2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Siyasi şərhçi: “Bakı ilə Yerevan arasında sülh sazişini imzalamaq münaqişəni həll etmir”

“Çox güman ki, Ermənistanda ilin sonuna qədər sülh sazişi yox, gərginlik gözlənilir”

Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində deyib ki, 2022-ci ilin sonuna qədər Bakı ilə Yerevan arasında sülh sazişinin imzalanması mümkündür.

İlham Əliyevin sözlərinə görə, Brüsseldə bir ay müddətində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh sazişi ilə bağlı praktiki danışıqlara başlamaq məqsədilə görüşləri razılaşdırılıb:

Saytların yığılması Saytlarin yigilmasi

“Bu, bizim İkinci Qarabağ müharibəsinin bitməsindən demək olar ki, dərhal sonra irəli sürdüyümüz təklif idi. Biz bildirdik ki, bizim sülhə, sülh sazişinə ehtiyacımız var. Bununla razılaşmaq üçün Ermənistana təqribən iki il lazım oldu. Zənnimcə, bu, görüşün ən mühüm nəticələrindən idi. Əlbəttə, bu sülh danışıqlarının gedişatından çox şey asılı olacaq. Zaman çərçivəsi və məzmun nədən ibarət olacaq. Hesab edirəm ki, biz bir neçə ay ərzində sülh sazişini yekunlaşdırıb imzalaya bilərik. Ermənistan tərəfi eyni iradə nümayiş etdirsə, zənnimcə, bu, realdır. Biz sülh sazişinin üzərində qurulmalı olduğu beş baza prinsipini irəli sürdük və Ermənistan bunu qəbul edib”.

Ermənistanın Baş naziri Nikol Paşinyan öz partiyasının üzvlərilə qapalı iclasda analoji bəyanatla çıxış edib. Baş nazir deyib ki, onu bunu etməməyə çağıran qüvvələrin təzyiqinə boyun əyməyəcək.

“Turan”ın məlumatına görə, Azərbaycan Qarabağdan bütün iriçaplı silahların çıxarılmasını şərt qoyub və Rusiya sülhməramlıları da buna təkid edirlər.

Eyni məsələ sentyabrın 4-də Xankəndidə də müzakirə edilib. Separatçıların lideri Araik Arutyunyan Qarabağ qüvvələri hərbi rəhbərliyinin müşavirəsini keçirib. Onlar və Ermənistan müxalifəti Qarabağın Azərbaycanın tərkibinə daxil edilməsilə razılaşmayacaqlarını bildirməkdə davam edirlər.

Siyasi icmalçı Rauf Mirqədirov Meydan TV-nin sülh sazişinin imzalanmasının mümkünlüyü haqda suala cavab verib ki, hər iki dövlətin maraqları və mövcud münaqişənin həlli baxımından belə sənədin imzalanması üçün heç bir maneə yoxdur.

Rauf Mirqədirovun qənaətincə, əsas maneə siyasi konyukturadan doğur:

“Siyasi konyuktura deyəndə, daha çox Ermənistanın müxalifətini və Rusiya amilini nəzərdə tuturam. İlham Əliyevdən fərqli olaraq, Paşinyan daxili güclərdən daha çox asılıdır. Onun sülh istiqamətində atdığı hər bir addımı, əslində, Ermənistanın köklü maraqlarına cavab versə belə, müxalifət vətənə xəyanət elan edə bilər. Həm də biz müxalifətin Moskvadan idarə olunduğunu bilirik. Əgər Kreml sazişin əleyhinə olmazsa, elə bir ciddi maneə görünmür. Yox, saziş Avropa Birliyinin vasitəçiliyi ilə imzalanarsa, Moskva əleyhinə çıxar. Halbuki, sülh sazişi Moskvanın da maraqlarına ciddi təsir göstərmir. Ermənistanda və Dağlıq Qarabağda qoşunları olduğu üçün Moskvanın hazırda hər iki dövlətə ciddi təsir imkanları var. Sülh sazişi isə o təsir imkanlarını ciddi şəkildə azaltmayacaq”.

Foto: Rauf Mirqədirovun şəxsi arxivindən

“Sülh sazişində ərazi bütövlüyünün tanınması, ərazi iddialarının olmaması və dövlətlərin bir-birinin daxili işlərinə qarışmaması əksini tapacaq. Prinsip etibarı ilə bu müddəalar Bakı və Yerevan üçün heç nəyi dəyişmir. Həm də sülh sazişi beynəlxalq normalara uyğun mətn olacaq. Bundan əlavə, Şarl Mişel yaxın bir ayda xarici işlər nazirlərinin görüşüb konkret mətn üzərində işləməyə çağırış etdi. O, 2 aydan sonra isə liderlərin növbəti görüşünə eyham vurdu. Növbəti görüşdə ən azından sazişin mətni ortaya qoyulacaq. İkincisi, diplomatik münasibətlərin qurulmasının, kommunikasiyaların açılmasının Qarabağın erməni separatçıları və Rusiya sülhməramlılarının olduğu əraziyə heç bir təsiri olmayacaq. Əgər Kreml sazişinin əleyhinə olmazsa, elə bir ciddi maneə görünmür”,- deyə Mirqədirov söyləyib.

