2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Siyasi partiyaların qeydiyyata alınması ilə bağlı tələblər dəyişə bilər

Yayımlandı: 21 Noyabr 2022 16:03

Qeydiyyat üçün üzvlərin sayı iki dəfə azaldılır

“Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni redaksiyasında bir sıra dəyişikliklər öz əksini tapıb. Belə ki, siyasi partiya tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaş (təsisçilər) tərəfindən təsis ediləcək.

Saytların yığılması Saytlarin yigilmasi

Ancaq sənədin ilkin versiyasında ən azı 200 vətəndaşın olması tələbi yer almış və onların da son 20 il daimi yaşamaları tələb olunurdu.

Eyni zamanda, partiyaların dövlət qeydiyyatına alınması ilə bağlı tələb dəyişilib.

Yeni redaksiyaya əsasən, dövlət qeydiyyatına alınması üçün partiyanın azı 5000 üzvü olması tələb kimi qoyulub. Bununla da, qeydiyyata alınmaqla bağlı üzv sayı 2 dəfə azaldılır. Əvvəlki versiyada isə azı 10 000 üzvün olması tələbi yer almışdı.

Başqa bir dəyişiklik yeni qanunun qəbulundan sonra üzvlərinin sayını 180 gün ərzində 5 min nəfərə çatdıra bilməyən dövlət qeydiyyatına alınmış partiyaların ləğvi barədə apelyasiya məhkəməsində iddia qaldırılması ilə bağlıdır.

İlkin versiyada qanun qüvvəyə minənədək dövlət qeydiyyatına alınan siyasi partiya bu qanunun qüvvəyə mindiyi tarixdən 90 gün müddətində üzvlərinin sayının azı 10 min nəfərə çatdırılması üçün tədbirlər görməli, üzvlərin reyestrini tərtib edərək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etməli idi.

Layihənin yeni redaksiyasına əsasən, siyasi partiya üzvlərinin reyestrini (adı, soyadı, atasının adı, həmçinin fərdi identifikasiya nömrəsi, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı (olduğu halda) və əlaqə telefon nömrəsi göstərilməklə) aparmalıdır.

Bildirilir ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) siyasi partiya üzvlərinin reyestri təqdim olunduğu tarixdən 30 gün müddətində onun qanunun tələblərinə uyğunluğunu yoxlayacaq.

Siyasi partiya üzvlərinin reyestrində çatışmazlıqlar aşkar edildikdə, onun təqdim olunduğu tarixdən 30 gündən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) onların aradan qaldırılması barədə məlumatı siyasi partiyaya təqdim edəcək və ya sifarişli poçt göndərişi vasitəsilə göndərəcək.

Bu məlumatı daxil olduğu tarixdən 30 gün müddətində siyasi partiya üzvlərinin reyestrində aşkar edilmiş çatışmazlıqları aradan qaldıraraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) reyestri təqdim edəcək. Əvvəlki variantda bu müddət 15 gün nəzərdə tutulurdu.

Hazırda layihədə ən çox narazılıq doğuran partiyaların Milli Məclis, prezident və ya bələdiyyə seçkilərində ardıcıl olaraq 2 dəfə iştirak (qeydə alınmış namizədin seçkilərdə bilavasitə iştirakı formasında) etmədikdə ləğv ediləcəyi ilə bağlı tələbi isə aradan qaldırılıb. Layihədə bununla bağlı müddəa əksini tapmayıb.

Bildirilib ki, parlament seçkilərində etibarlı səslər qazanan, lakin Milli Məclisdə təmsil olunmayan siyasi partiyalara maliyyə yardımı ayrılacaq.

“Qanunun 25.2-ci maddəsinə uyğun olaraq maliyyələşdirilməsi üçün dövlət tərəfindən maddi yardımı ayrılır və bu məqsədlə hər il dövlət büdcəsində ayrıca sətirlə göstərilməklə vəsait nəzərdə tutulur. Həmin vəsaitin 2,5 faizi irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş seçkilərdə etibarlı səslər qazanan, lakin qanunverici orqanda təmsil olunmayan siyasi partiyalar arasında bərabər bölünəcək”, – deyə sənəddə qeyd olunub.

Pənah Hüseyn, Foto: Meydan TV

Xalq Partiyasının sədri Pənah Hüseyn qanuna edilən dəyişikliklərlə bağlı Meydan TV-nin sorğusuna cavab verib.

P.Hüseyn prinsipial məsələlər üzrə dəyişikliklərin onu qane etmədiyini bildirib: “Birincisi, 5 min nəfərlik üzv və reyestr forması, yəni dövlət qeydiyyatının iki mərhələli aparılması qəbuledilməzdir. İkincisi, qeydə alınmayan partiyanın fəaliyyətinə qadağa qoyulması və buna görə məsuliyyət nəzərdə tutulması da doğru deyil. Partiyaların qeyri-adekvat şəkildə icra hakimiyyət orqanının nəzarət-yoxlamasından asılı vəziyyətə salınması da bura daxildir. Ümumiyyətlə, qanunda icra hakimiyyəti orqanının səlahiyyətləri ilə partiyaların səlahiyyətləri arasında çox böyük disporsiya var”.

AXP sədri hesab edir ki, Seçki Məcəlləsində və Konstitusiyada dəyişikliklərdən sonra yeni qanunun qəbulu daha məqsədəuyğundur:

“Məsələn, qanunda parlamentdə siyasi fraksiyalar haqda heç nə yoxdur. Bu, anomaliyadır. Bütün dünyada parlamentlərdə fraksiyalar olur. Ona görə proporsional seçki sistemi bərpa olunmalıdır. Bütün bunları nəzərə alsaq, qanun demokratik tələblərə cavab vermir”.

Milli Məclisdə müzakirəyə çıxarılan “Siyasi partiyalar haqqında” yeni qanun 6 fəsildən, 30 maddədən ibarətdir.

Azərbaycanda “Siyasi partiyalar haqqında” qanun 1992-ci ildə hazırlanaraq qəbul edilib.

Qanuna sonuncu dəfə 2012-ci ildə dəyişiklik olunub.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button