2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlər

Şeyx Əbdül Mahmudov: “ Özəlləşdirmisiniz Azərbaycanı, xeyir ola?”

24 saat.org rejissor, ssenarist, əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudovla müsahibəni təqdim edir.
– Əbdül müəllim, sizin Bakı meriyası ilə ev probleminiz uzun müddətdir ki, mətbuatda da müzakirə edilir. Bu problem nəhayətdə həll edildimi?
– Xeyir. Həll edilmədi. Çünki bunu həll etməli olacaq şəxs, mənə məlum olmayan səbəblərdən 3 məhkəmə qərarını icra etmir. Mən, ona söz deməkdən daha yorulmuşam. Odur ki, deyirəm allah onun bəlasını versin. Daha başqa sözüm yoxdur.
– Söhbət konkret olaraq kimdən gedir?
– Mən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Əbıtalıbovu nəzərdə tuturam. Çünki 3 məhkəmə qərarını icra etmir. Görün bu nə qədər idarəedilməz məmurdur ki, artıq məhkəmənin qərarını saya saymır. Özü də, söhbət 3 məhkəmə qərarından gedir-rayon, apelyasiya və Ali Məhkəmənin qərarı. Burdan o tərəfi qalır prezident. Prezidentə mən, ölkə ziyalıları, media da müraciət edib. Hələlik cavab almamışıq. İndi ümid qalır Mədət Quliyevə.
– DTX-nın rəisi Mədət Quliyevi nəzərdə tutursunuz?
– Bəli. Deyirlər ki, Mədət müəllim belə məsələlərə diqqət edən məsuliyyətli adamdır. Mən də gözləyirəm bayram başa çatsın. Bundan sonra ona görüşmək üçün müraciət edəcəyəm. Əgər görüşə bilsək məhkəmə qərarlarını və digər sənədləri ona təqdim edəcəyəm. Deməli Azərbaycan konstitusiyası ilə müzakirə edilməz qanunlar var. Başqa sözlə, məhkəmə hökmləri ilə prezidentin sərəncamları müzakirə edilə bilməz. İndi siz görün ki, Hacıbala Abıtalıbov kimi adam rəsmi məhkəmə qərarlarına necə münasibət göstərir. Fövqəladə Hallar Nazirliyinin akt sənədlərini, məhkəmə ekspert komissiyasının rəyinə ümumiyyətlə diqqət etmir. Belədir də, qardaşı, bizi sayan yoxdur.
– Hacıbala Abutalıbovla görüşüb məsələləri onunla müzakirə etməyə cəhd göstərmisinizmi?
– İki-üç dəfə görüşdüm. Hər dəfədə and-aman edib ki, məsələ həll ediləcək. Daha sonra da heç nəyi yoluna qoymayıb. Mən bir şeyi ona bağışlamıram. Haradasa deyib ki, mənimlə söhbət edib, amma məni razı sala bilməyib. Guya mən onun təkliflərinə razı olmamışam. Mən də deyirəm ki, yalançının…
– Sizin konkret istək və tələbiniz nədən ibarətdir?
– Mənim tələbim odur ki, məhkəmənin qərarları icra edilsin. Bundan ayrı tələbim yoxdur.
– Məhkəmə qərarı nədən ibarətdir?
– Qərarda təzminat, mənəvi ziyan, köçürülmə variantı, evlə təmin etmək variantı var və s. Mən heç Hacıbala Abıtalıbovu tanımıram, heç nə istəmirəm. Azərbaycan məhkəmələrinin Azərbaycan Respublikası adından çıxarılan qərarları icra etsin.
– Siz, Azərbaycanda tanınmış xadimsiniz, mədəniyyət sahəsində tanınmış şəxsiyyətsiniz. Sizcə, sizə qarşı bu sayğısızlığın səbəbi nədədir?
