Senator Kardin Azərbaycan hökumətini haqsız tutulanları azad etməyə çağırır |
ABŞ Senatının xarici əlaqələr komitəsinin sədri Ben Kardin (Ben Cardin) Azərbaycanı hökumətin haqsız həbs etdiyi şəxsləri “yubanmadan” azadlığa buraxmaqla insan haqları öhdəliyini nümayiş etdirməyə çağırıb.
Senator Kardin noyabrda keçiriləcək COP29 sammiti öncəsi belə bir bəyanatla çıxış edib.
“COP29 kimi böyük beynəlxalq konfransa ev sahibliyi edən ölkələr informasiyanın açıq müzakirəsinə imkan verilməsi, ifadə və sərbəst toplaşma azadlıqlarının tanınması üçün məsuliyyət daşıyır, onlardan bunu gözləyirlər. Azərbaycan bunu etməyib”, – bəyanatda deyilir.
Senator Kardin qeyd edir ki, Azərbaycan Avro-Atlantik icması ilə davamlı münasibət qurmaq istəyirsə, o, prezident İlham Əliyevi hökumətin haqsız yerə tutduğu şəxsləri azad etməyə çağırır. Senator bu sırada erməni məhbusları, pis əmək şəraitinə, Çovdar qızıl hasilatı əməliyyatlarının ətraf mühitə ziyanlı təsirinə etiraz edənləri sadalayır.
“Azərbaycanın beynəlxalq icmanın vacib üzvü, Birləşmiş Ştatların tərəfdaşı olmaq potensialı var. Amma bundan ötrü keçmiş deputat, ətraf mühit fəalı Nazim Bəydəmirli, korrupsiyaya qarşı çıxan Qubad İbadoğlu, demokratiya fəalı Bəxtiyar Hacıyev, insan haqları fəalı İlhamiz Quliyev, müstəqil seçki müşahidəçisi Anar Məmmədli, korrupsiyaya qarşı çıxan redaktorlar və jurnalistlər Ülvi Həsənli, Məhəmməd Kekalov, Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Hafiz Babalı, Elnarə Qasımova, müstəqil jurnalist Əziz Orucov, fəal Tofiq Yaqublu, jurnalist Ələsgər Məmmədli və iqtisadı Fərid Mehralızadəni buraxmalıdır”, – bəyanatda vurğulanır.
Bəyanatda adları çəkilən şəxslər 2023-cü ilin ortasından başlayaraq həbs ediliblər. Hakimiyyət ölkədə siyasi motivli həbslərin olmadığını desə də, insan haqları təşkilatları onların peşə fəaliyyəti, tənqidi fikirlərinə görə cəzalandırıldığını bildirir.
Erməni məhbuslara gəlincə, onların sırasında ötən ilin sentyabrında Qarabağda birgünlük hərbi əməliyyatdan sonra saxlanaraq Bakıya gətirilənlər var. Onlar Qarabağdakı keçmiş separatçı rejimin təmsilçiləridir, separatizmdə ittihamlar olunurlar.