2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Saytları bloklama məhkəməsində vəkillərin möhtəşəm müdafiə çıxışı – tam mətn

Mayın 12-də Səbail Məhkəməsində Azadlıq qəzeti, Azadlıq radiosu, TuranTV, MeydanTV və Azərbaycan Saatı teleproqramına məxsus saytların bloklanmasına dair qərar veriləndən əvvəl müdafiə tərəfi sanbalı çıxışla bu iddianın əsassız olduğunu sübut edib. Lakin məhkəmə, məlum olduğu kimi, müdafiə tərəfin sübutuna məhəl qoymadan saytların bloklanmasına qərar verib. Saytların vəkil və nümayəndələrinin birgə hazırlayıb, məhkəməyə verdikləri çıxışın tam mətnini təqdim edirik:

MƏHKƏMƏ ÇIXIŞI

Saytların yığılması Saytlarin yigilmasi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi (bundan sonra – ərizəçi) “internet informasiya ehtiyatlarına müraciətin məhdudlaşdırılması” barədə ərizə ilə Səbail rayon Məhkəməsinə (bundan sonra – Məhkəmə) müraciət edərək Azadlıq.info, Azadliq.org, Azerbaycansaati.com domenlərinin, Meydan.tv, Turan teleknalı (Turan TV) və Azərbaycan saatı teleproqramlarının (bundan sonra – təkdə maraqlı şəxs, cəmdə maraqlı şəxslər) yerləşdirildiyi internet informasiya ehtiyatlarına müraciətin məhdudlaşdırılmasını tələb edir.

Həmin iş üzrə aşağıdakı məhkəmə çıxışını məhkəmənin nəzərinə çatdırırıq.

FAKTLAR

  1. Qanunvericilik dəyişikliyi tarixi:
  1. Azərbaycan ifadə azadlığının vəziyyəti baxımından ağır vəziyyətdə ölkədir. Lakin son dövrlərə qədər internetə bilavasitə bloklamaqla senzura tətbiq edilmirdi. Xüsusilə, 2015-2016-cı illərdən başlayaraq hakimiyyətdə olan siyasi partiyanın təmsilçiləri saytların bloklanmasını yaxud digər formada məhdudlaşdırılmasını təklif edən çağırışlar etməyə başladılar.

  2. 15 fevral 2017-ci il tarixdə Milli Məclisinin İnsan Hüquqları Komitəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarıldı və qəbul edildi. Qanun layihəsi Milli Məclisinin gündəliyinə daxil edildi.

  3. 07 mart 2017-ci il tarixdə həmin qanun layihəsi deputat, parlament sədrinin müavini, İnsan hüquqları Komitəsinin sədri Bahar Muradova tərəfindən Milli Məclisdə I oxunuş üçün təqdim edilid və qəbul edildi. 10 mart 2017-ci il tarixdə qanun layihəsi Milli Məclisinin plenar iclasında II və III oxunuşda qəbul edildi. Milli Məclisinin həmin tarixli iclaslarının əks edildiyi mətbuat materiallarından görünür ki, qanun layihəsinin lazımi müzakirəsi aparılmayıb və demək olar ki, müzakirəsiz qəbul edilib. Rəsmi məlumatlardan görünür ki, 10 mart tarixli iclasda həmçinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirinin müavini Elmir Vəlizadə iştirak edib və Vikipediyanın Azərbaycan barəsində təhrif edilmiş məlumarlar yaydığını bildirib.

  4. 16 mart 2017-ci il tarixdə Prezident Milli Məclis tərəfindən qəbul edilmiş qanunvericilik dəyişikliyini imzaladı və həmin Qanunun tətbiqi haqqında Fərman qəbul etdi. 19 mart 2017-ci il tarixdə Qanun dəyişikliyi və Prezidentin Fərmanı dərc edilərək qüvvəyə mindi.

  5. 07 aprel 2017-ci il tarixdə həmin Qanun dəyişikliyinin məhkəmə icraatının həyata keçirilməsi üçün Mülki Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi barədə Qanun qəbul edildi və Məcəlləyə 40-6-cı Fəsil əlavə edildi. 18 aprel 2017-ci il tarixdə Prezident Məcəlləyə dəyişikliyi imzaladı və onun tətbiqi haqqında Fərman qəbul etdi. 20 aprel 2017-ci il tarixdə həmin Qanun dərc edilərək qüvvəyə mindi.

