2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Sionizm və yəhudilərin Fələstinə köçü

(birinci hissə)

1894-cü ildə Fransa ordusunun yəhudi əsilli zabiti Alfred Dreyfus Almaniyanın xeyrinə casusluqdan ittiham olunaraq həbs olundu. Bu zaman onun günahsızlığını sübut edən xeyli faktlar inkar edildi. Hadisə Fransada böyük əks-səda doğurdu. Cəmiyyət Dreyfus tərəfdarları və əleyhdarları olaraq iki hissəyə bölündü. 

1895-ci ilin yanvarında məhkəmə Dreyfusu günahkar hesab etdi və o, Fransa Qvineyasındakı Şeytan adasına ömürlük sürgün cəzasına məhkum olundu (1906-cı ildə bəraət aldı). O, sürgünə göndərilməzdən əvvəl Hərbi məktəbin həyətində “mülki edam” deyilən təhqiramizprosedura məruz qaldı. Onun poqonları, fərqlənmə nişanları, qızılı düymələri söküldü, qılıncı sındırıldı.

Saytların yığılması Saytlarin yigilmasi

Həmin prosedura şahidlik edənlər arasında Vyanada çıxan “Neue Freie Presse” qəzetinin yəhudi əsilli Paris müxbiri Teodor Herzl də vardı. Yüz il əvvəl, Böyük Fransa inqilabı zamanı “İnsan və vətəndaş hüquqları bəyannaməsi”nin qəbul olunduğu ölkədə səslənən “Yəhudilərə ölüm!” şüarı Herzli dəhşətə gətirir.

Məhz bu hadisədən sonra Herzl başqa xalqların yəhudi düşmənçiliyinin azalacağına ümid bəsləməyin sadəlövhlük olması və vəziyyətdən çıxış yolunun yəhudi dövlətinin yaranması olduğu qənaətinə gələrəkfəaliyyətə başlayır. 1896-cı ildə onun “Yəhudi dövləti” adlı kitabçası çapdan çıxır. Bu kitabda yazırdı ki, yəhudi məsələsinin yeganə həlli yəhudi dövlətinin yaranmasıdır, çünki “yəhudilərin yaşadıqları ölkələrdəki bütün xalqlar açıq və ya gizli antisemitdirlər”. 

Herzl bu illərdə Osmanlı rəsmiləri ilə görüşərək Fələstində yəhudi yurdunun yaradılması üçün icazə almağa çalışır, əvəzində dövlətin xarici borcunu ödəməyi, eləcə də yəhudilərin nəzarətində olan mətbuat vasitəsilə II Əbdülhəmidin Avropada imicini yaxşılaşdırmağı təklif edir. Osmanlı dövlətinin borc içində boğulmasına baxmayaraq, təklif qəbul olunmadı.

1897-ci ildə isə Bazeldə birinci Beynəlxalq yəhudi konqresi keçirilir, Ümumdünya sionist təşkilatı yaradılır və Herzl onun prezidenti seçilir. İndiyə qədər yeri dəqiq göstərilməyən yəhudi dövlətinin  Fələstində, yəhudi xalqının tarixi vətənində yaradılması qərarı da məhz Bazeldə qəbul olunur və bunun uğrunda hərəkat “sionizm” adını alır. 

***

Həmin illərdə isə yəhudilərin Fələstinə köçü artıq başlamışdı. Birinci aliya adını alan bu axın Rusiya çarı II Aleksandrın öldürülməsindən və bunda yəhudilərin günahlandırılmasından sonra imperiyanın cənubunda törədilən yəhudi talanları nəticəsində 1882-ci ildə başladı. Sonra da 1891-ci ildə Çerniqovda, 1895-ci ildə Kutaisidə, 1897-ci ildə Kiyev və Xerson quberniyalarında, 1899-cu ildə Nikolayevdə talanlar baş verdi. Bundan əlavə, XIX əsrin sonlarında Rumıniya və Macarıstanda da yəhudi talanları baş verir. 1882-1903-cü illərdə Fələstinə 20 min yəhudi köçür. 1901-ci ildə Osmanlı hökuməti Fələstinə gələn yəhudilərə torpaq almaq hüququ verir. 

