2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Seyid Abbas Musəvi: “İranın xarici siyasəti dəyişməz qalacaq” [VIDEO]

***

Ölkənin yeni prezidenti seçiləndən sonra İranın siyasəti  dəyişəcəkmi, əgər belə olacaqsa, bu, Azərbaycanla münasibətlərə necə təsir göstərəcək?

Səfir bu sualın cavabında deyib ki, ölkənin xarici siyasətinin əsasını mehriban qonşuluq münasibətlərinin qorunub saxlanması prinsipi təşkil edir.

Saytların yığılması Saytlarin yigilmasi

“İran 15 ölkə ilə həmsərhəddir, hamı ilə yaxşı münasibətlər saxlayır, lakin onların arasında əhəmiyyəti daha yüksək olan ölkələr var və biz onlarla xüsusi münasibətlər saxlayırıq. Belə ölkələr arasında Azərbaycan Respublikası da var”, – diplomat deyib.

İranın Azərbaycanla tarixi əlaqələri, mədəni yaxınlığı mehriban qonşuluğu və dostluğu labüd edir. İki ölkənin bugünkü əlaqələri həmin münasibətlərin qorunub saxlandığını və inkişaf etdiyini göstərir.

“İranın xarici siyasətinin formalaşdırılmasına gəlincə, o, ölkənin bütün əsas orqanlarının – icra hakimiyyəti, parlament, müdafiə idarəsi və digər güc strukturlarının, həmçinin, ölkə ali liderinin administrasiyasının təmsil olunduğu Ali Təhlükəsizlik Şurası adlanan dövlət orqanı tərəfindən formalaşdırılır.

Bizim xarici siyasətimizin əsas konturları orada formalaşır, Ali təhlükəsizlik Şurasına isə ölkə prezidenti rəhbərlik edir. Orada qəbul edilən qərarlar ölkənin ali lideri tərəfindən təsdiq edilir. Ona görə də ölkəmizdə Kabinetin dəyişməsi əsas xarici siyasət prinsiplərinin dəyişməsi demək deyil, onlar dəyişilməz olaraq qalır.

O ki qaldı Azərbaycan Respublikası ilə münasibətlərimizə, burada da heç bir dəyişiklik olmayacaq.  Bundan əlavə, indiki geosiyasi vəziyyət və nəqliyyat dəhlizləri iki ölkəni daha da yaxınlaşdırır, iqtisadi əməkdaşlığı möhkəmləndirir. Ona görə də İran-Azərbaycan münasibətləri strateji xarakter daşıyır və bu xətt davam edəcək”, – səfir vurğulayıb.

-İkinci Qarabağ Müharibəsindən sonra Cənubi Qafqaz ölkələri və regional fövqəldövlətlər – Rusiya, Türkiyə və İranın iştirakı ilə regional məsələlərin həllindən ötrü irəli sürülmüş “Altılıq platforması” ideyasına Tehranın münasibəti necədir?

“İran prezident Əliyevin bu təklifini uzaqgörən addım kimi qiymətləndirir. Bu, region ölkələrinin özlərinin iştirakı ilə regionda mövcud bütün məsələləri 3+3 formatında həll etmək üçün çox müdrik təklifdir. İran bu təklifi ilk alqışlayan ölkələrdən biri olub.

Aydın idi ki, işğal siyasəti əbədi qala bilməz və buna son qoyulacaq. Region ölkələri yaranmış vəziyyəti qəbul etməlidirlər, çünki o, ədalətə əsaslanır. İşğal olunmuş ərazilər azad edildikdən və 3+3 Platformasının yaradılması təklifindən sonra regionda geosiyasi vəziyyətin dəyişdiyi aydın oldu.

Əgər Platforma ölkələrinin hamısı bu təklifi qəbul edərsə, biz regionda çox yaxşı inkişafın şahidi olacağıq. İranın xarici işlər naziri region ölkələrinə səfərləri zamanı Tehranın Platforma iştirakçılarını qəbul etməyə hazır olduğunu bildirib”, – səfir deyib.

