2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Saytları bloklatmaq hakimiyyətin gücsüzlüyündən irəli gəlir”

Cəmil Həsənli: “İlham Əliyevin “azadlıq” anlayışı müstəqil saytlara girişi qadağan etməkdən ibarətdir”

Milli Şuranın sədri, professor Cəmil Həsənli feysbuk səhifəsində saytların  bloklanmasına münasibət bildirib:

Saytların yığılması Saytlarin yigilmasi

“Dostlar! Mayın 12-də Bakının Səbail rayon məhkəməsi müstəqil saytların bağlanmasına qərar verdi. Xalqın azad və alternativ informasiya almaq hüquqi məhkəmə qərarı ilə ləğv edildi. Konstitusiyanın insan hüquq və azadlıqları haqqında daha mühüm bir maddəsi, insan haqları üzrə Azərbaycan dövlətinin üzərinə götürdüyü beynəlxalq öhdəliklərin çox önəmli bir qismi ciddi şəkildə pozuldu. Baş prokurorluq saytların bloklanması ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edib, sonuncu da heç bir araşdırma aparmadan yalnız baş prokurorun məktubunu əsas tutaraq məhkəmə iddiası qaldırmışdı.

Lakin nazirlik məhkəmə prosesində iddianı sübut edən bircə dəlil belə ortaya qoya bilmədi. Məhkəmə müzakirələrində tez-tez Milli Şuranın sədri kimi mənim 8 aprel mitinqinə hazırlıqla bağlı MeydanTV-nin saytında və hədəf kimi seçilmiş digər saytlarda yayımlanan açıqlamalarıma istinad edilir. Məhkəmədə istinad edilən yazıların əksəriyyəti mənə və AXCP sədri Əli Kərimliyə aiddir. Məsələ burasındadır ki, biz Bakı Şəhər İcra Hakimiyyəti ilə razılıaşdırılmış, hakimiyyət orqanının rəsmi məktubla icazə verdiyi aksiyadan danışmışıq və dəfələrlə vurğulamışıq ki, 8 aprel mitinqi icazəli kütləvi tədbirdir, dinc aksiyadır və həmin açıqlamalarda nə zorakılığa, nə terrora çağırış halları olub, nə də hakimiyyətin zorla devrilməsini özündə ehtiva edən fikirlər səsləndirilib. Əgər var idisə məhkəmə linqvistik ekspertiza keçirib bu məqamları ortaya qoymalı idi. Mitinqin özünə gəldikdə isə, 8 aprel aksiyası dinc şəraitdə keçirilib və onun gedişində də hər hansı zorakılıq halları qeydə alınmayıb.

Digər tərəfdən nazirlik tərəfindən saytların bloklanması məhkəmə qərarından düz bir ay yarım öncə başlanıb və necə deyərlər araba atdan qabağa keçib. Bu halda hansı hüquqdan, hansı hüquqi dövlətdən və hansı məhkəmə qərarından danışmaq olar. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi baş prokurorun məktubunu alan kimi məhkəmə-zad gözləmədən, qanun və hüquq anlayışlarına məhəl qoymadan müstəqil saytları bloklayıb və bu konstitusiya pozuntusunu, vəzifə səlahiyyətlərini aşma faktını nəinki gizlədib, eyni zamanda bütün bunlar haqqında ictimaiyyətə yalan məlumat verib. Əlbəttə, martın 27-də nazirlik tərəfindən müstəqil saytların qeyri-qanuni, özbaşına bloklanması bilavasitə Milli Şuranın 8 aprel mitinqini pozmaq, mitinq haqqında xalqın məlumatlandırılması imkanlarını məhdudlaşdırmaq, mitinqin kütləviliyini əngəlləmək məqsədi daşıyırdı.

Hökumət tərəfindən müstəqil saytların bloklanması kimi anti-konstitusyon və qanunsuz addımlara niyə gedildi? Birincisi, maliyyə və iqtisadi böhran dərinləşdikcə əhalinin artan ehtiyacları və tələbləri fonunda hakimiyyətin gücsüzlüyü ortadadır. İkincisi, bir birinin ardınca aşkarlanan milli və transmilli korrupsiya əməllərinin miqyası çox genişləndi və son vaxtlar Əliyev rejiminin korrupsiya şəbəkəsinn “beynəlmiləl” xarakteri üzə çıxdı. AŞPA-da araşdırmaların başlanması, ofşor hesablar haqqında əfsanələrin dolaşması, Qərb paramentarilərinin, siyasətçilərinin pulla ələ alınması haqqında beynəlxalq hesabatların yayılması, Luka Valonte rüsvayçılığı, Aqramunt təhlükəsi, “vətənpərvər kişilərin” dəmir yol işıqlandırıcı cihazlarının öz qiymətindən 5 dəfə baha sənədləşdirmələri, Azərbaycan korrupsiya xərçənginin Maltada zühur etməsi və ölkədə hakim Muskat hökumətinin bu səbəbdən siyasi böhranla üzləşməsi kimi son faktlar sadəcə olaraq ikrah doğurur. Üçüncüsü, bütün sahələrdə olduğu kimi Azərbaycan hakimiyyəti mətbuat və informasiya sahəsində də rəqabətə hazır deyildi. Onun nəzarətində olan saytlar və media qurumları böyük vəsaitlər xərclənsə də, oxucu auditoriyası yoxdur, ictimai fikrə təsir imkanlarına malik deyil.

Bu şəraitdə axı, söz və mətbuat azadlığı olan ölkədə 120-150 manat pensiya, ondan bir qədər artıq əmək haqqı alan vətəndaşa Luka Valonteyə 2,4 milyon dollar vəsaitin hansı zərurətdən verildiyinin, 20 faiz torpaqları işğal altında olan bir ölkədə dəmir yol avadanlıqlarının öz qiymətindən niyə 5 dəfə artığa sənədləşdirilməsinin və mənimsənilən 85 milyon dollar vəsaitin hansı ofşor hesablara ötürüldüyünün hesabatını vermək lazımdır. Məsələn, Qəbələ rayonunda ilanlarla eyni sinif otağında dərs keçən uşaqlara izah etmək lazımdır ki, əziz uşaqlar müqəddəs Petka məbədini təmir etdirmişik və oradakı kilsə xadimləri, kahinlər Allaha dua edəcəklər ki, ilanlar sizi vurmasınlar. Ona görə də arxayın dərslərinizi keçə bilərsiniz. Yaxud, ölkədə islam inanclı dinc vətəndaşları saxta ittihamlarla kütləvi şəkildə həbs edib, görünməmiş işgəncələrə məruz qoyub İslam Oyunları Olimpiadası keçirməyin ağlabatan izahını da müstəqil mətbuatın olduğu ölkədə xalqa vermək lazım gəlir. Bütün bu sual və izahlardan yayınmaq üçün ən asan yol sual verib izah tələb edən mətbuatın özünü aradan götürməkdir.

Bu qərardan cəmisi iki gün öncə atasının doğum günü tədbirində cənab İlham Əliyev təntənəli şəkildə bəyan etmişdi ki, “bu gün Azərbaycanda bütün azadlıqlar var. Azərbaycan cəmiyyəti azadlıq şəraitində yaşayır, siyasi islahatlar davam etdirilir. Biz demokratik yolumuza dəfələrlə öz sadiqliyimizi göstərmişik”. Görünür, azad sözün və düşüncənin təmsilçiləri olan müstəqil saytlara girişin bir müddət məhkəməsiz, mayın 12-dən isə “məhkəmə” yolu ilə bloklanması bu sədaqətin yeni bir nümunəsidir”.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button