2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Şirvanda silah zavodunda baş verən partlayışla bağlı toplantı keçirilir

Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Araz” silah zavodunda baş vermiş partlayışlar səngiyib. 

Musavat.com-un Şirvana ezam olunmuş reportyoru Elşən Balaxanski xəbər verir ki, ilk partlayışdan iki saat keçənə qədər arabir mərmilər partlamaqda davam edib, bu isə yanğınsöndürmə işlərinin həyata keçirilməsinə maneçilik törədib.
Əməkdaşımız bildirir ki, zavod təpələrin arasında yerləşir və hazırda burada partlayaraq ətrafa səpələnmiş mərmi qəlpələri təpələrdəki ot örtüyündə yanğın törədib və bu yanğın genişlənir.
Bakıdan daha dörd təcili tibbi yardım briqadasının Şirvana ezam olunduğunu bildirin reportyorumuz əlavə edir ki, yerli təcili yardım maşınları da yaralıları xəstəxanalara daşıyıblar.
Yerli əhali təhlükəsiz bir yerdə dayanıb yanan zavoda, partlayışlara tamaşa edir. Sakinlər arasında yaralıların sayı ilə bağlı şayiə xarakterli söhbətlər gəzir. Onlar yaralıların sayının elan edildiyindən qat-qat çox olduğunu bildirirlər. Camaat təlaş içindədir. Partlayış zonasına yaxın olan evlərin sakinləri bir xeylisi şəhərin içərilərinə doğru çəkilib.
Müxbirimizin verdiyi xəbərə görə, güc strukturlarının rəhbər heyəti də Şirvana, hadisə yerinə gəlib.
 
Musavat.com əməkdaşı müdafiə sənayesi naziri Yavər Camalova və digər səlahiyyətli şəxslərə yaxınlaşaraq baş vermiş hadisə barədə məlumat almaq istəyib, ancaq o, məlumat verməkdən imtina edib. Reportyorumuz başqa səlahiyyətli şəxslərdən öyrənib ki, hadisə ilə bağlı istintaq-araşdırma qrupu yaradılıb.
Hazırda partlayışlar səngiyib.
Reportyorumuzun verdiyi xəbərə görə, yaralıların sayının 19 olduğu bildirilir.
Son məlumat belədir ki, istintaq-təhqiqat qrupu helikopterlə zavodun üzərindən uçuşlar edərək hadisə yerini havadan müayinə edir.
Reportyorumuz bildirir ki, zavodda çalışan Ağamir Alıahyarov adlı sürücü itkin düşüb. Yaxınları onu yaralıların arasıda tapa bilməyiblər. Onun oğlu İlkin də həmin zavodda işləyir. O, partlayış zamanı qaça bilsə də, atasından xəbər tuta bilməyib. Hazırda İlkin zavodun yaxınlığındakı təpələrdə atasını axtarır. İlkin Musavat.com-un reportyoruna deyib ki, partlayan mərmilərdən biri onun atasının maşınının damına düşüb və dam əyilib, ön şüşəsi sınıb, ancaq maşında qan izi yoxdur. Ona görə də ümid edir ki, atası sağ-salamat qurtula bilib.
Partlayışın isə ANAMA-ya məxsus zərərəsizləşdirilməyən mərmi-sursat anbarında baş verdiyi məlum olub.
Zavodun işçiləri ilk partlayışlardan sonra ümumi darvazadan çıxan zaman darvaza dar olduğundan sıxlıq yaranıb və burada qəlpə yarası alanlar çox olub. Sonra onlar yaxınlıqdakı təpəyə, “Qarasu” neft şirkətinin yanacaq anbarına tərəf qaçıblar.
 
Hazırda partlayıç baş verən zavod ANAMA-nın əməkdaşları tərəfindən dövrəyə alınıb və onlar partlayışların tam yekunlaşmasını, yeni partlayış təhlükəsinin aradan qalxmasını gözləyirlər ki, sonra zavoda daxil olaraq zərərsizləşdirmə işləri aparsınlar.
 
Əməkdaşımız bildirir ki, zavobun direktoru İlqar Məmmədovun ifadəsini almaq üçün prokurorluğa aparıblar.
Musavat.com reportyorunun verdiyi xəbərə görə, hazırda (20.50) Şirvan İcra Hakimiyyətində “Araz” zavodundakı partlayışla bağlı xüsusi toplantı keçirilir.
 
Toplantida Yavər Camalov, fövqəladə hallar nazirnin müavinləri,  səhiyyə naziri,  daxili işlər nazirinin müavini,  baş prokurorun müavini iştirak edirlər.
Musavat.com


























Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button