2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Şou

“Silikonlu, botokslu halda efirə çıxıb yalan danışır” – “Maqazin klubu”

“EFİRƏ PULLU KİŞİ TAPMAQ ÜÇÜN ÇIXIRLAR”

Son həftələr ölkənin xəbər gündəmində televiziya ilə bağlı bir neçə hadisə yer alıb. Onlardan biri də “Space”in efirində hava xəbərlərinə aparıcılıq edən qaradərili Tendai Shenainin işdən çıxarılması idi. Bu dəfə “Maqazin klubu” olaraq televiziya aparıcılarını müzakirə etmişik. Sosial şəbəkələrdə insanların tez-tez haqqında danışdıqları aparıcı problemi…

AZƏRBAYCANDA GÖZƏL QADIN QITLIĞIDIR?

Saytların yığılması Saytlarin yigilmasi

Pərviz:
– Sosial mediada insanlar qızın qaradərili olduğu üçün işdən çıxarıldığını irəli sürdülər. Əslində, isə elə deyildi. Qızın nitqində ciddi şəkildə qüsur var idi. Rəsmi “Azərbaycan” qəzetində bu haqda məlumat çıxandan sonra efirdən uzaqlaşdırıldı.

Elvin:
– “Space” belə  məsələlərdə daha həssasdır, ictimai qınağı nəzərə alır. Mənim üçün isə ağdərili ya qaradərili olmasının fərqi yoxdur. Əsas Azərbaycan dilini yaxşı bilməsi, teleaparıcılığa uyğun olmasıdır. Dünya mediasında da fərqli millətlərdən və irqlərdən insanları görürük.

Zəhra:
– Mən isə təkcə televiziyada deyil, bütün sahələrdə əcnəbilərə yer verilməsini və öz istedadlı gənclərimizin kənarda qalmasını qınayıram. O aparıcının vizual cəhətdən də efirdə uyğun olduğunu düşünmürəm. Bizim o qədər gözəl, istedadlı aparıcılarımız var ki, hazırda efirdə deyillər. Yəni, bu qədərmi Azərbaycanda gözəl qadın qıtlığıdır?

Pərviz:
– Bu, “Space”in diqqət çəkmək üçün bir üsulu idi və buna nail oldu. Uzun müddətdir ki, gündəmdən uzaqdırlar. Bu, onların fərqlənmə cəhdi idi. Əgər dil amili MTRŞ üçün belə həssasdırsa, efirdən uzaqlaşdırılmalı hələ çox aparıcı var.

Elvin:
– MTRŞ aparıcıların nitqlərini tez-tez monitorinq edir. Amma bu monitorinq şəffaf və diqqətli keçirilirmi? Məsələn, Aynur Talıbovanın Xəzər TV-dəki səyahət verilişi illər əvvəl efirə gedib. Telekanal həmin verilişin buraxılışlarından birini illər sonra nümayiş etdirib. MTRŞ son hesabatında həmin efirdə Aynur xanımın nitqini monitorinq edib. Bu o deməkdir ki, MTRŞ diqqətli deyil.. Hazırda Aynur Xəzər TV-də çalışmır. Həm də həmin görüntülərdə o, dağa  çıxır və ekstrim vəziyyətdə bir neçə sözü qüsurlu və ya loru dildə işlətməsi normaldır. MTRŞ bunu əvvəldən fikirləşməlidir. Qurumun səlahiyyətləri artırılmalı, bütün aparıcılar efirə çıxmazdan əvvəl MTRŞ-nın nəzarətindən keçməlidir. Ya da AzTV belə bir məktəb qurmalıdır.

Zəhra:
– Günahın bir qismi də televiziya rəhbərlərindədir. Tanışlıqla, tapşırıqla efirə aparıcı götürməməlidirlər. Efiri açanda göz oxşayan aparıcıların sayı azdır. Xarici telekanallarda da yaşlı, kök qadınlar var, amma daha çox model qızlara rast gəlmək olar.

“BİZƏ DEDİLƏR Kİ, ANCAQ QIZLARI İŞƏ QƏBUL EDİRİK”

Pərviz:
– Jurnalistika fakültələrindən savadlı kadrlar çıxır, Mədəniyyət və İncəsənət Universitetindən potensial aparıcılar tapmaq mümkündür. Sadəcə, televiziyalarımız tanımadıqları insanların, gənclərin CV-lərini qəbul etmirlər. Tələbə vaxtımızda yadımdadır, CV-ni aparırdıq telekanala, birinci mərtəbədə bizi qaytarırdılar ki, “tapşırıblar ki, oğlanlardan CV qəbul etməyək, qızlardan da seçirik”. Yəni, telekanallar yeni simalar üçün tapıntı etmək istəmirlər.

