2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏXəbərlər

Seymur Həziyə həzin bir məktub

Dəyərli dostum, Seymur!

Novruz gəlib qapını kəsdirib, amma sən hələ də zindandasan. 4-cü ildir artıq. Belə başa düşürəm, səni oralarda çox istəyirlər, ona görə buraxmırlar, özün də ki, allah bilir, nə fırıldağın var, türmənin qapısın çırpıb çıxmaq istəmirsən. Əzizim, sən özünü inqilabçı sayırsansa, nəzərinə çatdırım ki, dirsəklənib türmədə günləri ötüşdürmək heç inqilabçıya yaraşan məziyyət də deyil. Rəhmətliyin nəvəsi, heç çara güllə atan dekabristlər türmədə bu qədər oturmadı, sənə nə olub, nə görmüsən orda?! Sənin və o biri dostlarımın bu inadkarlığı ucbatından indi mən çalışıram siz dost-qardaşlarımla bilavasitə rabitə qurum: sizlərə məktub yazım, bəzən obrazlarınızı canlandırıb xəyalən söhbət edim. Başıma gətirdiyiniz oyuna bax da, belə “söhbətlərdən” dəli olsam, babalım boyunuza.

Seymur Həzi

Seymur, yaxınlarda bir qəribə video yayılmışdı. Abırlı-başlı adam təəssüratı doğuran bir nəfər qəbiristanlıqda bir başdaşı önündə dayanıb ona xitab edirdi. Deyirdi ki, “pulumu yeyib çıxıb getmisən, indi mən qalmışam belə çar-naçar. Ona görə xahiş edirəm, balalarının, qardaşlarının yuxuna gir, onlara denən ki, mənim borcumu qaytarsınlar. “Xahiş edirəm”i elə ürəkdən, səmimi deyirdi ki, mat qalmışdım. Bir yandan da az qalırdım gülməkdən alt çənəmi zədələyim. İndi mən o pulu əldən çıxıb, ciyəri kabab olan vətəndaşımız kimi az qalıram, Gözəl xanımdan, səndən, Asifdən, Fuadlardan, Muraddan, Məmməddən xahiş edim ki, yuxuma gəlin, bir görək nə var, nə yox (başıma gətirdiyiniz oyuna bax, adam bu halında əməllicə utanır). Əlbəttə, mən yuxuya inanmıram, ancaq səni yuxuda görməyə də qətiyyən etirazım yoxdur. Nəyi pisdir, təəssüratdır da. Ancaq, inanın, bundan məhrumam, deyəsən, cəmi 2-3 dəfə belə hadisə olub. Nəsə, yuxu, mürgü vaxtı deyil, oyanaq, başqa deyəcəklərim var.