  1. Qanunvericiliyin məzmunu

  1. İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında Qanunla və Mülki Prosessual Məcəlləyə əlavə edilən 40-6-cı Fəsillə internet tənzimləməsi ilə bağlı aşağıdakı məsələlər müəyyən edildi:

  1. az” domeninin istifadə qaydalarının müəyyən edilməsi səlahiyyəti mərkəzi icra hakimiyyətinə verildi (Qanunun 13-1-ci maddəsi);

  2. İnternet saytının və domen adının sahibi haqqında məlumatların internet saytında yerləşdirilməsi öhdəliyi müəyyən edildi (Qanunun 13-2.1-ci maddəsi);

  3. Yayılması qadağan edilən informasiyaların siyahısı müəyyən edildi. Həmin siyahı natamamdır. Digər qanunlarla genişləndirilə bilər (Qanunun 13-2.2-ci maddəsi);

  4. Yayılması qadağan edilən informasiyanın silinməsi öhdəliyi host provayderin və internet saytının və domen adının sahibinin üzərinə qoyuldu (Qanunun 13-2.2-ci maddəsi);

  5. Yayılması qadağan edilən informasiyalar barədə şikayət mexanizmi müəyyən edildi. İstənilən fiziki və hüquqi şəxs, eləcə də dövlət qurumları bu barədə məlumatlar verə bilərlər (Qanunun 13-2.2-ci maddəsi);

  6. Yayılması qadağan edilən informasiya ehtiyatlarına nəzarət Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə həvalə edildi (Qanunun 13-2-ci maddəsi);

  7. Nazirlik yayılması qadağan edilən informasiya aşkar etdikdə bu barədə host provayder və domen adının sahibini xəbərdar edir. Əgər həmin qurumlar 8 saat ərzində məlumatı silməsələr Nazirlik bu halda internet saytının bütövlükdə bloklanması üçün yerləşdiyi yerin rayon (şəhər) məhkəməsinə müraciət edir (Qanunun 13-2-ci maddəsi);

  8. Əgər Nazirlik yayılmış məlumata görə saytın bloklanmasının təxirəsalınmaz əsaslarının olduğunu hesab edərsə, bu halda saytın bloklanması barədə müvəqqəti qərar qəbul edə bilər. Bundan sonra, saytın bloklanması tələbi ilə məhkəməyə müraciət edir;

  9. Rayon (şəhər) məhkəməsi saytın bloklanması barədə ərizəyə ərizənin verildiyi gündən 5 gün ərzində baxır və ərizənin təmin edilməsi və ya rədd edilməsi barədə qətnamə qəbul edir. Qətnamə dərhal qüvvəyə minir və ondan şikayət verilməsi qətnamənin icrasının dayandırmır (Qanunun 13-2-ci maddəsi);

  10. Qətnamədən Mülki Prosessual Məcəlləyə uyğun olaraq apellyasiya və kassasiya şikayəti verilə bilər (Mülki Prosessual Məcəllənin 40-6-cı fəsli);

  11. Məhkəmə qərarından sonra həmin sayt “Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi internet saytlarının Siyahısı”na daxil edilir. Bu Siyahının idarə edilməsi qaydası Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək (Qanunun 13-3-cü maddəsi);

  12. Qanuna uyğun olaraq saytların daimi əsaslarla və tamlıqla bloklanması nəzərdə tutulur. Siyahıdan çıxarılma icra hakimiyyəti qurumlarının subyektiv mülahizəsindən asılı olacaq.

  1. Bir sıra internet saytlarının faktiki olaraq bloklanması:

  1. Azadliq.info, Azadliq.org, Meydan.tv, Azerbaycansaati.tv və Kanalturan.tv internet saytları Azərbaycan müstəqil və müxalif (tənqidçi) mediası kimi çıxış edən əsas məlumat mənbələridir. Həmin saytlar kifayət qədər daha çox tənqidi xarakterli yayımlar həyata keçirir. Gün ərzində həmin saytlarda dərc edilmiş məlumatları on minlərlə şəxs izləyir.

  2. 27 mart 2017-ci il tarixində səhər saatlarından başlayaraq Azərbaycandan olan internet istifadəçiləri Azadliq.info, Azadliq.org, Meydan.tv, Azerbaycansaati.tv və Kanalturan.tv domenlərində yerləşən tənqidi xəbərlər hazırlanması ilə məşhur olan saytlara daxil ola bilmədilər. İnternet azadlığı votçdoqunun məlumatına görə 27 mart tarixi saat 11:30 (UTC) (Bakı saatı ilə 15:30) etibarilə saytların trafiki qəfildən aşağı düşdüyü müşahidə edilib. Votçdoqun araşdırmasına görə saytların bloklanması “Deep Packet Inspection üsulu vasitəsilə həyata keçirilib və bloklama üçün hücum Azərbaycan dövlətinin rəsmi qurumları ilə əlaqəli bazadan həyata keçirilib.

  3. 28 mart 2017-ci il tarixdə qeyd edilən saytların bloklanması ilə əlaqədar bəzi mətbuat orqanları tərəfindən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edildi və saytların bloklanmasının təzə qanunvericiliklə Nazirliyə verilmiş səlahiyyətlərlə əlaqədar olub-olmadığı soruşuldu. Nazirlik saytların bloklanması ilə əlaqəsinin olmasını inkar etdi. Bu tarixdən sonra verilmiş jurnalist sorğularına da Nazirlik eyniməzmunlu cavab verərək saytların bloklanmasının onlara aidiyyətinin olmadığını bildirdi.