-İkinci Qarabağ Müharibəsi başa çatdıqdan sonra İranda  müxtəlif səviyyələrdə Azərbaycanın ünvanına tənqidlər səsləndi. Bunların da mahiyyəti ondan ibarət idi ki, İranda ölkənin maraqlarına zidd olan Zəngəzur dəhlizinin açılışı perspektivlərindən narazıdırlar. Bu,  doğrudurmu?

Səfir bu sualın cavabında deyib ki, İranda müxtəlif fikirlər səslənə bilər.

“İran ali liderinin bəyanatında aydın şəkildə deyilir ki, İran sərhədlərin dəyişdirilməsinin əleyhinədir, bu dəhlizin açılmasının əleyhinə deyil. Regionda kiminsə sərhədlərin zorla dəyişdirilməsinə tərəfdar olduğunu düşünmürəm. Biz istənilən dəhlizin istənilən marşrut üzrə, dövlətlərin sərhədlərini dəyişmədən hərəkət etməsinə tərəfdarıq. Bu dəhlizin açılması Azərbaycan və Ermənistanın məsələsidir. Sərhədlərin zorakılıqla, hərbi yolla dəyişdirilməsi regionda sabitliyi pozardı və hələlik bunun perspektivi görünmür.

Regionda dəmir yollarının bərpası ilə bağlı prezident Əliyevin təklifi Ermənistanla Azərbaycan arasında əlaqənin və əməkdaşlığın bərpasına xidmət edəcək, eyni zamanda, bütün regiona fayda gətirəcək.

Odur ki, Cənubi Qafqaz ölkələri, həmçinin Rusiya, Türkiyə və İran öz aralarında dəmir, avtomobil yolları və digər kommunikasiyaların açılmasını hər vasitə ilə stimullaşdırmalıdırlar”, – diplomat deyib.

-Əgər İran Araz çayı üzərində “Xudafərin” və “Qız qalası” su anbarlarını inşa edibsə və onlar da  Azərbaycanla Naxçıvan arasında bir neçə kilometr dəmir yolu trassını su  basıbsa, Zəngəzur dəhlizini necə bərpa etmək olacaq? İran yeni yolun tikintisinin mümkün olması üçün nə edir?

Bu sualın cavabında səfir deyib ki, bu günlərdə İranın yol və şəhərsalma naziri Azərbaycanın baş nazirinin müavini ilə birlikdə bu yerləri ziyarət ediblər.

“Bu qurğular həmin ərazinin işğal altında olduğu dövrdə tikilib, lakin onlar Azərbaycanla ikitərəfli saziş əsasında inşa edilib. Bu problemi həll etmək üçün (dəmir yolunu su basması) İşçi qrupu yaradılıb və o, yolun İran dəmir yolu sisteminə birləşdirilməsi üçün texniki təklif hazırlayacaq”, – diplomat deyib və əlavə edib ki, regionda su qıtlığını nəzərə alsaq, sözügedən su rezervuarlarının əhəmiyyəti olduqca böyükdür  və İran Azərbaycanla bilrikdə  həmin sudan suvarma, həmçinin  HES-də istehsal edilən elektrik üçün istifadə edir.

-İran ərazisindən Azərbaycana gələn böyük narkotik maddə axınını necə izah etmək olar? Demək olar ki, hər həftə biz 50, hətta 100 kiloqram heroin və ya digər ağır narkotik maddələr ələ keçiririk, bir neçə narkokuryeri saxlayırıq. Sərhəddi qorumursunuz ki?

“Əgər Azərbaycan tərəfində 50-100 kiloqram narkotik maddə ələ keçirilirsə, İran tərəfində bu, tonlarla ölçülür”, – səfir bu suala cavab verib.

“İranda bu bəlaya qarşı ciddi mübarizə aparılır və sizin açıqladığınız rəqəmlər bizim ələ keçirdiklərimiz ilə müqayisədə çox azdır. Təəssüf ki, İran Əfqanıstandan narkotrafikin əsas yolunda yerləşir. Bu ölkənin əhalisi narkotik maddələrin yetişdirilməsi və satılmasından başqa  pul qazanmaq üçün böyük imkanlara malik deyil. Bu gün Əfqanıstan dünyada narkotik maddələrin əsas istehsalçısı və ixracatçısıdır. Çox təəssüf ki, bu narkotik maddələrin bir hissəsi bütün dünyaya və bizim ərazimizdən yayılır.

