2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Şarl Mişelin Əliyevə zəngi: “Gərginlikdə “Rusiyanın barmağı” var”

“Bakı yalnız Moskvayla deyil, daha çox Qərblə danışıqlar aparmağa çalışır”

İyulun 4-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Prezident İlham Əliyevlə telefon danışığı və ölkə başçısının amerikalı həmkarı Cozef Baydenə məktubu regionda yaranan geopolitik durumun doğurduğu sualları yenidən gündəmə gətirib.

Şarl Mişel Avropa İttifaqının Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində səylərini davam etdirəcəyini bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Eyni zamanda, İlham Əliyev də Baydenə məktubunda yazıb ki, ABŞ-ın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasında, kommunikasiyaların açılmasında, insanlararası təmasların yaradılmasında mühüm rol oynaya biləcəyinə inanır.

“Tərəfimizdən təqdim olunan beş prinsip əsasında Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın dəyərli töhfə verə biləcəyi qənaətindəyik”, – deyə Əliyev bildirib.

Həm məktubda, həm də telefon danışığında sülh müqaviləsinin imzalanması xüsusu vurğulanır.

“İlham Əliyevin Baydenə məktubunda sətiraltı mesajlar…”

Siyasi şərhçi Şahin Cəfərli Meydan TV-yə deyib ki, Şarl Mişelin Ermənistan və Azərbaycanın dövlət başçıları ilə son görüşündə sülh müqaviləsinin hazırlanmasına başlanılmasında razılıq əldə olunmuşdu. Bundan sonra hər iki ölkə lideri xarici işlər nazirlərinə müqavilənin hazırlanması üzrə təlimatlar vermişdilər:

“Lakin ondan sonra ən azından qeyri-müəyyənlik yarandı, yəni tərəflər qarşılıqlı ittihamla çıxış etdilər”.

Şahin Cəfərlinin sözlərinə görə, Şarl Mişelin zəngi göstərir ki, Avropa Birliyi yaranan durumdan narahatdır və öz vasitəçiliyini ön plana çıxartmaqla problemlərin çözümünü istəyir:

“Məncə, detallarda fərqlər olsa da, sülh müqaviləsinin imzalanmasında Brüssellə Bakının mövqeləri üst-üstə düşür. Amma ümumən hər iki tərəf sənədin imzalanmasında maraqlıdır. Eləcə də Azərbaycan hökuməti prosesin tamamilə Rusiyanın hegemoniyasında qalmasında maraqlı deyil və Qərbin də müəyyən qədər müdaxiləsini istəyir”.

“Əvvəllər də müşahidə etmişik, regionda Qərblə Rusiya arasında rəqabət olanda, Azərbaycan hakimiyyəti üçün manevr imkanları genişlənir. Bu baxımdan Bakı Qərbin prosesə cəlb olunmasında maraqlıdır. İlham Əliyevin Baydenə məktubunda da sətiraltı mesajlar bundan ibarətdir”, – Cəfərli belə deyib.

Şahin Cəfərlinin müşahidəsinə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bölgəyə səfərindən sonra yenidən gərginliklər və qeyri-müəyyənliklər ortaya çıxıb:

Foto: Şahin Cəfərlinin şəxsi arxivi

“Söhbət ondan gedir ki, Rusiya sülh müqaviləsinin imzalanmasında maraqlı deyil. Moskva sərhədlərin açılması, iki ölkə arasında iqtisadi əlaqələrin bərpası ilə Qarabağ problemini ayrı götürür. Kreml deyir ki, sərhədlərin müəyyənləşməsinə, kommunikasiyaların açılmasına, iqtisadi əlaqələrdə maraqlıdırlar. Amma faktiki mesaj verir ki, Qarabağ məsələsinə toxunmayaq”.

“Yəni sülhməramlılar bölgədə sabitliyi təmin edirlər. Çünki sülh müqaviləsi imzalanarsa və sənəddə bütün problemlər öz həllini taparsa, o zaman sülhməramlı kontingentin bölgədə qalmasının mənası olmayacaq. Beləliklə, Rusiya 5 il bitəndə hərbi kontingentin bölgədən çıxartmalı olacaq. Bu isə Moskvanın bölgədəki mövqelərini xeyli zəiflədəcək”, – deyə siyasi şərhçi bildirib.

Şahin Cəfərli deyir ki, Rusiyanın bölgədəki maraqlarının təmin edilməsində əsas istinad nöqtələrindən biri məhz Qarabağdakı sülhməramlı kontingentdir, həmçinin Ermənistandakı hərbi bazalardır:

“Azərbaycan və Ermənistan, eləcə də Ermənistan və Türkiyə arasındakı bütün problemlərə son qoyulduqdan sonra nəinki Qarabağdakı sülhməramlı kontingent, hətta yaxın perspektivdə Rusiyanın Ermənistandakı hərbi bazalarının mövcudluğunun zərurəti məsələsi də gündəmə gələcək. Məhz bu səbəblərə görə Rusiya sülh müqaviləsinin imzalanmasında maraqlı deyil. Ona görə mövcud gərginliklərdə Rusiyanın “barmağı”nın olmasına əminəm”.

