24saat.org "Samuxa icra başçısı Alı Qocayevlə görüşməyə gedirdim" - 24 saat

AZ24SAAT.ORG

Now Reading:
“Samuxa icra başçısı Alı Qocayevlə görüşməyə gedirdim”

AzTV sədrinə qarşı sui-qəsd ittihamı üzrə məhkəmədə yenidən gərginlik yaşandı

Bakı Ağır Cinayətlər Məhkəməsində AzTV sədri Arif Alışanov və yaxınlarını öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

24saat.org xəbər verir ki, hakim Əfqan Hacıyev sədrliyi ilə keçirilən prosesdə şahid qismində Rövşən Eynalov ifadə verib. O təqsirləndirilən Z.Şirinovun dayısı olduğunu, hadisə baş verən avtomobilin Şamaxı Rayon Polis İdarəsinə gətirikdiyini, ancaq maşının kimə məxsus olduğunu bilmədiyini deyib.
Şahid Ülvi Mirzəyev bildirib ki, Samux rayonunda Ş.Əkbərovun qızının evinin tikinti işləri ilə məşğul olub. İcra hakimiyyətinin işçisi olan Ü.Mirzəyev evin tikintisinə təxminən 80 min manat pul xərcləndiyini, tikintiyə həm Şücayət Əkbərov, həm də onun qızının qayınatası Ələddin tərəfindən köməklik edildiyini deyib. Şahod qeyd edib ki, həmin torpaq sahəsi Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev tərəfindən Ş.Əkbərovun qızına hədiyyə olunub. O suallara cavab olaraq bildirib ki, başçı evin tikintisi zamanı da tikinti materialı ilə köməklik göstərib.
O əlavə edib ki, evin açarlarını sonradan ondan Arif Alışanovun bacısı oğlu Dəyanət Cəfərov ondan alıb.
Şücaət Əkbərov isə bildirib ki, evi qızının ailəsi tikdirib: “Mən evin tikintisində iştirak etməmişəm. Samuxa icra başçısı Alı Qocayevlə görüşməyə gedirdim. Qalanda da oteldə qalmışam, heç vaxt o evdə yatmamışam”.
Digər şahid İsmət Abışov bildirib ki, Alışanovla yaxın dost olub. Zərərçəkmiş Dəyanət Cəfərov onu və Ş.Əkbərovu Gəncəyə “Aqrolizinq”dən texnika almağa aparıb. O, hər iki traktorun pulunun kassaya Dəyanət Cədərov tərəfindən ödənildiyini desə də, Ş.Əklbərov deyib ki, o, aldığı traktorun pulunu özü ödəyib: “Sadəcə növbə çox olduğuna görə, Alışanov öz adamı üçün xahiş edəndə onlarla getmişdim. Amma mən aldığım texnikanın pulunu özüm vermişəm.
Daha sonra Şamaxının Mədrəsə kəndinin bələdiyyə sədri olan Asif Bayramov ifadə verib. O, özünə aid 12 sot torpağı Ş.Əkbərova 5 min manat qiymətinə satdığını bildirib. Zərərçəkən Dəyanət Cəfərov ondan Mədrəsə kəndi ərazisində 8 hektar satlıq torpaq olub olmamasını soruşub. O bildirib ki, Şücaət Əkbərov ona kənddə çoxlu torpaq sahəsi olduğunu deyib.
Şahid isə bildirib ki, o qədər torpaq sahəsi bələdiyyədə yoxdur, ancaq sakinlərdən almaq mümkündür.
Məhkəmədə fasilə yaranıb. Fasilə zamanı Şücaət Əkbərov bildirib ki, istintaqda və məhkəmədə iş hərtərəfli və ədalətli araşdırılmır. “Dəfələrlə demişəm ki, Alışanov keçmiş kürəkəninin gəzdiyi qızla dağa gəlib və onu orada öldürüb. Bunu öz gözlərimlə görmeşəm. Məndən başqa Aqşin (təqsirləndirilən) və Lalə də görüb. Bir nəfər də başqa görən var, amam danışmağa qorxur. Bəs bunları niyə araşdırıb heç kimi tutmurlar?
Bu zaman təqsirləndirilən Ş.Əkbərov digər təqsirləndirilən A.Hüseynovun yaxınları və özləri arasında mübahisə düşüb. Bir-birinin ünvanına təhqiredici ifadələr işlədən tərəflərə hakim xəbərdarlıq edib və Aqşin Hüseynovla qardaşı məhkəmə zalından çıxarılıb.