  4. Bloklamanın baş verdiyi tarixdən sonra bloklanan internet saytları sosial şəbəkələr vasitəsilə izləyəcilərinə VPN və digər anti-bloklama vasitələrindən istifadə etməklə saytlara daxil olmağın qaydasını izah edən məlumatlar yaymağa başladılar. Amma bloklama baş verdiyi gündən sonra həmin saytlardakı xəbərlərin oxunma sayı xeyli aşağı düşdüyü müşahidə edildi.

  1. Bloklama üçün rəsmi icraat:

  1. 26 aprel 2017-ci il tarixdə bloklanan internet saytlarının elektron poçtlarına Səbail rayon Məhkəməsindən məktub göndərildi. Həmin məktubun məzmunundan görünürdü ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bloklanan saytlara blok qoyulması üçün məhkəməyə müraciət edib və məhkəmə iclası 27 aprel 2017-ci il tarixinə təyin edilib.

  2. 27 aprel 2017-ci il tarixdə Səbail rayon Məhkəməsində hakim Nurəddin Bağırovun sədrliyi məhkəmə iclası keçirildi. Məhkəmə iclasında Azadliq.info, Azadliq.org və Meydan.tv saytlarını təmsil edən hüquqşünaslar iştirak etdi. Saytların hüquqşünasları əvvəlcədən işlə tanış olmadıqlarına görə iş materialları ilə tanış olmaq üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etdilər. Məhkəmə iclası 01 may 2017-ci il tarixinə təxirə saldı.

  3. Həmin gün saytları təmsil edən hüquqşünaslar iş materiallarına tanış oldular. İş materialları ilə tanış olduqdan sonra aşağıdakılar bəlli oldu.

  4. 27 mart 2017-ci il tarixdə Baş Prokuror Zakir Qaralov Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirinə müraciət edərək bildirib ki, Azadliq.info, Azadliq.org, Meydan.tv, Azerbaycansaati.tv və Kanalturan.tv saytlarında mütəmadi olaraq Qanunun tələbləri “kobud şəkildə pozularaq konstitusion quruluşun zorla dəyişdirilməsinə və ictimai sabitliyinin pozulmasına yönələn destruktiv hərəkətlərə yol vermələri, kütləvi iğtişaşların təşkil edilməsinə yönələn açıq çağırış etmələri, radikal dini qurumların qanunsuz fəaliyyətini təbliğ etmələri və digər qanunazidd hərəkətləri yol vermələri” müəyyən edilib. Baş Prokuror həmin məktubunda həmçinin Azadlıq qəzetinin əməkdaşı Faiq Əmirli barəsində mənimsəmə, vergidən yayınma və digər ittihamlarla cinayət işi olduğu və Meydan.tv-nin Azərbaycanda lisensiyasız fəaliyyət göstərməsi və vergiləri ödəməkdən yayınması göstərib. Bütün bunlara istinad edərək Baş Prokuror həmin saytların bloklanması üçün tədbirlər görülməsini Nazirdən xahiş edib.

  5. Həmin gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziri Baş Prokurorun məktubuna istinad edərək həmin saytlarda yayılmış məlumatların “dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid yaratdığı”na əsaslanaraq müvəqqəti bloklanması barədə qərar qəbul edib.

  6. 03 aprel 2017-ci il tarixdə Nazirliyin Elektron Təhlükəsizlik Mərkəzi Səbail rayon Məhkəməsinə ərizə ilə müraciət edərək həmin saytların bloklanması (həmin saytalra müraciətin məhdudlaşdırılması) barədə qərar qəbul edilməsini və həmin saytlara daxil olma müəyyənləşdirilmiş digər internet saytları ilə mümkün olarsa məhdudlaşdırma (bloklama) qərarının həmin resurslara da şamil edilməsini xahiş edib. Mərkəz ərizəyə Baş Prokurorluğun məktubunu və Nazirin qərarını qoşma kimi əlavə edib.

  7. Məhkəmə sənədlərindən (iclas protokolundan) görünür ki, 17 aprel 2017-ci il tarixə məhkəmə iclası təyin edilib lakin tərəflər iştirak etmədiyindən iclas 27 aprel 2017-ci il tarixə təxirə salınıb. Yuxarıda qeyd edildiyi kimi saytlar məhkəmə iclası barədə 26 aprel 2017-ci il tarixində xəbərdar ediliblər.

