2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Şirin nağıl

Allah qananlara səbr versin

Biri var idi, biri yox idi, siyasət dünyasından bixəbər bir xalq var idi. Bu xalqın adı erməni idi, türk idi, həbəş idi, ərəb idi, rus idi, çeçen idi, bunu heç kəs bilmir. Bəlli olan odur ki, bu xalq buğda yeyib cənnətdən çıxmışdı və olmuş, ya olmamış bəxtəvər əyyamın həsrəti ilə yaşayıb, şirin tarix nağıllarını dinləməyi çox sevərdi.

Tifil erməni xalqına şirin “Böyük Ermənistan” nağılını danışıb başına yekə bir daş saldılar və var-yoxunu daşıyıb apardılar. Tifil ərəb xalqına şirin “Xilafət” nağılını danışıb var-yoxunu əlindən aldılar və yəhərləyib mindilər. Tifil rus xalqına şirin “Əzəmətli imperiya” nağılını danışıb var-yoxunu taladılar və boynuna yoğun kəndir salıb canı dövlət arabasına qoşdular. Tifil çeçen xalqına şirin “Müstəqil İçkeriya” nağılını danışıb əməlli qırdılar və belinə palan şələləyib oraya Ramzanı əyləşdirdilər.

Saytların yığılması Saytlarin yigilmasi

Müxtəsər, hər xalqın sevdiyi bir nağıl var. Azərbaycan xalqının zəif damarı şirin “Böyük Turan” nağılıdır. Nədir bu Turan, acıdır, şirindir, şordur, bunu heç kim bilmir və bilə də bilməz, zira Turan yoxdur və heç vaxt olmayıb, onu dahi şair Firdovsinin təxəyyülü yaradıb və yeridib şərqli bəni-Adəmin beyninə.

Son zamanlar bu Turan xalqın beynində xeyli aktuallaşıb və inflyasiya, vətəndaş azadlıqları, ədalətli seçki və korrupsiya kimi tam əhəmiyyətsiz məsələləri diqqət mərkəzindən kənara itələyib, qızdırmalı beyinlərdə dəli bir eşq sevdasına dönüb. “Turan, Turan, türk xalqlarının əzəmətli birliyi, yenilməz siyasi, iqtisadi, hərbi və mədəni qüvvəsi!”

Bəşər tarixində belə sevdalar çox olub və çox güman, yenə olacaq. Məsələn, rus xalqında “slavyan birliyi” nağılı var. Bu nağılı sevərək dinləyənlər polyakların, çexlərin, bolqarların, ukraynalıların ruslara həqiqi münasibətini nədənsə yada salmırlar.

Həyatımın 5 ilini ərəb ölkələrində yaşamışam. Hansına getmişəmsə, elə hava limanında gözümə ilk dəyən sözlər bu olub: “əl-Ummətu-l-arabiyya vahidə, zatə-r-risalətə-l-xalidə”. Gözəl şüardır: “Ərəb ümməti birdir, ölməz risaləsi var”. Risaləni həm Quran, həm də milli vəzifə və məqsəd kimi anlamaq olar.

Bir olan ərəb ümməti 22 dövlətə bölünüb. Əgər hansısa ərəb dövləti digər ərəb dövləti ilə müharibə aparmayıbsa, bunun çox sadə və ciddi səbəbi vardır: uzaqda yerləşir və qardaş dövlətə qardaş dövlətin əli çatmır. Əli çatan bütün dövlətlər bir-biri ilə müharibə aparıb və indinin özündə hələ də aparırlar. Mərakeş Əlcəzairlə düşməndir, Misir Liviyada vətəndaş müharibəsində tərəflərdən birini müdafiə edir, qardaş ərəb dövlətləri Suriyada və Yəməndə gedən daxili mühariblərdə fəal iştirak edirlər, Sudan qaynayır və parçalanır, Livanın vətəndaş müharibəsinin yaşı artıq təqaüd yaşına çatır, İraqda partlayışsız və ölümsüz gün olmur.

Buna baxmayaraq ərəblərin də öz “Turan”ı var: Ərəb Dövlətləri Cameəsi (yəni Birliyi). Bu Cameənin 77 yaşı tamam olub və noyabrin 1-i və 2-də Əlcəzairdə özünün 31-ci toplantısını keçirəcək. Möhtərəm məliklər, şeyxlər, rəislər və baş nazirlər bir yerə toplaşacaq və… Nə edəcək?