Teodor Herzl 1904-cü ildə vəfat etdi. Amma onun verdiyi təkan sayəsində sionizm hərəkatı vüsət almaqda davam edirdi. Herzldən sonra Ümumdünya sionist təşkilatına David Volfson (1905-1911), Otto Varburq (1911-1920), Xaim Vaysman (1921-1931 və 1935-1946), Nahum Sokolov (1931-1935) rəhbərlik etdilər. 

İkinci aliya adlanan dövr 1904-1914-cü illəri əhatə edir. Rusiyada (Kişinyov, Xerson, Rostov, Odessa, Yekaterinoslav və başqa şəhərlərdə) və Rumıniyada (1907-ci il kəndli üyanı zamanı) yəhudi talanları davam edir və bunun nəticəsində daha 35 min yəhudi Fəlsətinə köçür. Bununla belə, 1914-cü ildə yəhudilər Fələstin əhalisinin ancaq 14 faizini təşkil edirdilər.

Rusiya imperiyasından köçən yəhudilərin istər maddi vəziyyəti, istərsə də mədəni səviyyələri yüksək deyildi. Amma Herzlin 1899-cu ildə yaratdığı Yəhudi kolonizasiya cəmiyyəti yəhudi köçünü və məskənlərini himayə edir. Cəmiyyətin əsas donoru Edmon de Rotşild idi. O, bu quruma təkcə bir dəfəyə 15 milyon qızıl frank bağışlamış, ümumən isə 50 milyon dollar kimi o dövr üçün çox böyük məbləğ ianə etməsitəxmin edilir. Nəticədə 1924-cü ildə cəmiyyətin Fələstində malik olduğu ərazinin həcmi 500 kv km-ə çatırdı. Tel-Əviv şəhərinin də əsası bu illərdə, 1909-cu ildə, Yaffa şəhərinin bir hissəsi kimi qoyuldu.

1909-cu ildə həm də “Haşomer” adlı yəhudi özünümüdafiə təşkilatı yaradıldı. Bu azsaylı dəstələr ərəblərlə toqquşmalar məqsədilə deyil, qaçaq-quldurdan müdafiə üçün nəzərdə tutulurdu. Zatən ərəb-yəhudi konflikti hələ müşahidə olunmurdu.

***

Birinci dünya müharibəsi illərində ingilislər Məkkər şərifi Hüseyn bin Əlini Osmanlı dövləti əleyhinə üsyana təhrik etdilər. Bunun əvəzində müharibədən sonra böyük ərəb dövlətinin yaradılacağını və onun da kral olacağını vəd etdilər. Hüseyn də buna inanaraq 1916-cı il iyunun 10-da üsyan qaldırdı.

Amma bu üsyandan hələ iki ay əvvəl, mayın 16-da Britaniya və Fransa arasında Sayks-Piko razılaşması deyilən müqavilə imzalandı. Sənəd Osmanlı imperiyasının Yaxın Şərq vilayətlərini Britaniya və Fransanın maraq dairələrinə bölməyi nəzərdə tuturdu. Bu zaman Fələstin ingilislərə çatacaqdı. Göründüyü kimi, Sayks-Piko razılaşmasının müddəaları ilə Məkkə şərifinə verilən vədlər üst-üstə düşmürdü. 

1917-ci ilin noyabrında Britaniyada Balfur deklarasiyası yayıldı. Söhbət xarici işlər naziri Artur Balfurun ölkədəki yəhudi icmasının rəhbəri Uolter Rotşildə Böyük Britaniya və İrlandiyanın sionist federasiyasına çatdırmaq üçün yazılan rəsmi məktubundan gedir. Həmin məktubda bildirilirdi: “Əlahəzrət kral hökuməti Fələstində yəhudi xalqı üçün milli bir evin qurulmasına tərəfdardır və bu məqsədə nail olmaq üçün əlindən gələni edir”. 

Deklarasiyada bilərəkdən “milli ev” kimi hüquqi önəmi olmayan ifadə işlədilməsinə baxmayaraq, yəhudilər bu sənədi böyük sevinclə qarşıladılar və haqsız da sayılmazdılar. Böyük Britaniya o zaman dünyanın fövqəldövləti idi və ikibaşlı şəkildə də olsa sionizmə dəstək ifadə etmişdi. Sənəd o vaxta qədər sionizmə bədbin yanaşan yəhudilərə belə nikbinlik verdi. 