  8. 01 may 2017-ci il tarixdə növbəti məhkəmə iclasında Nazirlik saytların bloklanması üçün əsas təşkil edən Nazirliyə Baş Prokurorluq tərəfindən göndərilmiş yazıları təqdim etdi. Təqdim edilən yazılardan 5-i Azadliq.info, 7-si Azadliq.org, 2-si Meydan.tv və 4-ü isə Azerbaycansaati.tv internet saytına aiddir. Nazirliyin verdiyi ərizədən görünür ki, Nazirlik bu yazılarda “zorakılığın və dini ekstremizmin təbliğinə dair məlumatlar, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanmasına, kütləvi iğtişaşların təşkil edilməsinə yönələn açıq çağırışlar” olduğunu hesab edir.

  9. Həmin yazıların təhlilindən görünür ki, onlardan 4-ü Milli Şura və onun rəhbəri Cəmil Həsənlinin hakimiyyət orqanları ilə razılaşdırılmış qanuni mitinqdə dinc iştirakla bağlı bəyanatlardan, 2-si Azərbaycan hakimiyyətini tənqid edən beynəlxalq mətbuatda getmiş yazıların tərcüməsindən, 1-i OCCPR-ın Heydər Əliyevin Fondu ilə bağlı araşdırmasından, 1-i rəsmi mətbuat mənbələrinə istinad etməklə ölkədə olan intihar statistikası ilə bağlı xəbərdən, bir neçəsi siyasi vəziyyətlə bağlı analitik təhlillərdən, 4-ü siyasi mühacir olan şəxslərin verdiyi müsahibələrdən, digərləri isə köşə yazılarından ibarətdir. Həmin yazılar siyasi və ictimai maraq debatı xarakteri daşıyır. Onların heç birində zorakılıq çağırışının olmadığı açıq-aşkar görünür.

  10. 01 may 2017-ci il tarixli məhkəmə iclasında maraqlı şəxslərin nümayəndələri aşağıdakı vəsatətləri təqdim etdilər:

  1. Ərizənin baxılmamış saxlanılması haqqında. Vəsatət bununla əsaslandırıldı ki, ərizə Mülki Prosessual Məcəlləyə dəyişikliyin qüvvəyə mindiyi tarixdən əvvəl verilib. Buna görə ona hazırda xüsusi icraat qaydasında baxıla bilməz;

  2. Baş Prokurluğun cəlb edilməsi. Vəsatət onunla əsaslandırıldı ki, Nazirliyin nümayəndəsi qeyd edir ki, müstəqil araşdırma aparmayıblar və yalnız Baş Prokurorluğun məktubuna istinad edirlər. Buna görə də Baş Prokurorluq iş üzrə üçüncü şəxs qismində cəlb edilməlidir;

  3. Məhkəmə-linqvistik ekspertizanın təyin edilməsi. Vəsatət onunla əsaslandırıldı ki, Nazirlik müstəqil araşdırma aparmayıb. Buna görə də qeyd edilən məqalələrdəki ifadələrin hansı mənaya gəlib-gəlmədyini dəqiqləşdirmək üçün məhkəmə-linqvistik ekspertizası keçirilməlidir. saytları təmsil edən hüquqşünasların verdiyi vəsatətlərin (Baş Prokurorluğun cəlb edilməsi, linqvistik ekspertiza, ərizənin tələbinin dəqiqləşdirilməsi) müzakirə edilməsi üçün 03 may 2017-ci il tarixin təxirə salınıb. Həmin gün məhkəmə işin baxılmamış saxlanılmasını tələb edən vəsatəti təmin etmədi;

  4. Ərizənin tələbinin dəqiqləşdirilməsi. Vəsatət onunla əsslandırıldı ki, ərizəçinin ərizəsinin tələbi qeyri-dəqiqdir. Buna görə də dəqiqləşdirilməlidir.

  1. Səbail rayon Məhkəməsi işin baxılmamış saxlanılması haqqında vəsatəti təmin etmədi. Məhkəmə vəsatəti təmin etməməsini əsaslandırmadı. Digər vəsatətlərin müzakirəsi üçün məhkəmə iclası 03 may 2017-ci il tarixə təyin edildi.

  2. 03 may 2017-ci il tarixdə məhkəmə verilmiş vəsatətlərin təmin etmədi. Məhkəmə vəsatətlərin hansı əsasla təmin ediməməsini əsaslandırmadı.

  3. Həmin gün maraqlı şəxslərin nümayəndələri ərizəçinin istinad etdiyi yazılardan birinin müəllifinin şahid kimi dindirilməsi barədə vəsatət verdi. Məhkəmə həmin vəsatəti də təmin etmədi. Həmin gün çıxışlara hazırlaşmaq üçün məhkəmə iclası 12 may 2017-ci il tarixə təxirə salındı.

HÜQUQ

  1. İFADƏ AZADLIĞININ ÜMUMİ PRİNSİPLƏRİ
  1. Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsi söz və fikir azadlığını, 50-ci maddəsi isə məlumat azadlığını müdafiə edir.