Elvin:
– Türkiyədə TRT məktəbi var. Jurnalisti üç il müxbir kimi işlədir, ondan sonra efirə hazır buraxırlar. Görünüş isə bu gün daha çox önəmlidir. Bayaq Zəhra da dedi ki, gözəl modellər, qızlar lazımdır. Bəzi gözəl aparıcılar var idi ki, indi efirdə yoxdurlar. Maksimum bir il efirdə qaldıqdan sonra, özlərinə vəzifəli sevgili tapıb televiziyadan getdilər.

Pərviz:
– Azərbaycanda televiziyaya gələn gənc jurnalistlərin bir iddiası var, hamı aparıcı olmaq istəyir. Televiziyada digər sahələr ona görə axsayır. Veriliş təkcə aparıcıdan ibarət deyil ki.

Zəhra:
– Elə aparıcı da var ki, bir qarış boyu var, səsi tamaşaçıları bezdirir, amma tanışı var deyə, hələ də efirdədir. Sosial şəbəkələr onu nə qədər tənqid etsə də, xeyri yoxdur.

ATV əvvəllər gənclər üçün çox yaxşı şans yaradırdı. Kastinqlər elan edirdi. İndiki aparıcıların əksəriyyəti o kastinqlərdən gəliblər. Elçin Əlibəyli  ATV-də olanda səhər aparıcıları koridora yığıb onlara nitq məşqləri etdirirdi.

Pərviz:
– Elçin Əlibəyli çox peşəkar aparıcı idi. Vaxtında nə qədər tənqid olunsa da, “El içində” maraqla izlənilən proqram idi. Başqa telekanallarda da göründü, amma hazırda televiziya sahəsindən uzaqdı.

Zəhra:
– Çox istərdim, onu efirdə görək. Sadəcə, ailə problemlərinə görə, bir müddət başı qarışdı.

“TELEVİZİYAYA ÇIXMAQ ÜÇÜN KİMİNSƏ SEVGİLİSİ OLURLAR”

Elvin:
– Bəzi aparıcılar da televiziyaya çıxmaq üçün kiminsə sevgilisi olurlar. Televiziyaya yaxın adamların çoxu öz yaxınlarını, qızlarını efirə buraxmırlar. Çünki mühiti bilirlər.

Zəhra:
– Ona görə də, kimsə öz gücünə efirə çıxanda da, insanlar ona qarşı yaxşı düşüncədə olmurlar. Amma o qədər elə aparıcı var ki, heç kimin sözü, tapşırığıyla deyil, işi ilə ora keçib.

Pərviz:
– Aparıcılara qarşı lazımsız qınaq da çoxdur. Yeganə aparıcı Leyla Əliyevadır ki, insanlar ona qarşı heç vaxt mənfi fikir bildirmirlər.

Zəhra:
– Leyla xanım hazırda AzTv-də veriliş aparsa da, o, daha böyük layihədə görünməlidir. Bütün günü gözümü “mazol” edən aparıcılardansa, ona daha çox efir verilməlidir.

Elvin:
– Leyla xanım elə aparıcılardandır ki, efirdə “manıslaşmaq” istəmir. O, reytinq xatirinə əl çalıb, efirdə hoppanan aparıcılardan deyil. Ona görə AzTV-yə getdi. Bir də Yelena Sidorenko, Aynur Talıbova da bizim efirlərdən canlarını qurtarmaq üçün başqa sahələrdə özlərini sınadılar.

“ŞPAQAT AÇMAMAQ ÜÇÜN EFİRDƏN GETDİ”

Pərviz:
– Hərdən illər əvvəlin aparıcıları üçün, diktorları üçün darıxırıq. İndi onları efirdə əvəz edəcək simalar yoxdur. Nərgiz Cəlilova, İlhamiyyə Rza uzun müddətdən sonra efirə qayıtdılar. Amma əvvəlki effekti vermir. Məncə onlara daha azad efir lazımdır. İlhamiyyə Rza “Nəzər nöqtəsi”ndən elə ondan reytinq tələb olunduğu üçün ayrıldı və çıxanda da açıqlama vermişdi ki, “Mən efir üçün şpaqat açan jurnalistlərdən deyiləm”. Elə bəzi aparıcılar, şpaqat açmamaq üçün efirdən getdilər.