Onun sözlərinə görə, Qarabağ məsələsinin Ermənistanla müzakirəsi Azərbaycan üçün qeyri-məqbuldur:

“Çünki Qarabağ Azərbaycanın daxili problemi olduğundan məsələ özümüz tərəfindən həll olunmalıdır. Yəni Qarabağın erməni icması ilə kommunikasiya kanalları yaratmaqla buna nail olmaq mümkündür. Biz hansı variant seçəcəyik, bunu yalnız ehtimal etmək olar. Demək istəyirəm ki, Bakı ilə Yerevan arasında sülh sazişini imzalamaq münaqişəni həll etmir. Sadəcə, saziş sülh istiqamətində böyük irəliləyiş ola bilər. Münaqişənin tam həlli daha çox Qarabağ erməniləri və Rusiya faktoru ilə bağlıdır. Son günlər baş verən hadisələr, konkret, rusiyalı iş adamı Vardanyanın Xankəndindən siyasi bəyanat yayması sıradan bir olay deyil. O özbaşına siyasi bəyanat verə bilməz. Fikir verdinizsə, Vardanyan dedi ki, onun məqsədi nəticə etibarı ilə Ermənistanın Baş naziri olmaqdır. Sözsüz ki, bu amil öz rolunu oynaya bilər. Görürsünüzmü, Paşinyan hər Brüssel görüşündən sonra Putinə zəng edir, Əliyev isə bir dəfə zəng edib. Beləliklə, gələcəkdə Rusiya amili öz əhəmiyyətini itirməzsə, ciddi təsir rıçaqlarını saxlayacaq”.

Ancaq konfliktoloq Arif Yunus xeyli səbəblərə görə bu il və gələn il sülh sazişinin imzalanmasını istisna edib.

Arif Yunusun sözlərinə görə, tərəflərin mövqeləri bir-birindən uzaqdır:

Arif Yunus. Foto: arxiv

“Bizdə yanlış düşüncə var ki, Ermənistan Azərbaycanın təklif etdiyi 5 prinsipi qəbul edib sülh sazişini imzalasa, Qarabağ məsələsi tamamilə həll olunacaq. Hələ mən sərhədlərin demarkasiyası və demilitasiyasını kənara qoyuram. Azərbaycan Gürcüstanla müharibə etməsə də, sərhədlərlə bağlı problem qalır. Fərz edək ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdı və sərhədlərlə bağlı məsələ də həll olundu. Bu, Qarabağ məsələsinin həlli anlamına gəlmir”.

Arif Yunus sual edir ki, Qarabağdakı silahlılar Azərbaycana tabe olacaqmı, Xankəndindəki separatçılar Azərbaycan qanunlarını tanıyacaqmı:

“Qətiyyən yox, inanmır. O zaman biz yenidən müharibəyə başlayacağıq? Axı orda rus ordusu var. İkincisi, Ermənistan erməni icmasının müdafiəsinə qalxacaq. Üçüncüsü, 1997-ci ildə sabiq prezident Levon Ter-Petrosyan da Qarabağın Azərbaycanın ərazisi kimi tanımağı təklif etmişdi. Nə oldu, indi o hardadır? Çox güman ki, Ermənistanda ilin sonuna qədər sülh sazişi yox, gərginlik gözlənilir və bu gedişat Azərbaycana da təsir edəcək”.

Xatırlatma

Ermənistanla Azərbaycan arasında sonuncu 44 günlük silahlı münaqişə 2020-ci il noyabrın 10-da qüvvəyə minmiş tam atəşkəs haqqında razılaşma ilə başa çatıb.

Dağlıq Qarabağ və ətraf bölgələrdəki münaqişənin tarixi isə 1988-ci ilə dayanır.

90-cı illərdə Azərbaycan-Ermənistan arasındakı ilk müharibə və sonrakı dövrlərdə Azərbaycan tərəf daim Ermənistanı mədəni abidələrin məhv edilməsində günahlandırıb.

2020-ci ildə baş verən ikinci müharibədən sonra isə Azərbaycan Ermənistanı şəhərləri, kəndləri, qəbristanlıqları yer üzündən silməkdə ittiham edib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button