Saytların yığılması Saytlarin yigilmasi

Seymur, deməli bir neçə ildir əcəb bir idrakı zövq-səfa içindəyəm. Bilmirəm, bu beynimdə hansısa “jetonun düşməsi”nə görədir, yoxsa yaş müsbət planda öz işini görür. Nədən gedir söhbət? İndi bir sıra kitablara, filmlərə təzədən baxıram. Özü də onların heç də hamısını xüsusi olaraq seçmirəm, o məşhur frazadakı kimi “sovet sənayesi nə istehsal edir, içirəm”-yəni, nə əlimə, kefimə düşdü, baxıram, oxuyuram (intizamlı oxu vərdişi üçün bu nə qədər sui-qəsd sayılsa da) və gözüm önündə açılan mənzərədən sərməst oluram, heyrət edirəm, çox əcaib bir şey. Mən indi təfsilatlara enməkdən zövq alıram, xırdalıqlarda ilişib saatlarla qalıram. Qabaqlar belə deyildi. Qədim zamanlarda mən çalışardım, oxuduqlarımın, izlədiklərimin (biz burda daha çox bədii ədəbiyyatdan, filmlərdən danışırıq) skletin, “karkazın” tapım, mənimsəyim bəsimdi. Bəlkə də, bu mənim formalaşmağımda böyük iz qoyan riyaziyyatın xoşagəlməz bir töfhəsidir. Bu artıq ara söhbəti deyil, bilirsən ki, biologiyanın bizə öyrətdiyinə görə riyaziyyat, fizika və s. dəqiq fənlər baş beynin sol yarım kürəsindən “kurasiya” olunur, humanitar məsələlər, poeziya, emosiyalar isə sağdan. Sağ lazımınca inkişaf etmirsə, adamın sosiallaşma keyfiyyətləri, o cümlədən şairlərin sözü ilə desək, ülvi hisslər sahibi olması müşkül məsələyə dönür. Təsadüfü deyil, görünür, məhz bu detala görə, mötəbər bir araşdırmadan oxumuşdum ki, təkfirçi radikal qüvvələrin sıralarında döyüşən təhsillilər arasında dəqiq fənn məzunları, İT mütəxəssisləri, mühəndislər və s daha çoxdur. Uzatmayım bu xüsusatları, demək istəyirəm ki, həyat getdikcə daha cəlbedici, maraqlı olur, dostum. Özü də adam görəndə ki, sənə rahatlıq bəxş edən, cəlb edən, stimul verən şeylər heç də əlçatmaz deyil, dörd bir yanında, stolunun üstündə, fləşkartında, rəfindədir, bütün murdarlıqlara, yaramazlığa baxmayaraq, dünyanın nizamına heyran qala, onun qarşısında səcdəyə düşməyə bilmirsən.

Bir məqamdan dərin təəssüf keçirirəm ki, erkən gənclikdə acgözlüklə oxuduğum o kitabları kaş ki, oxumaz olaydım. Çünki indi təzə nəzərlə onları oxuyanda deyirəm ki, məgər mən bu kitabları oxumuşam? Məgər, mən onlardan nəsə anlamışam, mətnin “damarına düşmüşəm ki?” İtirilmiş vaxt, enerji kimi gəlir mənə o mütaliələr. Sanki onları mən “quş qoymaq” xatirinə, Seymur və ya digəri məsələn, Şoloxovdan söz açanda… “hə də, “Sakit Don”u, “İnsanın taleyi”ni yazan?…oxumuşam, oxumuşam”- demək üçün mütaliə eləmişdim. Ancaq bir təsəllim var ki, bəlkə səmərəsiz saydığım o mütaliələr, seyrlər olmasaydı, idraki- təkamülün hazırkı səviyyəsinə çatmaq mümkün olmazdı. Nə fikirdəsən bu mövzuda, ağlına batırmı?

Əziz dostum, bu günlərdə adı başına bəla olan Əli Şəriətinin “İnsan” kitabından miflər və dinlərdə insanın üsyanına dair yazdığı araşdırmanı oxuyurdum. Bir cümlə məni tutdu. Sənətkar mükəmməl formada Şeytanla Prometeyi eyniləşdirib, təhlil edirdi (sən kafaya bax, hardan hara bağ atıb). Ən maraqlısı isə o deyil, budur: deyir ki, Zevsin Prometey üçün əsas nəzərdə tutduğu işgəncə heç də onun günün altında günəşdən yandırıb qaxac eləmək, sinəsini dəmirlə deşmək, ciyərini quşlara yedirdib fiziki əzab vermək deyildi. Bəs nə idi, qardaş?! Yazır ki, onu tənhalıq, yalnızlıq duyğusunun altında əzmək.