İran-Əfqanıstan sərhəddində narkokuryerlər İrana keçmək üçün ağır silahlardan da istifadə edirlər. Narkokuryerlərlə mübarizədə sərhədçilərimizin və digər güc strukturları əməkdaşlarının həlak olması halları az deyil. Biz narkotrafikə, o cümlədən Azərbaycanla sərhəddə mübarizə üçün maksimum mümkün tədbirləri görürük”, – diplomat qeyd edib.

-Qarabağda müharibə başa çatdıqdan sonra Azərbaycan dost ölkələri azad olunmuş rayonların bərpasında iştiraka dəvət etdi. İran şirkətləri bu təklifi qəbul etdilərmi, əgər etdilərsə, hansı layihələrdə iştirak edəcəklər?

“İranın özəl və yarıdövlət şirkətləri bu işlərdə iştiraka hazırdırlar. Bizim sahibkarlar üçün bu, daha çox mənəvi dəstək göstərmək, Qarabağın və digər ərazilərin bərpasında iştirak etmək istəyidir, nəinki iqtisadi fayda əldə etmək.

Bizim ali liderimiz bəyan edib ki, Qarabağ Azərbaycan torpağıdır, o, Azərbaycana qaytarılıb. O həmçinin bildirib ki, müharibədə həlak olanlar buna görə şəhid sayılırlar. Odur ki,  iranlılar Azərbaycanı dəstəkləmək üçün hər şeyi bölüşməyə hazırdırlar.

Konkret desək, İran şirkətləri infrastruktur layihələrinin – yolların, körpülərin, yaşayış məntəqələrinin tikintisində iştiraka hazırdırlar. Hazırda biz Azərbaycan İqtisadiyyat Nazirliyindən cavab gözləyirik”, – İran səfiri bildirib.

-İran vasitəsilə Ermənistana, oradan da Avropaya nəqliyyat dəhlizi ilə bağlı Hindistanın təşəbbüs göstərdiyi nəqliyyat layihəsinin İran tərəfindən dəstəklənməsi barədə erməni tərəfinin fikirlərini necə şərh edərdiniz?

Diplomat bu sualın cavabında deyib ki, dövlətləri birləşdirən istənilən nəqliyyat dəhlizi region ölkələrinə sərfəlidir, lakin onlardan hansının daha sərfəli olduğuna baxmaq lazımdır.

“Bu gün üçün ən əlverişli və real olanı İranla Azərbaycan arasındakı Şimal-Cənub dəhlizidir. İki ölkənin dəmir yolları artıq birləşdirilib və mallar Fars körfəzindən İran və Azərbaycan vasitəsilə şimala Avropaya nəql edilə bilər. Biz digər dəhlizləri inkar etmirik, lakin üç komponentdən – dəmir yolu, avtomobil və dəniz əlaqəsi – ibarət olan Şimal-Cənub dəhlizini ən optimal hesab edirik. Bu dəhlizin qovuşma mərkəzi Astara şəhəridir, orada bütün nəqliyyat infrastrukturu birləşdirilib. Orada iki ölkə arasında yeni körpü tikiləcək və bundan sonra nəqliyyatın buraxılış qabiliyyəti xeyli artacaq.

Naxçıvan vasitəsilə dəmir yolunun bərpasından və İranın Parsabad və Azərbaycanın İmişli məntəqələri arasında dəmir yolunun birləşdirilməsindən sonra daşımaların həcmi dəfələrlə artacaq. Bütün bunları nəzərə alaraq, düşünmürəm ki, hər hansı digər dəhliz buna alternativ ola bilər”, – səfir deyib.

Sonda o, əmin olduğunu bildirib ki, İranın yeni prezidentinin dövründə ikitərəfli münasibətlər daha da möhkəmlənəcək.

“İlham Əliyev İranın yeni prezidentini ilk təbrik edən dövlət başçılarından biridir və onun məktubunda qeyd olunub ki, iki ölkə arasında münasibətlər strateji səviyyəyə qalxıb və bu, çox vacibdir”, – Seyid Abbas Musəvi fikrini yekunlaşdırıb.-0-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button