Loading...
Loading...
SEÇMƏ

Sanksiyalardan Azərbaycan zərər görə bilərmi?

Fevralın 22-də Moskvada RusiyaAzərbaycan prezidentlərinin imza atdıqları qarşılıqlı yardım və müttəfiqlik haqqında 43 maddəlik bəyannamənin bir hissəsi iqtisadi, ticari, maliyyə əlaqələrinin dərinləşdirilməsinə və koordinasiyasına həsr olunub.

RusiyaAzərbaycan arasında münasibətlərin 30 illik tarixində imzalanmış müqavilələrin, bəyannamələrin bir hissəsi iqtisadi sfera ilə bağlıdır. Bu əlaqələr getdikcə inkişaf edib, hazırda tarixi maksimum hesab olunur. Azərbaycanın maliyyə sektorunda Rusiyanın iri bankları təmsil olunur, son illər turizm, emal sənayesi və s. sahələrə rus kapitalı maraq göstərir. Məsələn, ötən il Azərbaycan Sənaye Korporasiyasının özəlləşdirməyə çıxardığı “Şəki Şərab” MMC Rusiya şirkəti tərəfindən özəlləşdirilib. Habelə qeyri-neft ticarəti üzrə (3 milyard dollar) Bakının ən böyük tərəfdaşı məhz Şimal qonşudur.

Hazırda Ukrayna böhranında tutduğu təcavüzkar roluna görə Rusiya Qərbin sanksiya hədəfindədir. Fevralın 21-də bu ölkənin ərazində yaradılan qondarma “respublikaları” dövlət kimi tanıyıb Donbasa ordu yeritməsinə cavab olaraq, ABŞ, Avropa Birliyi və Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar elan edib.

Prezident Co Baydenin imzaladığı sərəncama görə, Rusiyanın iki böyük bankı və ölkənin suveren borclarına qarşı sanksiya tətbiq edildi. Bu o deməkdir ki, Rusiya artıq Qərbdən pul cəlb edə və ABŞ və ya Avropa bazarlarında yeni borclarla ticarət apara bilməz. Bayden daha sonra bildirib ki, bu gündən etibarən ABŞ Rusiya elitasına və onların ailə üzvlərinə qarşı da sanksiyalar tətbiq edəcək.

Avropa İttifaqının (Aİ) sanksiyalar paketi isə daha genişdir. Aİ-nin Xarici siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Cozep Borrell bəyan edib ki, sanksiyalar LNR və DNR-in tanınmasına səs verən Rusiya Dövlət Dumasının 351 üzvünə və Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə və müstəqilliyinə xələl gətirən 27 fiziki və hüquqi şəxslərə şamil olunacaq.  Aİ-nin sanksiyaları həmçinin siyasi, hərbi, biznes və media sektorlarını da əhatə edəcək. Eyni zamanda separatçı bölgələrlə Aİ arasında iqtisadi əlaqələr, Rusiya şirkətlərinin Aİ-nin kapital və maliyyə bazarlarına çıxışları məhdudlaşdırılacaq. C. Borrell deyib ki, bu birinci addımdır, davamı olacaq.

Rusiyanın Ukraynaya qarşı təcavüzünə qarşı ən sərt mövqedə dayanan Böyük Britaniya Rusiyanın beş bankına (“Rossiya”, “İS Bank”, “General Bank”, “Promsvyazbank” və “Qara Dəniz Bankı”) qarşı sanksiyalar tətbiq edib. Bundan başqa, Putinə ən yaxın oliqarxlardan Gennadi Timçenko, Boris və İqor Rotenberqlərin aktivləri dondurulub.

Almaniya kansleri Olaf Şolz isə xalqa müraciət edərək, Rusiyanın çəkdiyi “Şimal axını-2” qaz layihəsinin dayandırıldığını bildirib və əhalini qiymət artımına hazır olmağa çağırıb.

Müstəqil ekspertlər bildirirlər ki, Azərbaycanla imzalanan müttəfiqlik bəyannaməsində yer alan bəndlər əslində Rusiyaya sözügedən sanksiyalardan yayınmaq üçün lazımdır. Söhbət hansı maddələrdən gedir:

Tərəflər qarşılıqlı hesablaşmalarda milli valyutalardan istifadəyə, bank kartlarına birgə xidmət daxil olmaqla ödəniş sistemlərinin qarşılıqlı uyğunluğuna, eləcə də iki ölkənin bankları arasında birbaşa müxbir münasibətlərin inkişaf etdirilməsinə imkan yaradacaqlar;

Rusiya Federasiyası və Azərbaycan Respublikası milli qanunvericilikləri və kredit-pul siyasətləri çərçivəsində kredit-bank təşkilatlarının fəaliyyətinə, maliyyə institutlarının əməkdaşlığının inkişaf etdirilməsinə, maliyyə-sənaye qrupları, istehsal və digər təşkilati-təsərrüfat strukturları da daxil olmaqla birgə müəssisələrin yaradılmasına yardım göstərməyə hazırlıqlarını ifadə edirlər;

Rusiya Federasiyası və Azərbaycan Respublikası digər Tərəfin maraqlarına birbaşa və ya dolayı zərər vuran hər hansı iqtisadi fəaliyyətlərin həyata keçirilməsindən çəkinəcəklər;

