Şarl Mişel Əliyevlə Paşinyana zəng edib
Yayımlandı: 25 Mart 2023 23:48
Ölkə rəhbərləri ilə Qarabağdakı son vəziyyət müzakirə edilib
Martın 25-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycanın Prezidenti İlham Əliyevlə telefonla danışıb.
Məlumatı “President.az” yayıb.
Bildirilir ki, Şarl Mişel bundan sonra da Avropa İttifaqının regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması üçün səylərini davam etdirəcəyini deyib:
“Avropa İttifaqı Şurasının Prezidenti Azərbaycanın Laçın-Xankəndi yolu ətrafındakı məsələlərə toxunub və son günlərdə Ermənistanla Azərbaycanın dövlət sərhədində baş vermiş insidentlərlə əlaqədar narahatlığını ifadə edib”.
Məlumat deyilir ki, İlham Əliyev Azərbaycanın Brüssel prosesini dəstəklədiyini qeyd edib:
“Laçın-Xankəndi yolu ətrafındakı vəziyyətə toxunan Azərbaycan Prezidenti bildirib ki, bu yolun guya bağlı olması ilə əlaqədar Ermənistanın irəli sürdüyü iddialar tamamilə yalandır. Belə ki, 2022-ci il dekabrın 12-dən bu günədək Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus 5 minə yaxın nəqliyyat vasitəsi, tibbi yardıma ehtiyacı olan şəxs və onları müşayiət edənlər bu yoldan keçiblər”.
Əliyev Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə Ermənistandan silah-sursat və şəxsi heyətin daşınması prosesinin hələ də həyata keçirildiyini söyləyib:
“Azərbaycan Prezidenti Ermənistan rəhbərliyinin təhlükəli və eskalasiyaya yönəlmiş rəsmi açıqlamalarına diqqət çəkib. Qeyd edib ki, martın 20-də Avropa İttifaqı missiyasının yerləşdiyi Ermənistan-Azərbaycan dövlət sərhədi istiqamətində Ermənistanın növbəti təxribatı zamanı Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb. Martın 5-də Azərbaycanın Qarabağ bölgəsində qeyri-qanuni erməni hərbi birləşmələrinin törətdikləri təxribat zamanı 2 hərbi qulluqçumuz şəhid olub. Bütün bunlar Ermənistanın apardığı təhlükəli siyasətin nəticəsidir”.
Bu gün Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Ermənistanın Baş naziri Nikol Paşinyanla da danışıb.
Ermənistan hökumətinin mətbuat xidmətindən verilən məlumata görə, onlar Laçın yolunda davam edən böhranlı vəziyyəti müzakirə ediblər:
“Ermənistanın Baş naziri son vaxtlar Azərbaycanın sabitlik və sülhə nail olmaq səylərinə mane olan aqressiv ritorika və təxribat xarakterli hərəkətlərinin artması ilə bağlı narahatlığını bildirib”.
Münaqişənin qısa xronikası
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.
Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.
Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.
Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.
İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.
Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.