  2. Azərbaycan Respublikasının ratifikasiya etdiyi Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi ifadə azadlığı hüququnu təmin edir. Konvensiyanın 10-cu maddəsinə əsasən ifadə azadlığı hüququna yalnız qanunla nəzərdə tutulmuş hallarda, Konvensiyanın 10-cu maddəsində göstərilmiş legitim məqsədlərə nail olmaq üçün və demokratik cəmiyyətdə zəruri olduqda və nəzərdə tutulmuş tədbir qarşıya qoyulmuş məqsədə mütənasib olduqda müdaxilə edilə bilər.

  3. Müdaxilənin qanuna əsaslanması məqsədləri baxımından “qanun” dedikdə, yalnız parlamentin qəbul etdiyi qanunlar deyil, hakimiyyət orqanları tərəfindən qəbul edilən və ümumi tənzimləmə rolu oynayan istənilən qaydalar toplusunu nəzərdə tutulur. Hətta ölkə qanunvericiliyi imkan veridiyi hallarda məhkəmələrin “presedent hüququ” da (yuxarı məhkəmələr tərəfindən qəbul edilmiş eyni hallar üzrə tətbiq ediləbilən məhkəmə qərarları) “qanun” anlayışına daxildir. Lakin hakimiyyət orqanları tərəfindən qəbul edilmiş hər hansı qaydalar toplusunun “qanun” sayıla bilməsi üçün bu qaydalar “hüquqi müəyyənlik” prinsipinə cavab verməlidir. Bu prinsipinə cavab verməsi üçün hər hansı qaydalar toplusu aşağıdakı tələblərə cavab verməlidir:

  • Çatımlılıq (bu adətən dərc edilmə ilə baş verir): “Qanun” sayılan hüquqi mətnlər onu icra etməli olan şəxslər tərəfindən bilinməlidir. Bunun üçün də ictimaiyyət öyrənə biləcəyi qaydada dərc edilməlidir;

  • Kifayət qədər aydınlıq: Hüquqi mətnlərdə mücərrəd ifadələr işlədilməsi normaldır. Amma bu ifadələr qeyri-müəyyən olmamalıdır;

  • İcrasında “öncədəngörüləbilənlik” dəqiqliyi: Qanunu icra etməli olan şəxs ağlabatan hüquqi yardım almaqla onda göstərilən qaydalara uyğun olaraq öz addımlarını dəqiq ehtimal edə bilməlidir;

  • Prosessual təminatlar: Qanunun hakimiyyət orqanları tərəfindən özbaşına sui-istifadə edilməməsi üçün prosessual təminatlar mövcud olmalıdır. Prosessual təminatlar Sual 3-də ətraflı izah edilir.

  1. Müdaxilənin legitimliyi dedikdə Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndində göstərilən legitim məqsədlərin siyahısında göstərilən məqsədlərdən birini daşıyıb-daşımaması başa düşülür.

  2. Müdaxilənin demokratik cəmiyyətdə zəruri olması üçün isə müdaxilə maddi-hüquqi və prosessual hüquqi baxımdan aşağıdakı “obyektiv indikatorlara” uyğun olmalıdır:

  • Təxirəsalınmaz sosial tələbat (yaxud zəruri əsaslar): Müdaxilə edilən hüququn balanslaşdırılmasını (nisbətləşdirilməsini) zəruri edən konkret xüsusatlar. Məsələn, kiminsə cinayət törətməsinə əsaslı şübhələr varsa, bu halda onun evində axtarış aparılması cinayətin açılması üçün zəruri hesab edilə bilər. Yaxud kimsə öz inancını ifadə edərkən başqalarına qarşı zorakılığa çağırarsa və bu çağırışın başqalarına qarşı hücumların təşkil edilməsinə əsas olmasını nümayiş etdirən hallar varsa, onun inancını ifadə etməsi məhz bu halla bağlı məhdudlaşdırıla bilər.

  • Mütənasiblik: Hüquq müdaxilə edilməsi üçün təxirəsalınmaz sosial tələbat olduğu müəyyən edildikdən sonra müdaxilənin hansı tədbirlərlə həyata keçirilməsi nəzərdən keçirilir. Müdaxilə təşkil edə bilən tədbirlərin sahəsi genişdir. Mütənasibliyi yoxlayanda nəzərə alınmalıdır ki, daha yüngül tədbirlər seçilsin və tədbirlər qarşıya qoyulan məqsədlə uyğunlaşsın. Məsələn, kiməsə böhtan atılması şəxsin ifadə azadlığına müdaxilə edilməsi üçün əsasdır. Lakin böhtan atdığına görə həmin şəxsin həbs edilməsi mütənasib tədbir olmayacaq.

