SEÇMƏ

“Şikayət etdiyinə görə polis şöbəsində anama hədə-qorxu gəliblər”

Yayımlandı: 30 Noyabr 2022 17:50

Masallı sakini: “Hansı qanun ona icazə verir ki, polis vətəndaşa qarşı bu cür davranır?”

Masallı rayonunun Yeyənkənd kəndində yaşayan Məmmədovlar ailəsi polisdən narazıdır. Deyirlər ki, evlərindəki oğurluqdan 6 ildən çox vaxt keçir, lakin Masallı Rayon Polis Şöbəsi bu cinayətin üstünü açmaq, oğurluq edənləri məsuliyyətə cəlb eləmək istəmir.

“Bu cür özbaşınalıqlar araşdırılsın”

Ailə ötən illər ərzində Prezident Administrasiyası, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq da daxil olmaqla, müxtəlif dövlət orqanlarına yüzlərlə məktub və teleqram göndərib. Amma hələ ki, nəticə yoxdur.
Etimad Məmmədov deyir ki, cinayətin üstünün açılmaması bir yana, üstəlik, ailəyə təzyiq göstərirlər. Onun sözlərinə görə, anası Mənsuma Məmmədova bugünlərdə növbəti dəfə Masallı Rayon Polis Şöbəsinə şikayətə gedib. Orada Babək Nəsirov adlı əməkdaş onu hədələyib, təzyiq altında videoçəkiliş edib:
“Dövlət orqanlarına şikayətlərimizə görə anama hədə-qorxu gəlib, üzr videosu çəkdirib. Bu, nə deməkdir? Hansı qanun ona icazə verir ki, polis vətəndaşa qarşı bu cür davranır?Daxili İşlər Nazirliyinə də müraciət etmişik ki, bu cür özbaşınalıqlar araşdırılsın”.
Etimad Məmmədov vurğulayıb ki, bu cinayətin üstünün açılmasına imkan verməyən vəzifəli şəxs var, onun kimliyini də bilirlər.

“600-dən çox şikayət göndərmişik”

Mənsuma Məmmədova deyir ki, 6 il öncə toya gedəndə qızıl-zinət əşyalarını gizlətdiyi yerdən çıxarıb, bəzilərini götürüb, qalanını şkafa qoyub. Toydan qayıdanda zinət əşyalarının yerində olmadığını görüb.
“Kimdən şübhələndiyimizi də adıyla polislərə demişik. Amma heç bir tədbir görmürlər. Daha gəzmədiyimiz qapı, şikayət etmədiyimiz yer qalmayıb. Bəlkə inanmazsınız, bu illər ərzində 600-dən çox məktub göndərmişik. Vətəndaşa qarşı bu qədər biganəlik olar?!”, – Mənsuma Məmmədova bildirib.

DİN: “Müəyyən edilmədiyinə görə icraat dayandırılıb”

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan Meydan TV-yə bildirilib ki, sözügedən oğurluq faktıyla əlaqədar Masallı Rayon Polis Şöbəsində cinayət işi başlanıb:

Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb. Əməliyyat-axtarış tədbirləri və zəruri istintaq hərəkətləri aparılıb. Lakin təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyinə görə cinayət işinin icraatı dayandırılıb. Hazırda faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir”.

Meydan TV

Gözdən qaçırmayın:  DÇ-2022: Daha 4 komanda növbəti mərhələyə vəsiqə qazanıb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button