– Mən sıradan bir adam deyiləm. Mənim xidmətlərim var. Son bir ayda mənim Roma papasına, ABŞ senatorlarına saxta erməni soyqrımı ilə bağlı etdiyim müraciətlər var. Bir çox məktub və müraciətlərim xarici dilə tərcümə edilərək yayılır. Fikrimcə, mən erməniləri ifşa və rüsay edirəm. Təsəvvür edin ki, ermənilərin səkkiz adını tapmışam. Bir tayfanın nə qədər adı olar? Məndə konkret sənədlər var və onların əsasında “Qan yaddaşı” filmini çəkmişik. Ruhu şad olsun, ilk dəfə Heydər Əliyev erməni soyqrımının yalan olduğunu bəyan etdi. Mən də ondan sitat gətirərək böyük film etmişəm. Mən elə başa düşürəm ki, ermənilərin yalançı tayfa olduğunu, bu regiona gəlmə olduqlarını deyirəm. Eyni zamanda neçə illərdir ki, Şah İsmayıl Xətai üzərində işləyirəm. Bu istiqamətdə mərhum prezident Heydər Əliyevin sağlığında işə başlamışdıq. O, vəfat edəndən sonra bu işi saxladılar. Məndə indi belə qənaət yaranıb ki, içində Hacıbala Abutalıbov olmaqla bunlar kim bu xalqın əxlaqına, torpağına, tarixinə, mənəviyyatına sahib çıxmaq istəyirsə, onlara düşmən kəsilirlər. Məsələn, Hacıbata Abıtalıbovun qarnının ağrısı nədir? Bəyəm onun dədəsinin şəhəri var, bura dədəsinin mülküdür? Evimi uçurmusan qardaşım, rəsmi dövlət strukturlarının sənədləri var. Evimi uçurub altında qaraj tikmisən, vermisən qohum-əqrəbana, onlar da buradan ətək-ətək pul qazanır. Parkın içində 3 dənə kafe tikmisən ki, uzunluğun az qala 100 metrdir. Bunlar sənin dədənindir? Özəlləşdirmisiniz Azərbaycanı, xeyir ola? Haram xoşun olsun. Bu işləri görəndə milyonlar qazanmısan. Mənim evimi dağıtmısan. Mən ziyalı, sənətkar adamam, halal zəhmətimlə yaşayıram, heç qəzet köşküm, tum satan vedrəm belə yoxdur. Yaxı uçurmusan, dağıtmısan, indi də gəl düzəlt. Adama daha nə deyərlər. Mən yaşlı insanam, 73 yaşım var, bundan artıq nə deyim, nə edim? Hər söz dedim, düşündüm ki, Hacıbalaya toxunar və məni məhkəməyə verər. Ancaq bunu da eləmədi. Bu adam bildiyini edir. Nə prezidenti sayır, nə Milli Məclisi sayır, nə də məhkəmə qərarlarını. Bunun sahibi yoxdur ki, aparıb onu müalicə etsinlər və Bakının da canı ondan qurtarsın.
– Siz, bu məsələdə sona qədər gedəsisiniz?
– Mən küçədə qalmalıyam, yaşamalı deyiləm? Mənim pulum var ki, bunlar kimi gedim ev alım, villalar tikdirim? Siz gəlib görsəniz ki, mənim kimi xidmətləri olan yaradıcı insan necə yaşayır, gözlərinizə inanmasınız. Mən hazırda rayondan gəlirəm. Bütün Azərbaycanın mənə birinci sualı olur ki, şeyx bu nə məsələdir, bunlar sizin kimi adama qarşı niyə belə edirlər. Əli Həsənov Prezident Aparatında əyləşib, 40 ildir mənimlə salam-kalamın olub, niyə danışmırsınız? Ali Məhkəmə, Apelyasiya Məhkəməsi çıxardığı qərarı müdafiə edin də…Fikrət Məmmədov, sənin məhkəmə qərarları icra mexanizmin mənə deyir ki, Hacıbala Abutalıbovdan qorxur. Mənə deyirlər ki, biz qərarları çıxarmışıq. Ancaq onun icrasından qorxuruq, balalarımız var. Niyə Fikrət Məmmədov danışmır? Kimdir axı bu Hacıbala Abutalıbov?
– Medianın sizə dəstəyi arzu etdiyiniz şəkildədir?
– Media, ziyalılar, saytlar yazır, müraciət edir. Sanki yiyəsi yoxdur. Bir qrup ziyalı prezidentə müraciət edib. Mən prezidentin seçki kampaniyasında iştirak etmişəm, imkanım çatan həddə dəstəyimi göstərmişəm. İndi baş verənlər nədir, mənə niyə köməklik göstərmirsiniz? Bu gün İrəvanın quberniya kimi icarəyə verilməsi məsələsini mən ortaya çıxarmışam. I Pyotrun vəsiyyəti və konkret sərəncamını mən ortaya çıxarmışam. Mən illərdir ki, bu barədə müsahibələr verirdim, bir nəfər də dillənmirdi. İndi cənab prezident bu mövzuda konkret mövqe bildirib. Çox sağ olsun. Axı mən hər zaman demişəm ki, prezident siyasi rəhbərdir, onun dilindən çıxan sözlərə siyasi rəng verirlər. Gəlin, biz ziyalılar, elm adamları bu haqda danışaq. Əgər siz danışmağa çəkinirsinizsə, mən deyim bu haqda. Prezidentə də, irad bildirdəndə desin ki, mən neynəyim bunlar elm və mədəniyyət adamlarıdır, ziyalılardır, həqiqətləri ortaya çıxarıb deyirlər. Ancaq illər əvvəl mən danışanda heç kim danışmırdı. İndi prezident ortaya mövqe qoyandan sonra hamısı danışmağa başladı.
– Mayın 15-də sizin doğum gününüz olub. Sizi təbrik edən oldumu?
– Xeyir məni təbrik edən olmadı. Mədəniyyət və Turizm Nazirliyindən də təbrik almadım. Görünən budur ki, mənim fəaliyyətim çoxlarının xoşuna gəlmir.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button