Zəhra:
– Nərgiz Cəlilova peşəkarlığı ilə yanaşı insanlığı ilə də sevilir. İndiki aparıcılar isə özlərini o qədər göydən aparırlar ki.

“APARICILAR MƏŞHUR OLMAQ ÜÇÜN HƏR YOLA ƏL ATIRLAR”

Elvin:
– Problemimiz də, sənəti aparıcı olub, özünü apara bilməyənlərdir. Hər yola əl atırlar ki, onlardan məşhur kimsə olmasın. Müğənniləri keçiblər. Teleaparıcılar əvvəllər sadə və səmimi, yadda qalan idilər. İndikilərin yadda qalmamasının əsas səbəbi səmimi olmamaları və kimisə təkrarlamalarıdır. Məsələn, son maqazin verilişlərinin əksər aparıcıları özlərini Afaq Gəncəliyə bənzədirlər. Afaqın mənfi və müsbət cəhətləri var, amma efirdə seçilir, fərqlidir, öz tərzini yaradıb. İndi xəbər aparıcıları da bir-birini təkrarlayır, yenilik istəmirlər. Etdikləri yenilik isə dünya mediasında görünməmiş bir şeydir. Kişilər saqqal saxlayır, qadınlar isə şarfları başına boğazlarına dolayıb efirə çıxarırlar, rəngli aksesuarlar taxırlar. Uğursuz yenilikdir.

Zəhra:
– Samirə Musatafayeva aparıcı kimi çox maraqlı, uğurlu və yadda qalan idi. Hətta bəzi həmkarları da özlərini ona oxşadırdılar. Onun efirdən uzaqlaşmağına çox təəssüflənirəm.

Pərviz:
– Samirə Mustafayevanın səhvi öz ciddi imicini zədələməsi idi. Xəbər aparıcıları bütün dünyada əyləncəli proqramlarda, reklamlarda çox görünməməlidirlər. Hətta bir çoxu şou proqramlara qatılmırlar. Samirə xanım isə müğənnilərlə ayaqlaşırdı. Son vaxtlar müşahidə edirdim ki, sosial şəbəkələrdə də ona qarşı tənqidlər çoxalmışdı.

Elvin:
– Samirənin daxilində şouya həvəs çox idi.

Pərviz:
– Bizim tamaşaçı çox kinlidir. Səhvi bağışlamır və unutmur. Mətanət Əliverdiyeva efirdəki məlum sözlərindən sonra qınaq obyekti oldu və bu, hələ də davam edir.

Zəhra:
– Mətanət özünü şou verilişində tapmışdı. O, şəxsi həyatında da problemlər yaşadı. Bəlkə də bir qədər arxa planda qalmaqla çox şeyi unutdurmağa çalışdı. Hansısa böyük layihə ilə qayıtsa, yenə də reytinq qazanacaq. Məsələn, onun alternativi olan Azər Axşamın “Hər axşam” proqramı o qədər baxımlı olmadı.

Pərviz:
– Mətanət Ellen Deceneresin yerli versiyası idi. Zarafatı ilə, hər şeyi ilə əsl şounu göstərirdi. Amma Mətanət amerikan tamaşaçısıyla bizim tamaşaçının psixologiyası arasındakı fərqi nəzərə almadı. Azər Axşam isə yaradıcı insandır. Hər gün efirdə olması onu yorur.

Elvin:
– Məncə isə, Azər Axşamın verilişinin reytinqi olmasaydı, ikinci mövsümə hazırlaşmazdı. Mətanətə gəlincə , onun radio fəaliyyəti daha uğurlu idi. O, diktorluğu daha yaxşı bacarır. MTRŞ-nın monitorinqində də ən çox adı çəkilən aparıcılardandır. Biz radiodakı qadınların səsində hələ də Mətanəti axtarırıq.

HANSİ TELEAPARICIMIZ DAHA ZÖVQLÜDÜR?

Elvin:
– Səhər verilişinin aparıcıları gecə geyimində efirə çıxır, gecə verilişinin aparıcıları isə səhərə uyğun geyinir.

Zəhra:
– Sevil və Sevinc bacıları əvvəllər efirə o qədər da yaxşı geyinmirdilər. Bunu hətta özləri də etiraf ediblər ki, “Əvvəl imkanımız yox idi, nə tapdıq geyinirdik. Məşhur deyildik deyə, mağazalar, gözəllik salonları bizimlə işləmək istəmirdilər”.  İndi isə zövqlü geyinirlər. Zövqlü geyinən digər aparıcı isə Afaq Gəncəlidir.