“Paşinyanın durumu heç də xoşagələn deyil”

Deputat Vahid Əhmədov hesab edir ki, Bakı Yerevanla sülh müqaviləsini imzalamaqda çoxdan hazırlığını ifadə edir:

“Dəfələrlə İlham Əliyev bu məsələ ilə bağlı təkliflərini müxtəlif platformalarda səsləndirib, yəni 5 bənddən ibarət təklifi verib. Ermənistanın Baş naziri Paşinyan isə Brüssel görüşündən az zaman keçəndən sonra fərqli açıqlamalar səsləndirib. Görünür, Ermənistana Rusiyanın təzyiqi var”.

Vahid Əhmədov
Vahid Əhmədov, Foto: Meydan TV

Vahid Əhmədovun qənaətincə, Avropa Birliyi və ABŞ sülh müqaviləsinin imzalanmasında maraqlıdır. Onlar sərhədlərin tanınmasında, demarkasiya, delimitasiya prosesinin getməsini istəyirlər. Amma hələlik, tərəflərin bu istəklərinə maneçilik var”.

Deputatın sözlərinə görə, ölkə başçılarının Brüssel görüşündə sülh müaviləsinin imzalanması ümumən razılaşdırılıb, sadəcə, zaman lazımdır:

“Hazırda elə situasiya yaranıb ki, Paşinyanın durumu heç də xoşagələn deyil. Onu daxildən Rusiyayönümlü qüvvələr, xaricdən isə Moskva sıxır. Amma bütün hallarda son nəticədə sülh müqaviləsi imzalanacaq”.

Qərb üçün sülh vacibdir”

Politoloq Rauf Mirqədirov isə Qərb dövlətləri üçün sülh müqaviləsinin hansı şərtlər daxilində imzalanmasının elə bir əhəmiyyəti olmadığı qənaətindədir.

Mirqədirov deyir ki, Qərb üçün sülh vacibdir. Amma indiki reallıqla Qərb yalnız sülh müqaviləsinin tərəfdarı yox, həm də regionda Rusiyanın təsir dairəsinin daralmasını istəyir:

“Bu baxımdan sülh müqaviləsində Qərbin məqsədi regionu Rusiyanın təsir dairsindən çıxartmaq və enerji daşıyıcılarını Avropaya tranziti üçün paylayıcı qovşaqlardan birinə çevirməkdir. İyulun 4-də həm Qazaxıstan Prezidenti Tokayevin enerji daşıyıcılarını qərbə satmağa hazır olduğunu söyləməsi, həm də Türkiyə rəsmilərinin Türkmənistan qazının onlar vasitəsilə Avropaya çatdırılması üzərində işlənilməsi açıqlaması sıradan bir hadisə deyil”, – deyə Rauf Mirqədirov xatırladıb.

Onun sözlərinə görə, Rusiya bölgə ilə bağlı yeni addımlar da ata bilər:

Foto: Rauf Mirqədirovun şəxsi arxivindən

“İndi sual yaranır: Rusiya hansı addımlar ata bilər ki, regionda hərbi-siyasi təmsilçiliyini daha da gücləndirsin, Qərbin imkanlarını sıfra endirsin? Məsələn, Rusiyanın Tovuz istiqamətindən 1 kilometr məsafədə Ermənistanda özünün hərbi bazasını qurması gözlənilir. Əslində, bu məsələ Paşinyanın Moskvaya son səfəri zamanı razılaşdırılmışdı. Söhbət Ermənistanda Rusiya hərbi bazalarının yerləşdirilməsi haqqında 2 saylı protokola əlavələrin edilməsindən gedir. Yəni Rusiya hərbi bazalarının dislokasiya yerlərinin sayı artırılıb. Həmin əraziyə yaxın yerdə general Polad Həşimov həlak olub”.

“Təsəvvür edin, ordan Azərbaycana atəş açılır və cavab verilsə, Rusiya hərbçilərinə hücum kimi dəyərləndiriləcək. Sadaladıqlarım bu ehtimalı gücləndirir ki, Rusiya hər iki tərəfdən özünə loyallıq tələb edir. Rusiyanın bunu Ermənistanda həyata keçirməkdə seçim azadlığı çoxdur. Bakıdan fərqli olaraq, Yerevanın Moskvadan hərbi-siyasi və iqtisadi asılılığı yetərincədir”, – deyə şərhçi qeyd edib.

Mirqədirovun qənaətincə, hazırda Azərbaycana Rusiyaya loyal siyasət yeritmək sərfəli deyil. Çünki gələcəyin geosiyasi mənzərəsi hələlik məlum deyil, səbəb də Ukrayna savaşının sonunun necə olmasıdır:

“Ona görə də Bakı yalnız Moskvayla deyil, daha çox Qərblə danışıqlar aparmağa çalışır. Bax, bu istiqamətdə sülh sazişi imkanlarını araşdırır və bu da məntiqli siyasətdir”.

Xatırlatma

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma yaşanıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasınadək Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button