2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Sanksiyaların təsiri: Rusiyada son bir əsrdə ilk defolt

Yayımlandı: 28 İyun 2022 14:00

Rusiyanın maliyyə naziri yaranmış vəziyyəti “fars” adlandırır

Növbəti sanksiya addımları ağır olduğu üçün Rusiya defolt vəziyyətinə düşüb.

Saytların yığılması Saytlarin yigilmasi

“Bloomberg” yazır ki, Rusiya son bir əsrdə ilk dəfə xarici suveren istiqrazları üzrə defolt edib.

Bu, xarici kreditorlara ödəmə yollarını bağlayan Qərb sanksiyalarının kulminasiya nöqtəsidir.

Müharibə başlayandan, fevraldan bu yana Rusiya ona qarşı tətbiq edilən cəzalar qarşısında çıxış yolu tapıb. Lakin mayın 27-də ödəməli olduğu 100 milyon dollarlıq faiz ödənişləri üzrə güzəşt müddəti başa çatıb. Bu müddət ərzində ödənişin edilməməsi “defolt hadisəsi” sayılır.

Sayt qeyd edir ki, bu nəticəyə gedən yol həddən artıq uzun olub. Çünki Rusiyanın hesablarını ödəmək üçün resursları vardı və bunu etməyə çalışırdı. Lakin sanksiyalar Rusiyanın bu yollarını bağlayıb. Bu məhdudiyyətlər həm də bundan sonra nə olacağı və investorların pullarını necə geri ala biləcəkləri ilə bağlı böyük qeyri-müəyyənlik deməkdir.

“HYCM Group”un baş analitiki Giles Coghlan “Rusiya enerji ixracatının yüksək qiymətindən bəhrələnən bir halda, onun xarici borcunu ödəmək üçün həm vəsaiti, həm də istəyi var”, – deyə açıqlama verib.

O bildirib ki, bu, texniki mənada defoltdur, buna görə bir çox investor bu hadisənin baş verməsinə hazır ola bilər.

“Moody’s Investors Service” də buraxılmış ödənişlərin defolt olduğunu düşünür.

Şirkət Rusiya hökumətinə gələcək istiqraz ödənişlərində də defolt olacağı barədə xəbərdarlıq edib. Üstəlik, Moody’s və digər qiymətləndirmə şirkətləri sanksiyalara görə artıq Rusiya barəsində qiymətləndirmə analizi aparmır.

Ekspertlər hesab edirlər ki, iqtisadiyyata və bazarlara dəymiş ziyan nəzərə alınsa, indiki defolt vəziyyəti simvolikdir. Bu, ikirəqəmli inflyasiya və son illərdə ən pis iqtisadi daralma ilə üzləşən Rusiya üçün çox az əhəmiyyət kəsb edəcək.

Rusiyada sonuncu dəfə defolt vəziyyəti 1998-ci ildə, ölkənin maliyyə çöküşü və rublun devalvasiyası zamanı baş verib. Həmin dövrdə Prezident Boris Yeltsin hökuməti dövlətin 40 milyard dollar rubl borcundan imtina etmişdi.

“Loomis Sayles & Company LP”-nin analitiki Hassan Malik bildirir ki, Rusiyanın xarici borcu hardasa bir trilyon dollara yaxınlaşıb.

Rusiyanın maliyyə naziri Anton Siluanov isə yaranmış vəziyyəti defolt yox, “fars” adlandırıb.

O həmçinin bildirib ki, kreditorların məhkəmələr vasitəsilə defolt elan edilməsini istəməsinin mənası yoxdur, çünki Rusiya öz suveren toxunulmazlığından imtina etməyib.

“Əgər biz son nəticədə diplomatik aktivlərin iddia edildiyi nöqtəyə çatsaq, bu, diplomatik əlaqələri kəsməyə və birbaşa münaqişəyə girməyə bərabərdir”, – o deyib.

Nazir əlavə edib ki, bu, Rusiyanı tamamilə fərqli qaydalarla fərqli bir dünyaya aparacaq: “Bu halda biz qanuni kanallarla deyil, fərqli reaksiya verməliyik”.

Ödənişlərin bloklanması səbəbindən Vladimir Putin yeni qaydalar tətbiq edib.

Rusiyanın xarici valyuta istiqrazları üzrə öhdəlikləri rublda köçürülməsini mümkün edib.

Maliyyə Nazirliyi bu qaydalara əsasən, təxminən 400 milyon dollar ekvivalentində son faiz ödənişlərini edib. Bununla belə, əsas istiqrazların heç birində yerli valyutada hesablaşmaya imkan verən şərtlər yoxdur.

Hələlik investorların yeni alətdən istifadə edib-etməyəcəyi və mövcud sanksiyaların onlara pulu geri qaytarmağa imkan verib-verməyəcəyi bəlli deyil.

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button