Təkcə bu cümlə, məni götürdü apardı “Zəncirlənmiş Prometey”in yanına. Esxilin yazdığı bu faciə 58 səhifədir. Mən onu gecə saat 2-dən səhər 6-ya qədər oxudum. 4 saat! Normalda, onu bir saata oxumaq mümkündür. Ancaq, məndə alınmadı. Sən də yoxlayarsan. Yox, bu qəliz əsər olduğu üçün deyildi, qətiyyən mübaliğə eləmirəm, az qala hər sətir məni “tormoz”u basmağa vadar edirdi, fikrə aparırdı, hər sətir. Bundan qabaq dediyim söhbətdi, bu əsərin təkrar oxunması deyildi, tamamilə yeni bir şey oxumaq, yeni tanışlıq, yeni mənzərələrin seyrinə dalmaq idi. Siftə-siftə başladım əsərin xoşuma gələn yerlərini qeyd etməyə. Sonra gördüm ki, yox canım, bu bihudə işdir, çünki “Zəncirlənmiş Prometey”in altını cızlamayacaq bir misrası belə yoxdur.
Biz Prometeyin hekayəti ilə orta məktəbdən tanışıq. Dünyanın gəliş- gedişindən ortabab baş çıxaran kimə sorsan, həmin əsatirin süjetini sənə danışar. Biz hətta bir az qabağa gedib, Məhəmməd Əmin Rəsulzadənin öz əsərində Azərbaycanı Prometeylə tutuşdurub, ona siyasi məzmun verməsindən də xəbərdarıq (Qafqaz dağlarına qandallanmış və ciyəri Rus gerbindəki ikibaşlı qartalla dağlanan Azərbaycan-Prometey). Bütün bunlara baxmayaraq, dostum, səndən şiddətlə, israrla xahiş edirəm, götür o dramı oxu. Oxu, oxu, oxu. Elə ilk səhifədə, heyrət edəcəksən ki, yahu, bu əsər haqda bizim bildiklərimiz 10 ballıq şkalada uzaqbaşı 0,1 imiş ki!

Seymur, bu əsər təxminən 2500 il bundan qabaq yazılıb. 2500 il bundan qabaq yazılan bu dramın necə diri qalmasına heyrətlənməmək olmur. Yəqin, xəbərdarsan; ana vətənimizdə son vaxtlar “yeni söz, yenilik” azarına, intizarına mübtəla olan xeyli macəraçı peyda olub. Müxalifət olaraq biz də arada belə ərköyün qınaqlara tuş gəlirik ki, guya Azərbaycanda hakimiyyət dəyişikliyinin baş verməməsinin kökündə duran dərd mübarizədə “yeni söz, yeni fikir” olmamasıdır. Mən hər dəfə belə sözləri, müzakirələri görəndə dərin bir qüssəyə dalıram. Çözə bilmirəm ki, görəsən bu adamlar üçün yeni söz, yeni fikir nədir? Doğrudanmı, bu adamlar yeni fikir eşitməyə tamarzıdılar və onun intizarındadılar? Başqa bir dərd odur ki, bəzilərinə də elə gəlir, yeni fikir, yeni söz ortaya qoymaq, “selfi eləmək” qədər asan söhbətdir.

Esxilin məlum dramını oxuyanda Tövratda yazılan “geniş səma altında heç nə təzə deyil; ən yeni söz lap çoxdan unudulan köhnə sözdür” kəlamı məni bir daha sükuta çəkdi. Adam bir az da dilxor olur ki, bu söz-fikir nəmənə şeydir, onun yenisini demək, yaratmaq bu qədər niyə çətin olub?

Seymur, mən o dramı oxuyanda onu simvolizmdən çıxarmaq üçün yüngülvarı bir üsul işlətdim: Prometeyin yerinə səni qoydum. Düzdü, deyəcəksən “heç yeridir, bu qədər şişirtməyə nə hacət?” Amma əsəri oxuyanda sən də belə bir eksperiment elə, gör alınır, ya alınmır, yerinə düşür, ya düşmür. İndi səni fikir götürəcək ki, bəs Şeytan hara, qəhrəmanlıq simvolu saydığımız Prometey hara?! Kəlləni bir işlət, izah asandır. Adı başına bəla olan Əli Şəriəti deyir ki, biz insan olaraq, mahiyyətimizə görə Şeytana borcluyuq. Çünki, ilk yaradılışda Allah insanı təlatümlərdən uzaq, təfəkkürdən yoxsul yaratmışdı: idraka pisi-yaxşını götür- qoy etməyə, seçim etməyə imkan qoymamışdı, buna Adəmin ehtiyacı da yox idi. Məhz Şeytanın əməyi nəticəsində Adəm insan oldu. Təbiətdən, ot, ağac olmaqdan uzaqlaşdı, yeni bir mahiyyət qazandı. Şeytan özünü odlara yandırmaq hesabına da olsa, insan üçün bunu etdi.