Üçüncü aliya adını alan 1919-1923-cü illər köçü zamanı daha 35 min yəhudi Fələstinə köçdü. Bu dalğada Balfur deklarasiyasından əlavə Rusiyada baş verən inqilab və vətəndaş müharibəsi də rol oynadı. Mühacirlərin böyük əksəriyyəti keçmiş Rusiya imperiyasının payına düşürdü: 43% Rusiyadan və 31% Polşadan.  

***

Yəhudilərinin sayının artması, milli ev və ya dövlət barədə söz-söhbətlərin çoxalması Fələstin ərəblərinin qıcığına səbəb olur. Buna bir səbəb də yəqin ki, yəhudilərin işgüzarlığı, kollektivçilik və yenilikçilik hesabına rifahlarının tezliklə ərəbləri üstələməsi idi. Nəticə özünü çox gözlətmədi.

Qüdsün nüfuzlu müsəlman ailələrindən birinin nümayəndəsi olan Əmin Hüseyninin təhrik etdiyi ərəblər 1920-ci ilin aprelində Qüdsdəki yəhudi məhəllələrinə hücum etdilər. Rusiya və Şərqi Avropadakı talanlarla müqayisədə burada qurbanların sayı az oldu: 5 yəhudi öldü, 200 nəfərə qədər yaralandı (asayişi bərpa etməyə çalışan ingilislərin açdığı atəş nəticəsində 4 ərəb də öldü). Amma bununla ərəb-yəhudi düşmənçiliyinin əsası qoyuldu. 

Britaniya məhkəməsi Əmin Hüseynini qiyabi 10 il azadlıqdan məhrum etdi, amma elə avqustda əfv olundu. Bir il sonra isə Britaniya Ali komissarı onu Qüds müftisi təyin etdi.  O, bu vəzifəni 1948-ci ilə kimi daşıdı və ərəb-yəhudi düşmənçiliyinin alovlanmasında xüsusi rol oynadı. İkinci dünya müharibəsi zamanı da nasist Almaniyasını və Holokostu dəstəklədi.

Aprel hadisələri Haşomer əsasında daha çoxsaylı yəhudi hərbi təşkilatının – Haqananın yaradılmasına rəvac verdi. Bu dəstələr artıq qaçaq-quldurdan deyil, konkret ərəb hücumlarından müdafiə üçün nəzərdə tutulurdu. Britaniya administrasiyasının qadağası üzündən Haqana qeyri-leqal fəaliyyət göstərirdi. 

***

Növbəti talan 1921-ci ildə Yaffada baş verdi. Maraqlıdır ki, olay yəhudilərin öz arasındakı toqquşmalarla başladı. 1 May bayramını qeyd edən yəhudi kommunistlər və sosialistlər arasında toqquşma baş verdi. Ərəblər də (həm müsəlman, həm xristian) dalaşanları dağıtmağa çalışan Britaniya polisinə kömək bəhanəsilə yəhudilərin üzərinə hücum etdilər. Tezliklə yəhudi evləri basqına məruz qaldı. Talanlar yaxınlıqdakı bir sıra başqa yaşayış məntəqələrinə də yayıldı.

Mayın 7-ə kimi davam edən toqquşmalar zamanı yəhudilərdən 47 nəfər öldürüldü, 146 nəfər yaralandı. Ərəblərdən isə 48 nəfər öldürüldü, 73 nəfər yaralandı. Ərəb itkilərinin çox Britaniya polisinin açdığı atəş nəticəsində baş verdi. Yaffada yaşayan minlərlə yəhudi Tel-Əvivə qaçdı. Nəticədə bu məntəqənin ayrıca yəhudi şəhərinə çevrilməsi baş verdi.

***

Dördüncü aliya adını alan yəhudi köçü 1924-cü ildə başladı. Avropa tarixşünaslığında bu köçü 1929-cu illə, yəhudilər özləri isə 1932-ci illə yekunlaşdırırlar. Bu zaman Fələstinə 80 min yəhudi köçdü (20 minin də Fələstindən köçdüyü deyilir). Axına rəvac verən əsas amil yenə Şərqi Avropadakı antisemitizm idi. Məsələn, 1923-1925-c illərdə Polşanın baş naziri olmuş Vladislav Qrabskinin yəhudiləri diskriminasiyamahiyyətli bir sıra qanunları səbəbindən bu dövrdə köçənlərin yarısını Polşa yəhudilərdi təşkil edirdilər. Hətta dördüncü aliyanı bəzən “Qrabski aliyası” adlandırırlar.