  • Qiymətləndirmə sərbəstliyi: Dövlətlər müəyyən qədər qiymətləndirmə sərbəstliyinə malikdirlər. Lakin bu qiymətləndirmə sərbəstliyi ayrı-ayrı məsələlərdən asılı olaraq geniş və ya dar ola bilər. Əgər hər hansı məsələ barəsində Avropa Şurası ölkələrinin əksəriyyətində yaxud dövlətin qoşulduğu Konvensiyalarda daha müştərək və konkret tənzimləmələr nəzərdə tutulursa, bu halda qiymətləndirmə sərbəstliyi məhduddur. Lakin əgər belə müştərək razılaşma mövcud deyilsə, qiymətləndirmə sərbəstliyi daha geniş olur (xüsusilə ictimai əxlaq məsələlərində qiymətləndirmə sərbəstliyi daha genişdir). Əgər hansısa məsələnin dövlətin qiymətləndirmə sərbəstliyinə aid olduğu müəyyən edilərsə, pozuntu müəyyən edilmir.

  • Balanslaşdırılmalı olan ictimai və özəl maraqlara dair məsələlərdə səmərəli prosessual təminatların olması nəzərə alınmalıdır. Prosessual təminatlar o halda səmərəli olur ki, dövlət orqanlarının qərar və hərəkətlərinə (hərəkətsizliyinə) qarşı məhkəmə yaxud məhkəmə tipli müstəqil qurumlarda öz arqumentlərini təqdim etməklə qoruna bilmək imkanı mövcud olsun. Eləcə də işə baxılmasının icraatı aydın şəkildə aparılmış olsun.

  1. HÜQUQ NORMALARININ İŞİN HALLARINA TƏTBİQİ

  1. Ərizəçi hesab edir ki, maraqlı şəxslər tərəfindən yayılmış siyahısı yuxarıda təqdim edilmiş yazılar qanunla yayılması qadağan edilmiş məlumatlar siyahısına aiddir (bax Qanunun 13-2-ci maddəsi), buna görə də maraqlı şəxslərə məxsus internet informasiya ehtiyatlarına (vebsaytlara) müraciət məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilən ümumi prinsipləri hazırkı işin hallarına tətbiq edək.

    Qanunilik

  1. Hesab edirik ki, Nazirliyin tələbi qanuni deyil. İlk növbədə, vurğulanmalıdır ki, qanunilik tələbi hüquqi müəyyənlik prinsipi ilə sıx bağlıdır. Hüquqi müəyyənlik prinsipi isə həm də onu tələb edir ki, hər hansı icraat qanunla nəzərdə tutulmuş qaydada həyata keçirilsin. Buna həmçinin icraatın qanunla müəyyən edilmiş formada, məzmunda və müddətlərdə həyata keçirilmiş olsun.

  2. Hazırkı işin hallarından qəti olaraq müəyyən edilir ki, hazırkı iş üzrə ərizə məhkəməyə 03 aprel 2017-ci il tarixdə təqdim edilib. Həm İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizə haqqında Qanunun 13-3-cü maddəsinə əsasən, həm də Mülki Prosessual Məcəlləyə əsasən hazırkı işə ərizə təqdim edildikdən sonra 5 gün ərzində baxılmalıdır. Bu müddətin pozulması qanunilik və hüquqi müəyyənlik prinsipinin pozuntusudur. Hazırda bu müddətin pozuntusu iş materialları əsasında müyyən edilir. Buna uyğun olaraq maraqlı şəxslərə münasibətdə hüquqi müəyyənlik prinsipinin pozuntusu təşkil etdiyindən ərizənin təmin edilməsi qanuni deyil və buna görə də rədd edilməlidir.

  3. Bundan əlavə, qanunilik prinsipi həmçinin tələb edir ki, hüquqi mətnlərdə nəzərdə tutulan müddəalar kifayət qədər aydın olsun. Qanunverici mücərrəd ifadələrdən istifadə edə bilər. Amma nəticə olaraq qanunda göstərilən müddəalar qeyri-müəyyən olmamalıdır.

  4. Qeyd edirik ki, İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında Qanunun 13-2-ci maddəsində göstərilən yayılması qadağan edilən məlumatların siyahısında göstərilən müddəalardan bəziləri, ələlxüsus hazırkı iş üzrə ərizəçilərə münasibətdə tətbiq edilən 13-2.3.2-ci maddədə göstərilən ifadələr aydın deyil və qeyri-müəyyəndir. Eləcə də ərizəçi onların maraqlı şəxslərin işinə necə tətbiq edilməsi haqqında aydınlaşdırıcı heç bir izah verməyib. Buna görə də maraqlı şəxslərin işinə tətbiq edilən müddəalar qeyri-müəyyəndir və bu da qanunilik prinsipinin pozuntusunu təşkil edir.