Qısa fasilədən sonra şahid Habil Bayramov dindirilib. O söyləyib ki, Kürdəmirdə A.Hüseynova 4 hektar torpaq satıb. A.Hüseynov isə pulu Ş.Əkbərovun ona verdiyini, sadəcə, alqı-satqı zamanı orada iştirak etdiyini söyləyib. Aqşinin sözlərinə görə, Hacı Namazovun adından ona etibartnamə verilib və alqı-satqıda onun adından iştirak edib.
Qoşqar Kərimov adlı şahid isə Nağaraxana kəndində torpaq sahəsi satdığını deyib.
Şahid Yediyar Nazimov bildirib ki, Şamaxıda tikinti materialları mağazası işlədib. O suallara cavab olaraq bildirib ki, Şücaət Əkbərov onun müştərisi olub, ancaq materailları hansı məqsədlə aldığını bilməyib. Şahidin sözlərinə görə, bəzən Aqşin Hüseynov da ondan mal götürüb, pulunu isə sonradan Ş.0Əkbərov verib.
Daha sonra məhkəmədə şahid qismində iki qadının dindiriləcəyi elan olunub. Hakim həmin şahidlərin ifadəsi zamanı məhkəmənin qapalı keçirildiyini söyləyib.
Proses iyunun 13-də davam edəcək.
İttihama əsasən, Ş. Əkbərov Şamaxı və Kürdəmirdə torpaq sahələri almaq adı ilə A.Alışanovun təxminən 5 milyon manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirib. Bundan başqa, AzTV sədrinin həyatına bir neçə dəfə sui-qəsd cəhdi ediblər. Onun avtomobilini Ağsu aşırımında vurub dərəyə Barəsində , bu baş tutmadıqda Alışanovu gülləmək planları olub. Ş.Əkbərov 2013-cü ilin iyulundan 2017-ci ilin yanvarına qədər bu plan üzərində işləyib. O, tanışları Musabil Namazov, Qoçalı Cəbiyevə bu haqda danışıb, Qoçalının vasitəsilə Zöhrab Şirinovu tapıb, onunla razılığa gəlib. Q.Cəbiyevlə M.Namazova söz verilib ki, onlar bu işin əvəzində 600 min manat pul qazanacaqlar. Arif Alışanov ailə üzvləri ilə birlikdə Şamaxının Mədrəsə qəsəbəsindəki evinə gedəndə onu, qızı Nigarı və sürücüsünü öldürmək planlaşdırılıb. İş materiallarında yazılıb ki, sonradan M.Namazov bu cinayətdən könüllü olaraq imtina edib. Ona görə də bu işi başqa bir adama həvalə etmək qərarına gəliblər. Q.Cəbiyev tanışı Z.Şirinovu tapıb, ona bu işin müqabilində 100 min manat vəd olunub. Bu dəfə plan hazırlanıb ki, A.Alışanov bacısı oğlu Dəyanət Cəfərovla birlikdə maşınla Çuxuryurd- Şamaxı şosesində olanda onları yüksək sürətlə vurub dərəyə salsınlar. Avtomobilin markası, nömrəsi haqda da məlumat verilib. Amma Alışanov gözlənilmədən öz avtomaşınında yox, başqa bir avtomobildə gedib. Növbəti dəfə isə Q.Cəbiyev əvvəlcədən ona nişan verilmiş «Toyota Land Cruiser» markalı avtomaşını özünün idarə etdiyi «Niva» ilə bir neçə dəfə arxa və yan hissəsindən vurub yüksəklikdən dərəyə salmağa çalışsa da, buna nail ola bilməyib və sonda idarəetməni itirib. Plan baş tutmasa da, Ş.Əkbərov vəd etdiyi 100 min manatın bir hissəsini Z.Şirinova verib. İttihamda yazılıb ki, 2017-ci ilin yanvarın 11-də növbəti dəfə A.Alışanovu Şamaxı rayonunda odlu silahla öldürmək qərarına gəliblər, amma yenə plan baş tutmayıb.

24saat.org

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.