Pərviz:
– Aparıcıların geyimi ilə telekanal özü maraqlanmalı, onları təmin etməlidir.

Elvin:
– Mən isə xəbər aparıcılarından Samirə Mustafayeva, Alidə Mustafayevanın geyimlərini bəyənirəm. Öz obrazına uyğun geyinənlərdən biri də Leyla Əliyevadır. Kişi aparıcılardan Rüfət Ağayev zövqlüdür.

“AZƏRBAYCANI TƏRK ETMƏYƏ HAZIRLAŞIR”

Pərviz:
– “Beşinci element”in bütün aparıcıları zövqlüdür. Kamilə Babayeva, Hüsniyyə Məhərrəmova, Ranar Musayev də yaxşı geyinənlərdən sayılır. Məncə, bu mövsüm hər mənada ən uğurlu veriliş də “Beşinci element”dir. Fərqlidirlər.

Yeri gəlmişkən, eşitdiyimizə görə, Rüfət Azərbaycanı tərk etməyə hazırlaşır, başqa ölkədə yaşayacaq.

Zəhra:
– Rüfət, yəqin ki, bununla bağlı açıqlama verər. Mən Kamiləni daha çox bəyənirəm. “Belə yaxşıdır”dakı aparıcılığı da çox pozitivdir.

Elvin:
– Onların “Port Baku”dakı fotosessiyaları da kreativ alınmışdı.

Pərviz:
– Vüsalə Əlizadəni də zövqlü aparıcılar siyahısına daxil etmək olar. Yetərincə baxımlı qadındır.

Elvin:
– Aparıcı var ki, dəb verilişi aparır, amma dəbdən xəbəri yoxdur. Məsələn, Lamiyə Ələkbərovanın efir geyimini qəti bəyənmirəm.

Pərviz:
– Ümumiyyətlə, Lider TV hazırda o qədər də reytinq qazana bilmir.

Zəhra:
– Bir zamanlar “Lider”in xəbərlər buraxılışları maraqla izlənilirdi. Sosial problemləri işıqlandırırdı.

Pərviz:
– “Səda” məktəbi var idi. Bundan başqa “Milyonçu”, “Zəif Bənd” layihələri maraqla izlənilirdi. Bir zamanlar Murad Dadaşovun  “Biz sizə göstərərik” layihəsi başlamışdı. Röya, Faiq Ağayev, Brilliant Dadaşova, Nərgiz Cəlilova, Sənubər İsgəndərli, Gülgünə efir verilmişdi… O da uzun çəkmədi. Həmin sloqandan illər əvvəl ANS istifadə etmişdi.

Elvin bu arada səyahət verilişlərini yada salır. AzTv-nin “Ay ev yiyəsi” proqramından tutmuş indi efirdə olanlara qədər çoxunu yada salırıq.

Elvin:
– Rayonları gəzən indiki aparıcıların çoxu efiri toyxanaya çeviriblər. Bəziləri də reketçiliklə məşğuldur.

Pərviz:
– Xəzər TV-də “Ənənə boxçası”nı aparan Leyla Mustafayevanın nitqini, intelektini, davranışını bəyənirəm. Amma o formatda deyil, studiya verilişi aparsa, daha uğurlu alınar.

Zəhra:
– Space TV-də də belə proqram var. Aparıcı yaxşıdır, amma o format efir üçün deyil. Ümumiyyətlə, Space TV-də “Sevimli şou”nu da nəzərə alsaq, bu kanal ancaq toyxana effekti verir.

Pərviz:
– Mirşahin bir dəfə demişdi ki, insanlar buna baxırsa, biz necə onu tənqid edə bilərik.

Elvin:
– Eynən, “Sevimli şou”ya baxan da tamaşaçıdır, tənqid edən də.

Zəhra:
– “Sevimli şou” indi “Space”in ən reytinqli verilişidir. Bütün günü də tənqid olunur, amma xeyri yoxdur.

Elvin:
– Çünki bizim ictimai qınaq zəifdir, gücü yoxdur, anti-kampaniyalar təşkil edilmir.  Biz gözləyirik ki, hər şeyə MTRŞ fikir bildirsin. MTRŞ-da isə bütün günü oturub efirə baxırlar, hansı aparıcının dilində bir dənə səhv tutsalar, yazırlar. Sanki nə qədər söz səhvi tutsalar, o qədər də qonorar verirlər.

