2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Siyasi şərhçilər: “İran öz hərəkətləri ilə bölgədə mövcud olduğunu göstərmək istəyir”

“İranla qarşıdurmanın Azərbaycan üçün yalnız mənfi tərəfləri var”

Ötən həftənin sonu Azərbaycanın xarici işlər və müdafiə nazirlikləri İranın hərbi təyyarəsinin dövlət sərhədinin üstü ilə uçması səbəbindən birgə bəyanatla çıxış etdilər.

Bəyanata əsasən, 11 mart 2023-cü il tarixində İran İslam Respublikasına məxsus hərbi təyyarə saat 09:44-dən 10:26-dək fasiləsiz olaraq Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və geriyə doğru uçuş həyata keçirib. Təyyarə iki ölkə arasında dövlət sərhədindən 3-5 km məsafədə, bəzi hallarda isə dövlət sərhədinin tam üstü ilə uçub.

Saytların yığılması Saytlarin yigilmasi

Dövlət strukturları hərbi təyyarənin yarım saatdan çox müddət ərzində uçuşunu Azərbaycana qarşı təxribat və qeyri-dost davranışı adlandırıblar. Məlumata görə, elə həmin gün İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb və ona müvafiq etiraz notası təqdim olunub.

Son zamanlar İranla gərginləşmiş münasibətlər fonunda Azərbaycan cəmiyyətində, mediada, sosial şəbəkələrdə bu açıq təxribat kimi qiymətləndirildi. Səslənən fikirlər əsasən, İranın Azərbaycana İsraillə əməkdaşlığa görə ciddi xəbərdarlığıdır.

“Azərbaycana İranla qarşıdurma əsla sərf etmir”

Meydan TV-yə bununla bağlı danışan ekspertlər də bu fikri bölüşürlər. Belə ki, siyasi şərhçi Zərdüşt Əlizadə hesab edir ki, bu, İranın bölgədə güc sahibi olduğunu göstərmək istəyidir:

“İran İslam Respublikasının hərbi təyyarəsinin hava sərhədimizi pozması Azərbaycana sataşmaqdır, “sən məni saymasan da, mən də varam” mesajını verməkdir”.

Onun fikrincə, burda məqsəd Azərbaycanı qorxutmaq və nəyəsə razı salmaqdır.

“Ancaq başa düşmür ki, mənasızdır, – politoloq deyir.

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə. Foto: strateq.az

Zərdüşt Əlizadə hesab edir ki, İran İslam Respublikası bu cür təzyiqlərlə heç bir nəticə əldə edə bilməyəcək, əksinə, özünə ziyandır.

“İranın xarici siyasəti İslam inqilabından sonra təsir dairəsi genişlənsə də, zəifləyib. Çünki İran dünyadan təcrid olunmuş, təzyiq altında dövlətə çevrilib. Uğursuz siyasətdir, ciddi səhvləri var. Ən böyük səhvi İsraili tanımamasıdır. Dövlət kimi tanı, amma Fələstini də müdafiə elə. İsraili tam tanımamaq, İranı dünyadan təcrid edir”, – o qeyd edib.

Bununla belə, Zərdüşt Əlizadənin fikrincə, Azərbaycana İranla qarşıdurma əsla sərf etmir.

“İran güclü dövlətdir, bizə çox yaxındır. Ona görə biz İranla ciddi qarşıdurmaya bəhanə verməməliyik. İranla qarşıdurmanın yalnız mənfi tərəfləri var”, – o bəyan edib.

“Azərbaycana İsrail və ABŞ-a görə təzyiqlərin olmasından başqa bir şey görmürəm”

Siyasətçi Azər Qasımlı isə deyib ki, Tehranın bu addımı daha çox Tel-Əvivə və Vaşinqtona mesajdır.

O xatırladıb ki, keçən həftə Pentaqonun rəhbəri İsrailə səfərində çox maraqlı bəyanatlar verdi.

“Belə ki, hər iki ölkə İrana nüvə silahına sahib olmağa imkan verməyəcək. Hətta amerikalı nazir belə bir ifadə işlətdi ki, İsrail İrana qarşı əməliyyatlar da başlaya bilər. İlk dəfədir belə qəti şəkildə bəyanat verirlər. Hazırda İrana qarşı hansısa planlama olduğu görünür və bu işə liderliyi İsrail edir. Və İran da Azərbaycan sərhədini pozmaqla ABŞ və İsrailə mesaj verir. Yəni belə bir hadisə baş versə, bütün bölgə yanacaq”, – Azər Qasımlı deyib.

İranın belə bir addımlarının hansı məqsədlər güddüyünə gəldikdə isə, siyasətçi deyib ki, Azərbaycana İsrail və ABŞ-a görə təzyiqlərin olmasından başqa bir şey görmür.

“İran bilir ki, Azərbaycanda İslam inqilabı etmək mümkünsüzdür. İranın hazırda əldə etmək istədiyi bir şey yoxdur. Çünki İran hazırda hücumda yox, müdafiə vəziyyətindədir. İstədiyi odur ki, ona qarşı təhdid olmasın, ABŞ, İsrail Azərbaycandan ona qarşı istifadə etməsin. Burada İraq amili də var. Bir müddət əvvəl məlumat yayıldı ki, İran şəhərlərini İraq Kürdüstanından vururlar. Yən İran İslam Respublikası müdafiədədir, amma elə “qırmızı xətt”lər var ki, onun keçilməsini istəmir”, – o deyib.

Siyasətçi buna misal olaraq, İlham Əliyevin Zəngəzurla bağlı bəyanatları kimi, “güc yoluyla da olsa, dəhlizi əldə edəcəyik”, sözlərini göstərib.

Azər QasımlıAzər Qasımlı
Azər Qasımlı, Foto: Meydan Tv

“Amma hazırda bu məsələ aktual deyil, danışıqlar da yoxdur. Ona görə Azərbaycanın İrana qarşı edəcəyi bir işi yoxdur. Sadəcə, İsraillə və ABŞ-la əməkdaşlığı dərinləşdirməsi İranı qıcıqlandırır”, – Azər Qasımlı deyib.

Azər Qasımlı da Zərdüşt Əlizadə kimi, İranla qarşıdurmanın Azərbaycan üçün müsbət tərəflərini görmədiyini deyib.

Onun fikrincə, başqa ölkələr, İsrail və ABŞ İranla qarşıdurmaya girsələr, orada sistem dəyişikliyi baş versə, İranda yaşayan türklər müstəqillik əldə etsələr, yaxud hansısa formada muxtariyyat qazana bilsələr, təhlükəsizlik baxımından müsbətdir.

“Amma Azərbaycanla birbaşa konflikt arzuolunmazdır. Çünki bizim bu münaqişədən qalib çıxmaq şansımız yoxdur. İran Azərbaycandan qat-qat güclüdür. Bu, o deməkdir ki, şəhərlərimiz bombalanar, Güney Azərbaycandakı soydaşlarımızın bir qismi köçə də bilər. Əgər ordakı soydaşlarımızın sayını götürsək, bu miqrasiya da bizim ziyanımızadır. Əgər İsrail və yaxud başqa ölkə İranla müharibəyə başlasa, çox qısa zamanda sistemi dəyişə bilməsələr, müharibə uzun zaman alsa, miqrasiyanın olmayacağına heç kim təminat verməz. Suriyalıların Türkiyəyə gəlməsi maliyyə, sosial, iqtisati və insani münasibətlər baxımından böyük problemlər yaşatdı. Eyni vəziyyət Azərbaycan üçün də ola bilər və hətta proseslər nəzarətdən çıxa bilər”, – o deyib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button