Now Reading:
Seçkinin taleyi yenə məktəblərdə həll olunacaq?

Ölkə insanı prezident seçkisi ovqatında olmasa da, ənənəvi hazırlıq işləri öz axarında gedir. Yəni ölkənin bütün qurumları hakimiyyəti 25 ildir zəbt etmiş ailənin daha 7 illik hökmranlığını rəsmiləşdirmək üçün hərəkətə gətirilib. Bütün məktəblərdə valideynlərdən şəxsiyyət vəsiqələrinin surətlərinin tələb olunduğu xəbəri gəlir. Bu fakt araşdırdığımız ondan artıq məktəbin valideynləri tərəfindən təsdiqlənib. Bir daha aydın olur ki, növbədənkənar seçki keçirməyə hazırlaşan hazırkı hakimiyyət yenə də ağırlığı məktəblərə verib. Onlarla şəxs məktəblərdə əvvəlki illərdə olduğu kimi, “onbaşı, yüzbaşı” sisteminin tətbiq olunacağını bildirib. Artıq hər müəllimin üzərinə məcburi şəkildə 10 valideyn, ya da onların şəxsiyyət vəsiqələrini gətirmək tapşırığı verilib. Sosial şəbəkədə apardığımız sorğuya cavab olaraq, Şəkidən bir oxucumuz yazıb ki, seçkiyə hazırlıq işi direktor və müavinlərin maaşının 50 manat artırılması ilə başlanıb. Digər işlər isə məlum qaydada davam etdirilir. Goranboydan Əzizə Həziyevanın yazdığı fakt da maraqlıdır: “Məktəbimizin yuxarı sinif şagırdlərini İlham Əliyevin təbligat kampaniyasına gətirməyi tapşırdılar. Etiraz etdim ki, axı şagırdləri təbligata qoşmaq qadagandır. Cavab verdilər ki, nə deyirik, onu edin.”
Oğuz rayonundan Həmid müəllim isə yazır ki: “Deputat gəlib, əksəriyyəti muəllimlər olmaq şərti ilə, maaş alanları yığıb tapşırıq verib gedib. Seçkini bu il də müəllimlərin hesabına yola verməyi planlaşdırıar.” Lənkərandan oxucumuz da seçki şousuna qızğın hazırlıq aparıldığını deyir: “Rayonun bütün məktəbləri tədris sistemini seçki sistemi ilə əvəzləyib. Valideyinlərə və müəllimlərə basqı var ki, hamılıqla seçkiyə gəlməsəniz, sonrası pis olacaq. Müəllimlərin və xadimələrin 98 faizi yüzbaşı, onbaşı olaraq prosesə cəlb edilib. Direktorlar və müavinləri isə, zatən, komissiyalarda idilər. Ümumilikdə, seçkinin bütün ağırlığını yükləyiblər məktəblərə.” Tovuzlu Əminə xanım isə yazır ki, seçki ərəfəsində rayonun bütün dövlət qurumları fövqəladə vəziyyət rejiminə keçib: “Bağçada işləyən qonşumuz tapşırıqla seçki üçün sənəd yığır. Poçtda işləyən qonşumuzdan sənəd istəyəndə o da cavab verdi ki, elə onun özünə də tapşırıblar. Qəsəbənin məktəbində də ev-ev düşüb camaatı yığmışdılar seçkiqabağı görüşə. Adamlara deyiblər ki, hamı seçkiyə gəlməlidir, xarici ölkələrdən gələn olacaq. Onlar görsə ki, səsverməyə gələn yoxdur, necə olar… İcra nüamyəndələri deyib bundan əvvəl konsert olmuşdu, 450 nəfərlik zalı doldura bilmədik, seçkidə də belə olmasını istəyirsiniz? Həmin rayon konsertinə də qapı-qapı adam yığmışdılar. Plan qoyulmuşdu ki, 3 min adam olmalıdır, bütün dövlət işçilərini yığırdılar. Qonşular da deyir, bizi aldatdılar ki, Bakıdan müğənnilər gələcək, heç kim gəlmədi, rayon müğənniləri ilə yola verdilər”

Əslində, ölkə boyunca hər yerdə seçki saxtakarlıqlarına hazırlıq işləri bənzər şəkildə qurulub və eyni mərkəzdən idarə olunur. Amma adının çəkilməsini istəməyən paytaxt məktəblərindən birinin seçki komissiyasının üzvü də əməkdaşımıza maraqlı faktlar verib. “Əvvəllər müşahidəçilik sisteminin zəif olduğu vaxtda işimiz daha asan idi. Seçicilərin faiz nisbəti 20-30% olsa da, lazımi nəticəni özümüz həll edirdik, amma indi kənardan nəzarət güclü olduğuna görə, məcburuq məntəqəyə adam gətirək. Bu “onbaşı”, “yüzbaşı” söhbəti də o məcburiyyətdən ortaya çıxıb. Yuxarıların planıdır. Hər müəllimin öhdəliyi var, valideynləri hansı formadasa səsverməyə gətirməlidirlər. Neçə ildir bu şəkildə işləyirik. Nəticə isə yuxarıların göstərişinə əsasən hesablanır, onlar neçə faiz desə, o qədər. Keçən prezident seçkilərində İlham Əliyevin xeyrinə o qədər bülleten atdılar ki, axırda dedim insafınız olsun, heç olmasa bir topasını da Cəmil Həsənlinin adına atın. Durum indi də belədir. Müəllimlərə tapşırıq verilib, onlar da valideynlərlə işləyəcəklər ki, görünütü xatirinə məntəqəyə adam gəlsin. Nəticə də ki, indidən məlumdur. Bu şəkildə işləmək mənə heç də xoş deyil, amma nə edək, ölkədə sistem başdan-ayağa belə qurulub…”

Gördüyünüz kimi, seçkiyə hazırlıq işləri belə gedir. Ölkədə heç bir seçki ab-havası olmasa da, dəyirman öz işindədir. Onun nə vaxt durdurulacağını isə kimsə bilmir…

azadliq.info

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.