  5. Bundan əlavə, qeyd etmək zəruridir ki, maraqlı şəxs Meydan TV-nin internet saytında 27 mart 2017-ci il tarixdə yayılmış yazı (C.Həsənlinin müsahibəsi) və maraqlı şəxs Azadliq.info-nun internet saytında 28 mart 2017-ci il tarixində dərc edilmiş yazı (Xalq, mən də varam desə) Nazirlik tərəfindən qərar qəbul edildikdən sonra dərc ediliblər. Buna görə də həmin yazılara Nazirliyin hazırkı ərizəsində istinad edilməsi qanunsuzdur. Nazirliyin nümayəndəsi məhkəmə prosesində qeyd etdi ki, qadağan edilməli informasiyaya aid edildiyi hesab edilən yazılar 27 mart 2017-ci il tarixdə Nazirliyə Baş Prokurorluq tərəfindən göndərilib. Belə olan halda Baş Prokurorluğun müraciətindən və Nazirliyin qərarından sonra dərc edilmiş yazıları Baş Prokurorluq Nazirlik qərar qəbul etməmişdən əvvəl göndərməsi məntiqi olaraq mümkün deyil. Bu baxımdan həmin yazılar sonradan əlavə edilib. Hazırkı müraciətə isə həmin yazıların əlavə edilməsi qanunilik baxımından qəbul edilməzdir.

  6. Göstərilənlərə əsasən ərizənin təmin edilməsi qanunilik prinsipinin tələblərini ödəmədiyindən ərizə rədd edilməlidir. Çünki Nazirlik və hazırda məhkəmə tərəfindən qanuni müddətlərə əməl edilməyib; istinad edilən Qanunun özü qanunilik prinsipinin tələblərinə cavab vermir.

    Zərurilik

  1. Aşağıdakı əsasən hesab edirik ki, maraqlı şəxslər tərəfindən yayılmış yuxarıdakı siyahısı verilmiş yazılara görə maraqlı şəxslərin saytalarının bütövlükdə bloklanması demokratik cəmiyyətdə zərurilik prinsipinə ziddir.

  2. Maraqlı şəxslər tərəfindən 10 mart 2017 və 22 mart 2017-ci il tarixlərində dərc edilmiş Rebeka Foley və Sergey Rumyantsevin yazıları beynəlxal mətbuatdan götürülüb. Həmin yazılar analitik xarakterdədir və hər hansı formada zorakılığı yaxud kütləvi iğtişaşları yaxud hakimiyyətin zorla ələ keçirilməsini təşviq etmir. Həmin yazılar Azərbaycandakı ictimai-siyasi vəziyyəti təhlil etmək, Azərbaycandakı hazırkı hakimiyyəti tənqid etmək və Azərbaycana münasibətdə Avropa ölkələrinin insan hüquq və azadlıqlarının vəziyyətini nəzərə almasına dair tövsiyələrdən ibarətdir. Həmin yazıların mətnində heç bir halda qadağan edilmiş yaxud ağlabatan olaraq qadağan edilməli olan məlumat ehtiva edilmir.

  3. Bundan əlavə, həmin yazılar orijinal olaraq dərc edildikləri internet saytlarında qalmağa davam edir və ərizəçi tərəfindən həmin yazılara görə nə Freedom House, nə də Open Democracy saytları bloklanmayıb. Belə olan halda yazıların orijinalına çıxış qalmaqda davam etməsinə baxmayaraq həmin yazılara görə maraqlı şəxslərin bloklanması əsassız yanaşmadır.

  4. Maraqlı şəxs Azadlıq Radiosu tərəfindən dərc edilmiş 21 fevral 2017-ci il tarixli yazı ilə əlaqədar qeyd etmək lazımdır ki, həmin yazı korrupsiya araşdırmaları aparan OCCPR adlı təşkilat tərəfindən hazırlanıb və həmin təşkilatın internet saytında, eləcə də digər beynəlxalq mətbuatda dərc edilib. Həmin yazı Azərbaycanda fəaliyyət göstərən Heydər Əliyev Fondunun Rumıniyadakı fəaliyyəti ilə əlaqədar araşdırmadır. Həmin araşırmada hər hansı formada zorakılığı, konstitusion quruluşu devirməyə yaxud hakimiyyəti zorla ələ keçirməyə, kütləvi iğtişaşlara dair hər hansı çağırış mövcud deyil. Həmin yazıda ümumiyyətlə çağırış mövcud deyil. Həmin yazı yalnız məlumatların məcmusundan ibarətdir.

  5. Maraqlı şəxslər tərəfindən dərc edilmiş Milli Şuranın bəyanatı və onun sədri Cəmil Həsənlinin Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış qanuni nümayişlə bağlı bəyanatlarına görə də saytların bloklanması əsassızdır. İlk növbədə qeyd edildiyi kimi həmin bəyanatlarda çağırış edilən nümayiş dinc xarakterli və qanuni idi. İkincisi, həmin bəyanatların heç birində zorakılığa yaxud kütləvi iğtişaşlara çağırış mövcud deyildi. Həmin bəyanatlar siyasi debatın təbii hissəsidir. Buna görə də həmin yazılara görə bloklama əsassızdır.

  6. Bundan əlavə, maraqlı şəxs Meydan TV tərəfindən dərc edilmiş 20 yanvar 2017-ci il tarixli analitik yazı dini radikalizmin təndiqinə dairdir. Həmin yazının dini ekstermizmə aid yazı kimi təqdim edilməsi absuddur.

