ÖLKƏ

Seçki

Mən 4 il müəllim işlədim. 2008-2012 ci illərdə. Əvvəl 200 manat maaşım vardı. İki il sonra 250 oldu…

Maaşım 200 olanda İcra hakimiyyətinin başçısı İsmayıl Vəliyev direktorlara belə bir tapşırıq verdi ki, məktəbdə tarix müəllimlərinə deyin, hərəsi bir A4 ölçüsündə kəndin tarixi haqda məlumat yazıb təqdim etsin.

Etdilər… İsmayıl Vəliyev həmin vərəqləri toplayıb “Qobustan” adlı kitab çap etdirdi. Müəllif kimi də özünü qeyd etdi. Sonra rayonda fəaliyyət göstərən bütün iri marketlərə 100 kitab, (100 manatdan) bütün həkim və müəllimlərə hərəyə bir kitab almağa vadar etdi. İlk aldığım 200 manatın 100-nü o “kitaba” verdim.
Əks halda dərs saatım azalacaqdı. Yəni, müəllim sənətinə ilk nifrətim kitabdan başladı.

Sonra İcra hakimiyyətinin başçısı Adil Məmmədov təyin edildi. (26 aprel 2011)Deyəsən, indi də odu. Adil Məmmədov isə bu nifrətin partlamasına səbəb oldu.

5 oktyabr 2011-ci il idi. Məktəbin direktoru dedi ki, icradan çağırıblar, əyninə köhnə bir paltar geyin, bir də lopatka götür, gəl, gedək.

Köhnə paltar və “lopatka” söhbətini zarafat kimi qəbul etdim. Çünkü 5 oktyabr müəllimlər günü idi. Düşündüm ki, yaxşı dərs keçdiyim üçün mükafat zad verərlər. Qalstukumu taxıb yola çıxdım. Direktorun avtomobilində (07-də) digər müəllimləri köhnə paltarda gördüm. Direktor məni təzə paltarda görüb istehza ilə başdan ayağa süzdü. Amma bir söz demədi…

Rayona çatdıq. Bütün rayon boyu müəllimlər əllərində bel səkiləri şumlayır, sonra da o şumlanan yeri dırmıq ilə darayıb hamarlaşdırırdılar.

Bizim kəndin müəllimlərinin də bunlara qoşuldu. Səkilərdən pampers atıqlarını əlinə götürüb zibil maşınına atan müəllimləri gördüm.

Qoca müəllim yoldaşlarım bel ilə yer şumlayırdı. Bilmirəm ürəyim dözmədi, yoxsa mən də baş əməyi qəbul etdim nədi… Müəllimin birindən beli alıb yer şumlamağa başladım. Ürəksiz idim. Əsəbləşirdim. Direktor bunu görüb mənə yaxınlaşdı. Tənbeh elədi ki, yaxşı şumlamırsan.

Əsəbdən var gücümlə qışqırmağa başladım. Beli qolum gəldiyi qədər tulladım. Etiraz etməyə başladım. Ordakı icra işçilərinə dedim ki, axı bu gün müəllimlər günüdür. Niyə bu müəllimləri bu gündə çağırmısız.

Bundan yarım saat sonra müəllimlərə deyildi ki, hamı dağlışsın. Məlum oldu ki, icrada heç bu günün müəllimlər günü olduğunu bilən yox imiş…

O dərs ilinin souna qədər bir təhər dişimi sıxıb dözdüm. Sonra da Bakıya gəldim…

Müəllimiyə sonuncu nifrətim isə bu seçkilərdə oldu. Bu nifrətin yaranmasının səbəbkarları həmişə İcra hakimiyyəti olub…

Yənə də seçkiləri icra hakimiyyətinin göstərişi ilə müəllimlər saxtalaşdırdı…
Amma bu dəfə daha rəzil şəkildə. Öz mənliyini, şərəfini, adını 300 – 500 manata satan müəllimdən hansı tərbiyəni alacaq uşaqlarımız? Hansı müsbət keyfiyyətləri öyrənəcək?..

Boş verin…

Bahadır Xoca

24saat.org

Mənbə – azadliq.info

Etiketlər
Daha çox

Bənzər məqalələr

Back to top button
Close
Close