2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Sergey Lavrovun sözlərinin yozumları…


Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov-un noyabrın 12-də Türkiyə hərbi qulluqçularının dislokasiya yeri barədə açıqlaması Azərbaycanda müəyyən müzakirələr yaradıb.

“Dağlıq Qarabağa Türkiyə Respublikasının heç bir sülhməramlı bölməsi göndərilməyəcək. Türkiyə müşahidəçilərinin mobillik sərhədləri Azərbaycan ərazisində, Qarabağa yaxın olmayan yerdə Rusiya-Türkiyə Monitorinq Mərkəzinin yerləşməsi üçün müəyyən ediləcək coğrafi koordinatlarla məhdudlaşır və əlavə olaraq razılaşdırılacaq”, – o, bildirib.

Azərbaycanda bəzi müşahidəçilərin vurğulamasına görə, S.Lavrov elə danışır ki, sanki Dağlıq Qarabağ Azərbaycanın deyil. Üstəlik, onlar belə açıqlamalarla Rusiya hərbçilərinin sülhməramlı adı altında Azərbaycan ərazisinə buraxılmasını düzgün saymırlar.

Saytların yığılması Saytlarin yigilmasi

“Turan” agentliyi-ndən verilən xəbərə görə, “ Sergey Lavrovun sözləri Rusiyanın Qarabağı Azərbaycandan qoparmaq niyyəti deməkdirmi” sualı ilə Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) müraciət ediblər, amma, hələlik, suala cavab ala bilməyiblər.

“ İstənilən qərar imkanları, nəticələri və riskləri ehtiva edir”

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov isə agentliyə deyib ki, qərar obyektiv vəziyyətdən çıxış edilərək qəbul olunub:

“ İstənilən qərar imkanları, nəticələri və riskləri ehtiva edir. Bizim üçün çox vacib idi ki, Ermənistan silahlı qüvvələri Azərbaycandan çıxarılsın. Bunu Azərbaycan hərbçilərin böyük itkisi və ölkəyə imic zərbəsilə etmək olardı. Belə ki, Ermənistan və onun xarici havadarları bizi etnik təmizləmənin günahkarı kimi təqdim edərdilər.”

Deputatın deməsinə görə, Ermənistan silahlı qüvvələrinin çıxarılması üçün kompromis lazım idi.

“ Orada onların ağır hərbi texnikası qalmışdı, onu da oradan çıxarmaq lazım idi. Türkiyən Monitorinq Mərkəzi ona görə lazımdır ki, Rusiyanın Ermənistanın canlı qüvvə və texnikasını çıxarmasına nəzarət etsin, onlar gizli sığınacaqlarda tankları, minaatanları və digər müharibə vasitələrini gizlətməsinlər”, – deputat davam edib.

“Əhali Rusiyaya inanmır”

R.Müsabəyov daha sonra da deyib:

“Biz qalib gəldik, xalq baş verənləri birmənalı şəkildə qəbul etdi, biz bunu Azərbaycan küçələrində kütləvi bayram tədbirləri ilə gördük. Əhali Rusiyaya inanmır. Rusiyanın hərəkətlərini daha yaxından müşahidə etməyin və məhdudlaşdırmağın lazım gələcəyi şübhə doğurmur. Bu məsələdə tərəfdaşlığımız Türkiyəilədir”

Deputatın fikrincə, S. Lavrov bundan sonra da ikimənalı bəyanat verə bilər.

“Lavrov Dağlıq Qarabağın subyekt olmasını hansısa formada ifadə etməyə çalışır. Bunu gözləmək lazım idi. Bu, Azərbaycanın diplomatik fəaliyyət müstəvisidir və biz onlara cavab verməyi çoxdan öyrənmişik. Hələliksə, Lavrovun dedikləri bizim qarşımızda duran ən mürəkkəb məsələ deyil. Hələlik, Lavrovun sözləri ancaq sözdür”, – R.Musabəyov fikrini yekunlaşdırıb.

“Reallığın təsiri altında terminlərə münasibət dəyişəcək”

Politoloq İlqar Vəlizadə isə Azadlıq Radiosuna bildirib ki, “Dağlıq Qarabağ” anlayışına xüsusi siyasi məna yükləmək olmaz.

“Birgə iş prosesində terminoloji məsələ, terminlərin məna yükü razılaşdırılacaq. Hazırda, Dağlıq Qarabağın statusu haqda danışmaq olmaz. Lavrov deyib ki, Dağlıq Qarabağın statusu bu günün gündəliyi deyil. Reallığın təsiri altında terminlərə münasibət dəyişəcək, çünki rəsmi Bakı Qarabağda əvvəlki status-kvonun qaytarılmasının mümkün olmadığını bəyan edib, – İ.Vəlizadə bildirib.

“Ən yaxşısı bəyanatlara yox, vasitəçilərin hərəkətlərinə diqqət yetirməkdir”

Politoloq bu günlər Türkiyə və Rusiya müdafiə nazirlikləri arasında aprılan danışıqlara da toxunub.

“Onlar mübahisəli məsələlərlə bağlı razılığa gələcək, razılaşmalar prezidentlər tərəfindən təsdiqlənəcək və o zaman Lavrovun ritorikası dəyişəcək. Ən yaxşısı bəyanatlara yox, vasitəçilərin hərəkətlərinə diqqət yetirməkdir “, – İ.Vəlizadə deyib.

O, Azərbaycan ictimaiyyətinə şübhələrində tələsməməyi təklif edir:

“Əsas onu bilmək lazımdır ki, Qarabağda hadisələr Azərbaycan, Rusiya və Türkiyə tərəfindən reallaşır. Uduzmuş tərəf kimi Ermənistana məlum sazişin passiv iştirakçısı, icraçısı rolu verilib. Hər şey Rusiya, Azərbaycan və Türkiyənin öz aralarında necə razılığa gəlməsindən asılıdır”

“Ümid edirəm ki, sənədlərdə “Dağlıq Qarabağ Respublikası” adı çəkilməyəcək”

Rusiya Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun elmi işçisi Aleksandr Karavayev də “Turan” agentliyinin bu məsələlərlə bağlı suallarını cavablandırıb.

S. Lavrovun “Dağlıq Qarabağ” tərifini izah edən ekspert deyib ki, bu toponim tərəflərin əvvəllər və gələcəkdə imzaladığı sənədlərdən kənarda müəyyənləşdirilə bilməz. O, noyabrın 13-də V.Putinin Dağlıq Qarabağda humanitar məsələlərin həll edilməsi və mülki infrastrukturun bərpa olunması məqsədi ilə Qurumlararası Humanitar Mərkəzin yaradılması haqqında imzaladığı sənədə də toxunub.

“Ümid edirəm ki, sənədlərdə “Dağlıq Qarabağ Respublikası” adı çəkilməyəcək. Hesab etmirəm ki, S. Lavrovun fikirlərində pis niyyət axtarmaq lazımdır. Heç kim Dağlıq Qarabağı Azərbaycandan ayırmaq niyyətində deyil. V. Putinin təsdiq etdiyi Mərkəz yalnız Azərbaycanla və regional, beynəlxalq donorlarla işləyəcək. Müvafiq olaraq Mərkəz Azərbaycan strukturları və nəqliyyat qovşaqları vasitəsilə hərəkət edəcək. Ona görə də Qarabağda işlərin Azərbaycanın nəzarətindən çıxarılacağını düşünərək narahat olmaq lazım deyil”, – Karavayev qeyd edib.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button