  7. Maraqlı şəxs Azadlıq radiosu tərəfindən 01 mart 2017-ci il tarixdə dərc edilmiş intihar statistikası haqqında xəbər də rəsmi məlumatlar əsasında statistik məlumatı əks etdirən yazıdır. Həmin yazıda hər hansı formada intihara təşviq əks etdirilməyib.

  8. Maraqlı şəxs Azadlıq radiosu və maraqlı şəxs Azərbaycan saatı tərəfindən dərc edilmiş müsahibələdə hər hansı zorakılığa çağırış, kütləvi iğtişaşa təşviq etmə və ya hakimiyyətin zorla ələ keçirilməsinə çağırış mövcud deyil. Həmin müsahibələrdə hazırda xaricdə yaşayan azərbaycanlı ictimai-siyasi şəxslər Azərbaycandakı vəziyyəti təhlil edən müsahibələr veriblər. Nazirlik həmin yazıların məhdudlaşdırılmasını zəruri edən hər hansı əsas təqdim edə bilmədi.

  9. Yuxarıda göstərilənlərə əsasən hesab edirik ki, həmin yazıların qadağan edilmiş informasiya siyahısına aid informasiya hesab edilməsi və məhdudlaşdırılması üçün təxirəsalınmaz sosial tələbat mövcud deyil və zəruri əsaslar yoxdur.

  10. Nəticə olaraq, ərizə ilə məhdudlaşdırılması nəzərdə tutulan internet informasiya resurslarına məhdudlaşdırılmasının zərurətini əsaslandıran müvafiq və yetərli sübutlar ərizəçi yaxud Baş Prokurorluq tərəfindən təqdim edilməyib. Məhdudiyyət Baş Prokurorluq və ərizəçinin ümumi sözlərdən ibarət olan və dəqiqləşdirilməyən məktub və qərarı əsasında həyata keçirilmək istənilir. Bu isə demokratik cəmiyyətdə zəruriliyi əsaslandırmaq üçün yetərli deyil. Eləcə də iş materialları ilə zəruriliyi əsaslandıra bilən digər hallar müəyyən edilmir.

    Mütənasiblik və prosessual təminatlar

  1. Həmin yazılara görə bütövlükdə internet saytlarının bloklanması açıq-aşkar qeyri-mütənasib tədbirdir. Belə ki, hətta hansısa “qanunsuz” informasiya yayılmış olsa belə, bu halda konkret həmin informasiyanın yayıldığı səhifə məhdudlaşdırıla bilərdi. Hazırda isə bütövlükdə internet resursu məhdudlaşdırılmaq istənilir. Bu isə heç bir halda mütənasib deyil. Maraqlı şəxslər Azərbaycan informasiya sahəsinin mühüm tərkib hissəsidirlər və onların resurslarına məhdudiyyətin tətbiq edilməsi ictimaiyəti mühüm informasiya mənbələrindən məhrum edəcək.

  2. Bundan əlavə, Avropa İnsan Hüquqları Məhkəməsi (bundan sonra – AİHM) Ahmet Yıldırım Türkiyəyə qarşı (3111/10)Çingiz və başqaları Türkiyəyə qarşı (48226/10 və 14027/11) işlərində bütövlükdə saytların bloklanmasının mütənasib tədbir olmadığını müəyyən edib. Hazırkı iş üzrə saytların bütövlükdə bloklanması Məhkəmənin bu presedent hüququna ziddir.

  3. Həmçinin internet saytların bloklanması ciddi prosessual təminatlara cavab verməlidir. Yuxarıda qeyd edilən işlərdə Avropa Məhkəməsi həmçinin müəyyən edib ki, internet saytlatının bloklanmasına dair qanunvericilik hüquqi müəyyənlik və öncədəngörüləbilənlik tələblərinə cavab vermədiyi, özbaşına xarakter daşıdığı və lazımi hüquqi təminatlara malik olmadığı hallarda pozuntu ilə nəticələnir. Hazırkı baxılan iş üzrə mövcud qanunvericilik də bu baxımdan bənzər xarakterdədir.

  4. Hazırkı iş üzrə nə Nazirlikdə, nə də hazırkı məhkəmədə prosessual təminatlara riayət edildi. Nazirlik ümumiyyətlə maraqlı şəxsləri inzibati icraata cəlb etmədi, məhkəmə isə işin araşdırılması üçün vəsatətləri əsassız olaraq rədd etdi və tələb edilən araşdırmanı aparmadı. Bu baxımdan hazırkı iş üzrə icraat prosessual təminatlar baxımından özbaşına xarakter daşıyır.

NƏTİCƏ

Göstərilənlərə əsasən hesab edirik ki, ərizə rədd edilməlidir.

Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmədən xahiş edirik, ərizəçinin ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarasınız.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button