Saleh Rüstəmov və digər təqsirləndirilən şıxslər işgəncələr görüklərini bildiriblər: “Qardaşım oğlunun səsini qışqırtısından tanıdım”

AXCP-yə və partiyanın sədri Əli Kərimliyə pul göndərməkdə ittiham edilən Gədəbəy rayonunun keçmiş icra başçısı, 20 ildir Rusiyada yaşayan və bu ölkənin vətəndaşı olan Saleh Rüstəmov yanvarın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verib. Bildirib ki, onu mayın 8-də qardaşı Taleh Rüstəmov və onun həyat yoldaşı Rəsmiyyə Rüstəmova ilə birlikdə maşınla gedərkən Şəmkirdə saxlayıblar. Maşından düşürülüb, döyülə-döyülə Şəmkir Rayon Polis Şöbəsinə aparıldığını, orada gödəkçəsinin cibinə polislərin özləri tərəfindən heroin atıldığını deyən S.Rüstəmovun sözlərinə görə, onu qadınlı-kişili bütün qohum-əqrəbasını da tutub polis şöbəsinə gətirməklə hədələyiblər. Bundan sonra o, Şəmkir polisində şübhəli şəxs qismində saxlanması, baxış zamanı üzərindən 30 qram heroin tapılması barədə protokolu imzalayıb.

S.Rüstəmov bildirib ki, onu Şəmkirdə saxlayan 30-a qədər polisin əksəriyyəti Bakıdan – Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsindən gələnlər olub. Elə tutulandan az sonra polis şöbəsində ona eşitdiriblər ki, həbsinin əsl səbəbi başqadır.

Ona dövlət hesabına vəkil təyin olunması haqda danışan S.Rüstəmov bildirib ki, Şəmkirdə polis şöbəsində Bakıdan gələn polislərdən biri otaqdakı panamalı kişinin başının arxasına zarafatyana vurub: “Boynunun ardından birini vurdu, dedi ki, bu da sənə vəkil. Həmin adamın başındakı panama da düşdü yerə. Heç danışmadı deyə bilmədim ki, vəkil idi, yoxsa yox”.

Onun sözlərinə görə, Şəmkirdə tutularkən üzərində olan əşyalarıyla yanaşı, 7 min rus rublu, 1000 manat və 50 dollar pulunu götürüblər. O pullardan ancaq 50 dolları qaytarıblar.

Təqsirləndirilən sabiq icra başçısı bildirib ki, Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə gətirib, narkotik ittihamıyla barəsində dörd aylıq həbs-qətimkan tədbiri seçiləndən sonra onu istintaq təcridxanasına aparmayıblar, idarəyə qaytarıblar. Yenə də onu bütün nəslini həbs etməklə hədələyiblər, hətta bacısının fotosunu göstəriblər, yaşadığı evin ünvanını deyiblər: “Mənə dedilər ki, müxalifətə pul ötürürsüz, mitinqləri maliyyələşdirirsiz. Başla, bütün bunlar barədə danış. Moskvada yaşayan bir neçə azərbaycanlı oliqarxın adlarını çəkdilər. Aralarında Abbas Abbasov, İsgəndər Xəlilov, Vaqif adlı biri və adını çəkmədiyim daha iki nəfər vardı. Onlara izah eləməyə çalışırdım ki, bu adamların heç üzünü görməmişəm”.

Moskvada kiçik sahibkarlıqla – ayaqqabı satışıyla məşğul olduğunu söyləyən S.Rüstəmov bildirib ki, Azərbaycan Xalq Cəbhəsinin üzvü olub, 1998-ci ildən Rusiyaya köçüb. Uzun illər üzvü olduğu təşkilata qarşı içində rəğbət hiss olduğunu vurğulayan S.Rüstəmovun sözlərinə görə, o, Xalq Cəbhəsindən olan siyasi məhbusların ailələrinin ağır durumunu eşidəndə buna biganə qalmaq istəməyib. Böyük övladı ağır xəstə, ikinci oğlu isə universitetdə təhsil aldığından qazancı öz ailəsinin dolanışığına çatsa da, siyasi məhbus ailələrinə əlindən gələn yardımı göstərməyi özünə borc bilib. Dediyinə görə, bəzən 300, bəzən 400, bəzən 500 dollar yardım göndərib ki, siyasi məhbus ailələrinə çatdırılsın. Sonradan başqa azərbaycanlılar da bu təşəbbüsə qoşulub. S.Rüstəmovun satıcısının adına bir bank hesabı açılıb, azərbaycanlılar göndərəcəkləri vəsaiti ora köçürüblər.

S.Rüstəmov deyir ki, şəffaflıq üçün bank hesabı açmaq qərarına gəliblər. Ümumilikdə 12 azərbaycanlı bu işdə iştirak edib və siyasi məhbuslar üçün göndərdikləri ən çox məbləğ 1200 dollar olub.

Lakin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində ondan hər ay Əli Kərimliyə 25-30 min dollar göndərməsi barədə ifadəyə imza atmağı tələb ediblər. Onun sözlərinə görə, işgəncələr nəticəsində belə ifadə verib: “Elə hərəkətlər edirdilər, elə işgəncə verirdilər ki, burada danışmaq istəmirəm. Çünki qohumlarım buradadır, eşidib əzab çəkməsinlər. Orada elələri var ki, sanki xüsusi saxlayırlar, onlarda insan sifəti yoxdur. Lazım olan kimi onları çağırırlar, gəlirlər. Nələr eləmirlər… Döymək nədir ki… Adamın üzünə tüpürürlər, ən pis ifadələri işlədirlər. Axırda dedim ki, nə istəyirsiz yazım, deyim, ancaq o adamları çağırmayın. Qohum-əqrəbaya da dəyməyin. Çünki qardaşım oğlu Vidadinin səsini onun qışqırtısından tanımışdım. Ayda 25-30 min dollar göndərilməsi barədə ifadə istəyirdilər. Özləri də dedilər ki, bilirik gerçək vəziyyət necədir, amma təbliğat üçün belə lazımdır. Halbuki bizim göndərdiyimiz ümumi məbləğ 10 min dolları ya keçə, ya keçməyə”.

S.Rüstəmov onu da bildirib ki, bu işin istintaqını aparanlar Moskvaya gedib, ona qarşı sübut axtarıblar, lakin heç nə tapmayıblar.

Məhkəmə yanvarın 25-nə qədər təxirə salınıb.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayaraq, S.Rüstəmov, onun qardaşı oğlu Vidadi Rüstəmli, AXCP funksionerləri Babək Həsənov, Aqil Məhərrəmli və Ruslan Nəsirlini cinayət yoluyla əldə olunmuş vəsaitlərin leqallaşdırılmasında ittiham edib. İddia olunur ki, S.Rüstəmov Rusiyadan AXCP-yə pul göndərib, həbs edilmiş cəbhəçilər də həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırıblar. İttihamda söhbət 412 min dollardan gedir.

Lakin S.Rüstəmov da, cəbhəçilər də ittihamı rədd edir. AXCP üzvləri də həbs olunduqdan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldıqlarını bildirib, bununla əlaqədar prokurorluğa, məhkəməyə şikayətlər göndəriblər. Yerli məhkəmələr şikayətləri təmin etmədiyindən onlar Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediblər.

24saat.org xəbəri Meydan TV-yə istinadən təqdim edir

Input your search keywords and press Enter.