Digər tərəfdən, 1924-cü ildə qəbul edilən immiqrasiya haqqında qanun (Conson-Rid qanunu) ABŞ-a mühacirəti xeyli çətinləşdirdi. Bu da Fələstinə gələnlərin sayının artmasına səbəb oldu. Qrabskinin diskriminasiya siyasəti həm də vergilərlə bağlı olduğundan Polşadan köçən yəhudilərin çoxu orta sinfə aid idi. Nəticədə Fələstindəki yəhudi şəhər əhalisininsayı, qismən də iqtisadiyyatda sənayenin xüsusi çəkisiartdı. 

Ərəblərin reaksiyası özünü çox gözlətmədi. 1929-cu il avqustun 16-da Əmin Hüseyninin cümə moizəsindən sonra müsəlmanlar Şərqi Qüdsdə, əl-Əqsa məscidinin yaxınlığında yerləşən Göz yaşı divarının yanına gələrək buradakı dua kitablarını, divarın boşluqlarına qoyulan niyyət yazılarını yandırdılar, yəhudi din xadimini yaraladılar. Bundan sonrakı həftə lokal toqquşmalarla keçdi.

Avqustun 23-də növbəti cümə namazından sonra “yəhudiər əl-Əqsa məscidini ələ keçirmək istəyirlər” fitnəsindən qeyzlənən müsəlmanlar Qüdsün yəhudi məhəllələrinə hücum etdilər. Hadisələr tezliklə başqa şəhərlərə yayıdı. Ən çoxsaylı qətllər və ən dəhşətli zorakılıqlar Hebronda (əl-Xəlil) baş verdi. 

20 minə qədər əhalisi olan Hebronda təxminən 700 yəhudi yaşayırdı. Hadisələrdən əvvəl Haqana buradakı yəhudilərə müdafiə üçün kömək təklif etdi. Amma şəhərdə əvvəllər heç bir toqquşma baş vermədiyindən yəhud icmasının liderləri təklifi rədd etdilər və Hebronun ərəb əyanlarına inandıqlarını söylədilər. Nəticədə şəhərdə 69 yəhudi öldürüldü, xeyli qadın zorlandı. Bu zaman bəzi ərəblərin yəhudi qonşularını gizlədərək xilas etmələrini də demək lazımdır. 

Avqustun 29-da kimi davam edən qırğın nəticəsində 17 yaşayış məntəqəsində yəhudi icmaları ləğv oldu, buradakı yəhudilər başqa yerlərə köçdülər. 133 yəhudi və 116 ərəb öldürüldü. Ərəblərin bir hissəsi Haqana və yəhudilər tərəfindən, çoxu isə Britaniya polisi tərəfindən öldürüldü. İngilislərin hakimlik etdiyi məhkəmələr 26 ərəbi və 2 yəhudini edam cəzasına məhkum etdi. Amma apelyasiyadan və Ali komissarın əfvindən sonra 25 nəfərin cəzası uzunmüddətli həbslə əvəz olundu, yalnız 3 ərəb edam edildi. 

1929-cu ilin talanları Haqananın parçalanmasına səbəb oldu. Daha radikal üzvlər təşkilatın sırf müdafiə taktikası ilə razılaşmayaraq, ərəblərə  “daha adekvat” cavab verilməsini istəyirdilər. Onlar ayrılaraq 1930-cu ildə “İrqun Tsvai Leumi” təşkilatını yaratdılar ki, o da qısaca İrqun və ya Etsel adı ilə daha çox tanınır.

Həmin il ərəblər tərəfindən İzəddin Kassamın rəhbərliyi altında “Qara əl” təşkilatı yaradıldı. Fələstində məhz bu iki təşkilat ilk dəfə terroru vasitə kimi seçdilər. Bu zaman “Qara əl” mövcud olduğu 5 il ərzində 8 yəhudini öldürdüsə, İrqunun fəaliyyəti daha uzunmüddətli və daha qanlı oldu. Məsələn, 1938-ci ilin avqustunda Hayfa bazarında bomba partladılması nəticəsində 53 ərəb öldü. 10 ay sonra elə həmin yerdə minalanmış eşşəyin partladılması 20 ərəbin həyatına son qoydu.

(ardı var)

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button