Bank sektoru üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov Pressklub.az-a şərhində bəyannamənin 25-ci bəndində yer alan “Rusiya Federasiyası və Azərbaycan Respublikası digər Tərəfin maraqlarına birbaşa və ya dolayı zərər vuran hər hansı iqtisadi fəaliyyətlərin həyata keçirilməsindən çəkinəcəklər” cümləsinə diqqət çəkir. Onun sözlərinə görə, əslində, hər bir iqtisadi fəaliyyət nəticəsində, bir qayda olaraq, rəqiblərdən biri ən azı dolayı zərərə məruz qalır: “Belə çıxır ki, bundan sonra, məsələn, biz də, Rusiya da hansısa ölkəyə qaz satmaq istəyiriksə, rəqabət aparıb, alıcı ölkəyə daha sərfəli şərtlər təklif edə bilmərik? Axı qazı bizdən alsa, Rusiya ən azı dolayı zərərə məruz qalacaq. Potensial müştərini itirəcək. Deməli, bundan sonra rəqabət apardığımız bazarlardakı fəaliyyətimizi Rusiya ilə razılaşdırmalı olacağıq?” – deyə ekspert sual edir.

Gözdən qaçırmayın:  Rusiyadan azərbaycanlıların böyük köçü  - 24 saat

Ə.Həsənov vurğulayır ki, Rusiya və Azərbaycan arasında iqtisadi və ticarət əlaqələri, o cümlədən maliyyə sistemində əlaqələr kifayət qədər inkişaf edib. “Bu müddəalar olmasa da olardı, amma bəyannamə onları daha da möhkəmləndirir”,- o qeyd edib.

Hüquqşünas əmindir ki, Rusiyaya qarşı, Ukrayna ərazilərini işğal etdiyinə görə, Qərb tərəfindən daha sərt sanksiyalar tətbiq olunacaq: “Rusiyanın maliyyə sektorunu qlobal hesablaşma sistemindən ayıra bilərlər. Buna görə də Moskva bizimlə və başqa ölkələrlə elə sistem qurmaq istəyir ki, hesablaşmalarda qlobal sistemə müraciət etmədən ödənişlər edə bilsin. Biz Rusiyanın işğalçı siyasətini nə qədər pisləsək də, böyük dövlətdir, Azərbaycanla iqtisadi, ticarət əlaqələri genişdir, qonşu ölkədə xeyli sayda soydaşlarımız çalışır. Bu iqtisadi əlaqələrin təminatı olmalıdır. Biz maraqlıyıq ki, sabah dediyim miqyasda sanksiyalar olanda iki ölkənin iqtisadi əlaqələrinə o qədər də mənfi təsir göstərməsin”.

Ə.Həsənovun sözlərinə görə, Moskvada bəyannamə qəbul edilməsəydi belə, bunun üzərində artıq iş gedirdi: “Rusiya bu bəyannaməni imzalamaqla Qərbə bir mesaj verir ki, sən nə edirsən et, mən onsuz da istənilən problemimi həll edə biləcəm”.

İqtisadçı Samir Əliyev isə bildirir ki, bəyannamədə iqtisadi sfera ilə bağlı əldə olunan razılaşmalar 3 məsələyə xidmət edir:

“Qarşılııqlı hesablaşmalarda milli valyutalardan istifadə, birgə müəssisələrin, o cümlədən bankların yaradılması, avtonom hesablaşma sistemlərinin yaradılması və ya mövcud olacaq alternativ hesablaşma sistemlərinə qoşulma.

2021-ci ildə Rusiya Azərbaycanın ən böyük (17,7%) idxalatçı, 3-cü (4,15%) böyük ixracatçı ölkəsi olub. Yəni Rusiya həm də Azərbaycanın ən çox qeyri-neft ixrac etdiyi ölkədir. Neft gəlirlərindən asılı olan və neftdən kənar ancaq Rusiyaya mal göndərən Azərbaycan üçün rublla əməliyyat aparmaq nə dərəcədə səmərəlidir? Bu addım faktiki olaraq Azərbaycanın neftdən kənar dollar qazanmaq imkanını məhdudlaşdırır. Rus şirkətləri üçün sabit manat qazanmaq imkanları artdığı halda, milli şirkətlərimiz qeyri-sabit rubl qazanacaqlar. Belə olanda, onların ixrac potensialını artıra bilməsi sual altına düşür”.

Ekspertin sözlərinə görə, əslində hər iki maddə Rusiyaya tətbiq edilmiş və bundan sonra ediləcək sanksiyaların zərərinin minimuma endirilməsi üçün nəzərdə tutulan addımlardır: “Sabah Rusiya şirkətlərinə, o cümlədən maliyyə institutlarına sanksiya tətbiq ediləndə Azərbaycanın paya malik olduğu şirkətlər də sanksiyaya tuş gələcəklər. Rusiya həm də Azərbaycandan sanksiyalar əleyhinə qalxan kimi istifadə edəcək. Rusiyanın SWİFT-ə alternativ yaradaraq, öz hesablaşmalarını aparmaq niyyətinə ölkəmizin cəlb edilməsi narahatlıqlar yaradır”.

S.Əliyev hesab edir ki, bütün bunları Azərbaycan iqtisadiyyatının Avrasiya İqtisadi Birliyinin konsepsiyasına uyğunlaşdırılması istiqamətində atılan ilkin addım kimi də qiymətləndirmək olar.

Turqut

24 saat” “Sanksiyalardan Azərbaycan zərər görə bilərmi?” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button