Azərbaycan ərəbşünaslığının banisi professor Ələskər Məmmədov (Allah ona rəhmət eləsin) bizə budaq cümlə öyrədəndə nümunə kimi deyərdi: “ittəfaqa-l-arab əllə yəttəfiqu” (ərəblər ittifaqa gəliblər ki, ittifaqa gəlməsinlər). Dahiyanə nümunədir! 55 il keçib, hələ də zehnimdən silinməyib.

Bəli, ərəb başçıları bir yerə gəlmək məsələsini müzakirə edəndə birinci olaraq onu qərara alıblar ki, Bəşar əl-Əsəd Suriyasını toplantıya buraxmasınlar. Qardaş Suriyaya heç nə olmaz, 10 il təcrid olunub, canı çıxsın, qoy yenə yalquzaq kimi tək qalsın.

Səudiyyə Ərəbistanı başda olmaqla müsəlman biliyinin qoşunları Yəməndə vətəndaş müharibəsində iştirakını davam etdirir və etdirəcək. Bu müharibəyə xərclənmiş pulları acından ölən kasıb yəmənlilər arasında bölsəydilər, hərəsinin altında bir “Mersedes” olardı.

İndidən məlumdur ki, bu toplantıda İsraili tanıyıb onunla “Abraham” sülh sazişini bağlamış ərəb dövlətləri və İsraili tanımaq istəməyən ərəb dövlətləri bir-birinə ən ağır xəyanət ittihamları yağdıracaq. O da şübhəsizdir ki, nefti olmayan kasıb ərəb dövlətləri nefti-qazı olan zəngin ərəb dövlətlərindən maliyyə yardımı qoparmağa cəhd edəcək. Ərəb başçıları Beynəlxalq Maliyyə Fondunun (BMF) hesabatında “141 milyon ərəbi aclıq təhlükəsi gözləyir” xəbərdarlığından narahatlıq keçirdiklərini bildirəcək. (Bu BMF 141 milyon rəqəmini necə hesablayıb, heç cür anlamaq olmur. Çox güman, Azərbaycan Respublikasının Statistika Komitəsinin hesabatından götürüb).

Nə qədər gülməli və acınacaqlı da olsa, ərəb başçıları qardaş ərəb dövlətlərinin sərhədləri boyunca artan həcmdə un qaçaqmalçılığına da münasibət bildirəcək.

Gələcək zirvə görüşünün yekun sənədləri ilə maraqlanan olsa, çəkinmədən mənə müraciət etsin, arxivimi eşələyib tələbə illərində dil öyrənmək məqsədilə bəlağətli boşboğazlıq mətnlərini yazdığım yarıməsrlik köhnə-kürüşü sizə havayı verməyə hazıram. Zəmanət verirəm ki, noyabrın 2-də qəbul ediləcək təmtəraqlı bəyanatlarla mənim arxivimdəki yaşı 60-ı ötmüş mətnlər arasında ciddi bir fərq olmayacaq.

Qayıdaq şirin Turan nağılına. Ahıl yaşımda səbrim tükənib, səfeh insanların siyasi fəallığına əvvəlki dözümüm qalmayıb. Cavan vaxtlarımda kimsə mənə “gələn əsr türk əsri olacaq” deyirdisə, məntiq və dəlillərlə izah etməyə çalışırdım ki, etnik, dil, din və qan qohumluğu siyasi birliklərin yaranmasında yalnız naxış və zınqırov rolunu oynayır, əsas isə iqtisadi və siyasi maraqlardır. Buna xeyli vaxt sərf edirdim və çox vaxt zəhmətimin xeyri olmurdu, avam insanlar şirin nağılın sehrindən qurtulmaq istəmirdi.

Görürəm ki, zaman və bəşəriyyət tarixi cəhalətin qüdrəti qarşısında acizdir. Müdrik Albert Eynşteynin sözüdür:

“Kainatın, çox güman ki, hüdudu var. Fəqət cəhalətin hüdudu yoxdur”.

Gün keçir, il dolanır, fəqət siyasi avamların nikbinliyi azalmır, onlar eyni ruh yüksəkliyi ilə şirin nağıllara uyub Turana inanırlar.

Keçmiş zamanla nisbətən vəziyyəti ağırlaşdıran faciəvi bir fərq var: avamların özünüifadə imkanı hədsiz genişlənib. Daha dar çərçivədə, mətbəx, küçə və məhəllələrdə deyil, sosial şəbəkələrdə öz dərin Turan inam və biliklərini böyük coşqunluqla yayırlar.

Allah qananlara səbr versin.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button