Pərviz:
– Türkiyənin RTÜK-ünü nümunə götürmək lazımdır. Onlar bir az ifrata varsalar da, hər şeyə vaxtında reaksiya bildirirlər.

“EFİRƏ PULLU KİŞİ TAPMAQ ÜÇÜN ÇIXIRLAR”

Söhbətimizin bu yerində kişi aparıcılardan daha az danışdığımızı hiss edirik. Bunun günahını əvvəl özümüzdə görsək də, daha sonra efirdə azsaylı kişi aparıcının olduğunu vurğulayırıq. Təhsil sistemimizdə olduğu kimi, qadınların dominantlığı bu sahədə də özünü göstərir.

Elvin:
– Son dövrdə kişi aparıcıları üzə çıxa bilmirlər. Qadınları daha çox istismar edirlər, onları efirdə vizual görünüşlərinə görə istifadə edirlər.  Bəzi qadın və kişi aparıcılar efiri “varlı kişi”ləri cəlb etmək üçün istifadə edirlər. Hətta bəzi verilişlərdə qonaq olan müğənnilər də bu məqsədlə efirə çıxır. Bu, efirdəki digər qadınların da imicini korlayır.

Zəhra:
– Azərbaycan kişiləri efirdə olan qadını yanında sevgili kimi gəzdirməyi sevirlər.

Elvin:
– Ən məşhur kişi aparıcılarımızdan biri Zaur Kamaldır. Onun efir davranışını qətiyyən bəyənmirəm. Qonaqlarını vurmağa çalışır.

Zəhra:
– Bəzi insanları da yerində vurur…

Pərviz:
– Ləhcəylə ən çox danışan aparıcıdır.

HAZIRDA EFİRDƏ OLMAYAN APARICILAR…

Elvin:
– Nailə İslamzadə, Zümrüd Bədəlova… Efirə qayıtmağa hazırlaşırdı bu yaxınlarda. Amma bu mövsüm redaktorluq etdi. Bircə dəfə “Hər axşam” verilişində qonaq olanda efirdə göründü.

Zəhra:
– Hazırda efirdə olmayanlardan biri də Zaur Nəbioğludur. Sonuncu verilişi “A-dan Z-yə” olmuşdu. Amma yenidən efirə qayıdacağını eşitmişik. Yəqin ki, yeni mövsümdə onu da görəcəyik.

Elvin:
– “A-dan Z-yə” maraqlı layihə idi. Zaur sanballı müğənniləri efirə çağırırdı. Maraqlı  araşdırmalar, gözlənilməz üzləşmələr edirdi. Aparıcıların cəsarət edə bilmədiyi sualları verirdi.

Pərviz:
– Kimi yenidən efirdə görmək istərdiniz?

Elvin:
– Aynur Talıbova, Zümrüd Bədəlova

Zəhra:
– Zümrüd Bədəlova, Samirə Mustafayeva. Xəzər TV-nin aparıcı Anar Nəcəfli efirə fərqlilik gətirmişdi, amma hazırda yoxdur. Aytən Səfərova, Günel Musəvi da efirdə yoxdur.

Pərviz:
– Aytən Səfərova həm xəbər aparıcısı kimi, həm də şoumen kimi çox uğurludur, hazırcavabdır, insanlar da onu sevir.

XOŞQƏDƏM HİDAYƏTQIZININ REYTİNQ ÜÇÜN ETDİKLƏRİ SÜNİ ALINIR”

Pərviz:
– Məncə, teleməkanda ən reytinqli layihələri edən aparıcılar Zaur Baxşəliyev, Murad Dadaşov, Xoşqədəm Hidayətqızıdır.

Zəhra:
– Murad Dadaşov efirdə daha çox görünməlidir, amma…

Elvin:
– Bir ildə iki layihə etdi. Keçən il yayda “Maşın şou”, daha sonra da “Talant şou” ilə göründü. Amma ikinci çox uğursuz alındı. Adam fikirləşir ki, Azərbaycanda istedadlı adam yoxdur?

Pərviz:
– Azərbaycanda istedad deyəndə ancaq saz ifaçıları, bir də muğam oxuyanları görürük. Daha çox bu istiqamətdə inkişaf etmişik.