Gəlirik, Prometeyin əzablarına. Doğrudan da, nə bu əsərdə, nə onun haqda mövcud digər 3 əsatirdə Prometeyin zəncirə vurularkən, qartallar sinəsini didərkən, başqa fiziki məşəqqətlərə tuş gələrkən, elə bir naləsini görmürük, şikayətləndiyin müşahidə etmirik. Amma ona əzab verən şeyin tənhalıq, tərkedilmişlik olduğu əsərdə çox qabarıq duyulur. Qəribədir, Prometey adının mənası öncəgörəndir və o adına uyğun olaraq bilirdi ki, o zəncirlənmiş qayalıqdan azad olacaq, Zevs özü onun qarşısında səhvini etiraf edəcək, onu azadlığa buraxacaq, amma fikir ver, o qədər uzağı görməsinə baxmayaraq, Prometeyin bilmədiyi şeylər də vardı və bu ona əzab verirdi. Nələr? O unudulduğundan, insanlara od, ziya, zülmətdən çıxış, çoxlu sənətlər öyrətməsinə baxmayaraq, elə düşünürdü ki, adamlar daha onu yad etmirlər, hərə öz kefində-damağındadı. Fəqət reallıq belə deyildi. Onun yanına sonra təşrif buyuran ilahələr də bütün bəşərin bu qəhrəman üçün göz yaşı tökdüklərin deyir. İndi əziz qardaşım, o soyuq divarlar arasında “ömrümü şam kimi yolunda yandırdığım oxucular, insanlar məni lal-kar kimi tərk etdi” kimi düşüncələrə qapılırsansa, öz yalnızlığında pərişansansa, səhv edirsən. Bütün dostların səni ən nəcib hisslərlə xatırlayır, yad edir, arzulayır.

Dostum, o əsərdən azı 40 qeyd götürmüşəm, dəhşətli paralellər var. Sadəcə hamısını bura yazsam, maraqsız olar. Amma anons edim ki, orda sənin bu zindan həyatının bütün mərhələləri əcaib bir oxşarlıqla əksini tapıb. Oxu onu dostum, oxu. O əsər sənə məlhəm kimi təsir göstərməsə, nə deyirsən, mənə de.
Qısa bir iqtibas verim, daha sağollaşaq. Bu əsərin o yeridir ki, kinli və qəzəbli Zevs biznes, praqmatizm ilahəsi Hermesi yollayır Prometeyin yanına ki, onu dilə tutsun, yola gətirsin, dilindən etiraf və əfv ərizəsi alıb azadlığa buraxsın. Prometey rədd edir.

Hermes: Belə dikbaşlığınla qazandıqların budur:
Zəncir, əzab, inilti, yenə nədir bu qürur?

Prometey: Bil ki, bu əzablarımı, bu sonsuz işgəncəmi
Dəyişmərəm xidmətə, aciz müti qul kimi

Hermes: Atam Zevsin bir sadiq carçısı olmaqdansa
Daş qayaya qul olmaq, səncə yaxşıdır bəlkə?

Prometey: Sevirəm bədxahı sözlə acılamaqdan
Hermes: Sən bəlalar içində görünür zövq alırsan?

Prometey: Bəli, zövq alıram mən, istəyim budur ancaq
Düşmənlərim də belə zövq alsın nazlanaraq

Bil bütün allahlara nifrət bəsləyirəm mən,
Onlar xoşlanmır mənim, xeyirxah işlərimdən.

Mənim ürəyim doludur. Gələn söhbətimizdə davam edərik. Səndən cavab gözləyirəm. Ya çıx çölə, ya məktub yaz. Sağlıqla qal.

(Bu qeydlər keçən həftə Seymur Həziyə məktub kimi yazılıb türməyə göndərilib)

Natiq

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button