2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Siyəzənli məhbuslar intihar anonsu verdi

Siyəzənli məhbuslar intihar anonsu verdi

Hüquq müdafiəçisi Samir Kazımlı Siyəzən hadisələrinə görə tutulanların apelyasiya şikayəti ilə bağlı bu gün Sumqayıt Apelyasiya Məhkəməsində keçirilən prosesdə iştirak edib və həmin prosesdən hazırladığı yazını Facebook profilində paylaşıb. Həmin yazını təqdim edirik:

Saytların yığılması Saytlarin yigilmasi

– Bu gün, sentyabrın 14-də Sumqayıt Apelyasiya Məhkəməsində hakim Nazim Mövsümovun sədrliyi ilə Siyəzən hadisələrinə görə tutulan şəxslərin apelyasiya şikayətləri üzrə keçirilən növbəti məhkəmə prosesində iştirak etdik.
Məhkəmədə maraqlı məsələlər üzə çıxdı. Həbs olunan şəxslər onlara qarşı edilən ədalətsizliyə dözə bilmədiklərini və intihar həddinə çatdıqlarını bildirdilər.
Məhkəmə prosesində təqsirləndirilən şəxslər, onların vəkillər Elçin Sadıqov, Yahya Nəzərov, Elmar Quliyev, Akif Məmmədov, Polad Məhərrəmov və digər vəkillər iştirak edirdilər. Prosesə təqsirləndirilən şəxslərin yaxınları da qatılmışdı. Məhkəmə zalında nəzərəti polis əməkdaşları həyata keçirirdi.
Vəkillər çıxış edərək təqsirləndirilən şəxslərin günahsız olduğunu bildirdilər. Vəkillər dedilər ki, həmin vaxt qiymət artımı ilə bağlı rayon sakinləri Siyəzənin icra başçısı və Siyəzənin deputatı ilə görüşə gediblərmiş və bu da qanunsuz hərəkət deyil. Vəkillərin sözlərindən məlum oldu ki, hadisə baş verən vaxtda təqsirləndirilən şəxslərin çoxu hadisə yerində olmayıb. Vəkillər bunları faktlarla məhkəmənin diqqətinə çatdırdılar.
Quba Rayon Məhkəməsində keçirilən məhkəmə prosesinin protokolları ilə tanış ola bilmədiklərini deyən vəkillər məhkəmənin istintaqla keçirilməsi barədə vəsatət verdilər.
Elçin Sadıqov bildirdi ki, zərəçəkmiş kimi tanınan polislər təqsirləndirilən şəxsləri tanımadıqları halda birinci instansiya məhkəməsində təqsirləndirilən şəxslərin adlarını çəkərək onların hadisədə iştirak etdiklərini deyiblər. O bildirdi ki, Quba Rayon Məhkəməsi bu işi araşdırmayıb. Bu və digər hallara görə Elçin Sadıqov da məhkəmə prosesinin istintaqla aparılmasını istədi. Təqsirləndirilən şəxslər vəkillərin vəsatətlərini müdafiə etdilər.
Hakim bildirdi ki, məhkəmə prosesi istintaqla aparılsa, proses çox uzanacaq. Dövlət ittihamçısı isə prosesin istintaqla aparılmasına ehtiyac olmadığını dedi. Bundan sonra hakimlər yerində müşavirə edərək vəsatəti təmin etmədi.
Sonra təqsirləndirilən şəxslərdən biri, ittiham tərəfinin hadisəni törədən qrupun rəhbəri kimi təqdim etdiyi Müslüm Əzimov hakimdən söz istədi. Müslüm Əzimov özünün və digər təqsirləndirilən şəxslərin günahsız olduğunu dedi. O, istintaq və məhkəmə zamanı necə aldadndıqlarından danışdı: “İstintaq zamanı bizə dedilər ki, sakit durun, məsələni ictimailəşdirməyin, səs-küy salmayın, sizi buraxacaqlar. Birinci instansiya məhkəməsində də dedilər ki, sakit durum, hər şey yaxşı olacaq, məhkəmə zalından 9 nəfər buraxılacaq. Amma bizi aldatdılar və bizə hökm oxudular”.
Müslüm Əzimov onlara qarşı edilən haqsızlıqlardan bezərək buna dözə bilmədiklərini bildirdi. O, dedi ki, onlara edilən ədalətsizliyə görə intihar həddinə çatıblar: “Bizə qarşı edilən ədalətsizliyə görə təqsirləndirilən şəxslərdən bir neçəsi intihara cəhd edib. Kamera şəraitində saxlanılmaqdan bizdə müxtəlif xəstəliklər yaranıb, burda o xəstəlikləri detalları ilə deyə bilmirəm. Bizim günahımız olmaya-olmaya bizi həbsdə saxlayırlar. Nə edək? Biz də Lapşin kimi intihara cəhd edək? Mən inanclıyam, inanclı şəxsin intihar etməsi günahdır. Amma ədalətsizliyə dözə bilmirik, artıq intihar həddinə çatmışıq”, deyə o qeyd etdi.
Sonra təqsirləndirilən şəxslərin vəkilləri çıxış etdilər və müdafiə etdikləri şəxslərin günahsız olduğunu deyərək məhkəmədən onlara bəraət verilməsini xahiş etdilər. Vəkillərdən ikisi çıxış üçün vaxt istədiklərinə görə, məhkəmə oktyabrın 26-də qədər təxirə salındı.
Xatırladaq ki, 2016-cı il yanvarın 12-si və 13-də Siyəzəndə unun və digər məhsulların qiymətlərinin artırılmasına etiraz olaraq bir qrup sakin Siyəzən Rayon İcra Hakimiyyətinin binası qarşısında aksiya keçirib. İcra hakimiyyətinin başçısı etirazçılara tələblərinin yerinə yetiriləcəyi ilə bağlı söz verdikdən sonra sakinlər dağılışıb. Bundan sonra gecə saatlarında bir çox etirazçı saxlanıb. Bir neçə nəfərin barəsində inzibati cəza çıxarılıb. 11 nəfər – Fariz Kərimov, Abasət Süleymanov, Namiq Məstanov, Coşqun Bəgişov, Talib Ağamalıyev, Elçin Əliyev, Kamran Abdullayev, Nizami Qəniyev, Müslüm Əzimov, Zaur Şəkərov, Aydın Səfərli cinayət məsuliyyətinə cəlb edilib.
Onlara qarşı Cinayət Məcəlləsinin 186-cı (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 221- ci (xuliqanlıq), 228-ci (qanunsuz olaraq odlu silah daşıma və gəzdirmə), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 234-cü (qanunsuz olaraq narkotik vasitələri saxlama, daşıma, göndərmə və ya satma) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittihamlar irəli sürülüb.
Martın 29-da Quba Rayon Məhkəməsi M.Əzimov və Z.Şəkərovu 6 il, F.Kərimov, A.Süleymanov, N.Məstanov, C.Bəgişov, T.Ağamalıyev, E.Əliyev, K.Abdullayev və N.Qəniyevi 4 il, A.Səfərlini 2 il azadlıqdan məhrum edib.
Vəkillər ittihamın əsaslı olmamasına, ibtidai və məhkəmə istintaqı zamanı çoxsaylı pozuntuların olmasına görə hökmü qanunsuz sayır və bəraət qərarına nail olmaq niyyətindədirlər.
Siyasi Məhbusların Vahid Siyahısının hazırlanması üzrə İşçi Qrup adları çəkilən məhbusları siyasi məhbus kimi tanıyıb.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button