Cəmiyyət

Şarl Mişelin “elementləri”

Avropa Birliyi Qafqazda nəyə hazırlaşır?

Avropa Birliyi Şurasının prezidenti Şarl Mişelin Azərbaycana səfəri ərəfəsində verdiyi açıqlamalar diqqətçəkən oldu. Əlbəttə, o, AB-nin bir idealist layihə olduğunu dedi, amma bununla kifayətlənmədi. Yumşaq desək, ATƏT-in yanından keçməklə onu qabaqlamaq istədiklərini də dilə gətirdi: “Sülhün əldə olunması və bu istiqamətdə proqress, regionda sabitliyin, təhlükəsiziyin təminatına nail olmaq üçün öncə hansı elementləri nəzərdən keçirməliyik, bu əsas məsələdir. Mənim bu məsələni Azərbaycan Prezidenti ilə müzakirə etmək imkanım oldu. Mən həm Ermənistan Baş nazirinə, həm də Azərbaycan Prezidentinə açıq şəkildə mesajımızı çatdırdım ki, Avropa İttifaqı bu məsələdə müsbət rol oynamağa hazırdır. Təbii ki, biz ATƏT-in fəaliyyətini dəstəkləyirik və Minsk Qrupunun fəaliyyətinə hörmət edirik lakin bu regionda daha çox təhlükəsizlik, sabitlik və ən əsası sülh üçün Aİ-nin öz təcrübəsini paylaşmasını və mümkün inkişaf üçün müəyyən ideyalar verməsini qeyri-mümkün etmir.

Avropa İttifaqı ATƏT-in Minsk qrupunun səylərinə əlavə olaraq Azərbaycan və Ermənistanla dürüst bir vasitəçi kimi konstruktiv rol oynamağa hazırdır.

Biz daha çox sabitlik təmin etmək və bölgədə davamlı sülhü təşviq etmək üçün təcrübəmizi bölüşmək istəyirik”.

Aİ hansı elementləri nəzərdə tutur?

Şarl Mişelin “birgə nəzərdən keçirilməli olan elementlər”i vurğulaması əslində prosesdə yeni ideya deyil. Bu ideyanı Rusiya da təklif edib. Kremlin baş diplomatı dəfələrlə vurğulayıb ki, uzunmüddətli sülh üçün ortaq maraqlar müzakirə olunmalıdır. Amma Kremlin belə bir sülhdə maraqlı olduğu şübhəlidir. Üstəlik, bilirik ki, Rusiya sülhün deyil, münaqişənin uzunmüddətli olmasından yanadır. Burada AB ilə toqquşan başlıca məqam da elə budur. Bürüssel isə konkret olaraq sülhdən yanadır. Bu mənada Şarl Mişelin nəzərdə tutduğu elementlər daha çox cəmiyyətlərin daxili sabitliyi və onların şəffaf iradədə ifadə olunması məsələsdir. Bunun ardınca isə təbii ki, etibarlı iqtisadi tərəfdaşlıq məsələləri və onun üzərində qurulan sülh gəlir.

Çətin sual; bəs Xankəndi?

Şübhəsiz ki, “Xankəndi” bu yazıda Rusiyanın nəzarətində olan bütün bölgəni simvolizə edir. Söhbət ondan gedir ki, Azərbaycan Ermənistan və Rusiya arasında imzalanan birgə bəyanat Azərbaycan və Ermənistan arasındakı əsas mübahisəyə son qoymayıb. Azərbaycan və Ermənistan eyni zamanda, AB-nə inteqrasiya yolu tutsa, Xankəndi və oradakı Rusiya qoşunlarına dair məsələ necə həll olunacaq…

Yeni sülh sazişi bir zərurətdirsə, onun şərtləri hansı prinsiplər üzrə qurulacaq? Deməli, AB-nin nəzərdə tutduğu əsas elementlər öncədən təminat verməlidir. Buraya nələr daxildir: demokratiya, insan haqları və birgəyaşayışın təməl şərtləri və s.

Azərbaycan buna nə dərəcədə hazırdır və yaxud da Azərbaycan bu məsələdə hansı sürətlə islahatlara gedə biləcək? Bakıda posesi öz xeyirinə dəyişmək “istəyi” olacaqmı?

AB ATƏT-i dirsəkləyir

Şarl Mişelin bəyanatında ATƏT-in Minsk qrupunun fəaliyyətinə ifadə olunan hörmət nədənsə bu qrumun münaqişəyə son nöqtə qoymasına dair inamla birlikdə diqqəti cəlb etmir. Bu sadəcə, hansısa cəhdlərə hörmətdir. Bunun paralelində isə Aİ yeni təkliflər irəli sürür və bu təkliflərin arxasında dayanacaqlarını ifadə edir. Görünən odur ki, ittifaq artıq Fransanın bu məsələdə tutduğu mövqedən və bu səbəbdən də imicinin aldığı zədələrdən narahatdır. Odur ki, özünü situasiyanın yeni xilaskarlarından biri kimi görür. Bu təkcə xilaskarlıq deyil, həm də AB-nin Qafqazda yeni planlarının işə düşməsinin siqnalıdır.

24 saat” “Şarl Mişelin “elementləri”” başlıqlı yazını “Meydan.tv”yə istinadən dərc edib.

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button