Zəhra:
– Zaur Baxşəliyevin də bu tip verilişi vardı. Orda da belə idi. Saz, muğam, şeir…

Elvin:
– Efirdə çatışmayan cəhətlərdən biri səmimiyyətdir. Çoxu pafoslu, sünidir, reytinq xatirinə hər şey edir. Reytinqlə nəfəs alan aparıcılardan biri Xoşqədəm Hidayətqızıdır. Hər kəs ona baxsın deyə, efirdə hər şeyin dozasını çox edir. Bu da süni alınır.

Zəhra:
– Xoşqədəm xanımın aktrisalıq qabilliyəti yoxdur. Amma verilişləri çox reytinqli olur.

Pərviz:
– Nə qədər tənqid etsək də, çox iş görür. Üç ölkə ilə canlı bağlantı edib bir ailənin taleyini həll etdi. Amma bir qədər insanların həssas nöqtələrinə bilərəkdən çox toxunur.

“SİLİKONLU DODAQ, BOTOKSLU ÜZLƏ ÇIXIB TAMAŞAÇIYA YALAN DANIŞIR”

Zəhra:
– Aparıcıların qüsurlu davranışlarında biri də tamaşaçıya yaxşı görünsünlər deyə, yalan danışmalarıdır. Yaddan çıxarırlar ki, ekran qarşısında  onları tanıyan, yaxınları, qohumları, qonşuları var. Aparıcı var ki, kiprikləri, saçları, dırnaqları qaynaq, qaşları tatuaj, dodağı silikon, üz botoks, nə vaxtsa uğursuz burun əməliyyatı etdirib, amma deyir ki, “Mən heç vaxt burun əməliyyatı etdirmərəm”.

Pərviz:
– Bu, artıq səmimiyyətsizlik yox, daha çox xəstəlikdir.

Elvin:
– Əslində belə mövzuları redaktor qoyur, aparıcı ona uyğun fikir bildirir. Amma Zəhranın misal çəkdiyi proqramlarda aparıcı da, redaktor da eyni adam olur.

Pərviz:
– Özünə yalan deyəndən sonra, tamaşaçının ona inanmasını gözləmək də axmaqlıqdır.

“ÖVLADININ ÜZÜNÜ HAMIDAN GİZLƏDİR, VERİLİŞİNDƏ İSƏ REYTİNQ ÜÇÜN BALACA UŞAQLARI AĞLADIR

Elvin:
– Efirdə o qədər süni formada bir-birinə “can” deyən var ki. Adam baxanda arıqlayır.

Pərviz:
– Ötən mövsümlərdə efiri ən çox zəbt edən aparıcılar Zaur və Günay cütlüyü idi. ATV-yə nə vaxt baxırdın, onları görürdün.

Elvin:
– Zaur-Günay cütlüyü də sünidirlər. Təsəvvür edin ki, öz övladının üzünü İnstaqramda gizlədir, izləyicilərə göstərmir, amma efirində körpə uşağı çıxarıb onun üzərində reytinq qurur və onu ağladır, atasını-anasını ağladır. Mən buna necə səmimiyyət deyim?

HAZIRDA EFİRDƏ OLAN ƏN YAXŞI APARICILAR:

Elvinin versiyası:
– Leyla Əliyeva
Vüsalə Əlizadə
AzTV-nin “Xəbərlər” aparıcısı Vüsalə Eyyubqızı

Zəhranın versiyası:
– Leyla Əliyeva
Kamilə Babayeva
Afaq Gəncəli

Pərvizin versiyası:
– Leyla Əliyeva
Hüsniyyə Məhərrəmova
Nərgiz Cəlilova

İndiyə qədər Azərbaycan teleməkanında ən yadda qalan layihələri isə birgə seçdik. Onlar arasında şou da, siyasi veriliş də var.

– “Maşın şou”, “Zəif Bənd”, “Milyonçu”, “Qulp”, “Cəm”, “Kuklalar”, “Səni axtarıram”…

Müzakirəmizi bununla bitiririk. Sonda ənənəmizə sadiq qalaraq növbəti dəfə üçün mövzumuzu həyəcanla seçirik.

“Maqazin Klubu” olaraq yenə də oxucularımızın bilmədiyi bir neçə xəbəri onlara çadırmışıq. Şərhlərimiz isə nə qədər subyektiv olsa da, qərəzdən yayınmağa çalışmışıq. Onu da əlavə edim ki, fikirlərimiz çalışdığımız redaksiyaların fikirləri ilə üst-üstə düşməyə bilər…

Hazırladı: Pərviz Sadıqov

Söhbət etdi: Pərviz Sadıqov, Zəhra Əhmədova (Axşam.az) Elvin Elxan (Qafqazinfo.az)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button