2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Siyasi şərhçi: “Faktiki söhbət Ermənistanın ərazilərinin bir hissəsinin Azərbaycan tərəfindən tutulmasından gedir”

“Blinkenin son açıqlamaları status-kvonun dəyişməsi ilə bağlıdır”

“İkinci Qarabağ müharibəsi başa çatandan sonra biz sərhədlərə çıxdıq. Əgər Ermənistan bizi ittiham etmək istəyirsə ki, onların ərazisinə girmişik, bunun heç bir əsası yoxdur. Birincisi, əgər sərhəd onların dediyi yerdə idisə sərhədi quraydılar, sərhəd xətlərini inşa edəydilər, kommunikasiyaları, mühəndis işlərini quraydılar. Onlar hesab edirdilər ki, bütün Qarabağ və Zəngəzur onlara qalacaq. Məhz buna görə Azərbaycan-Ermənistan sərhədində heç bir iş görməmişdilər”.

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 21-də Laçın şəhərində belə deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Onun sözlərinə görə, sərhədin delimitasiyası keçirilmədən heç kim deyə bilməz sərhəd haradan keçir: “Mən yenə də deyirəm, biz müzakirələrə hazırıq və delimitasiya komissiyalarının – Azərbaycan-Ermənistan komissiyalarının işinə məsuliyyətlə yanaşırıq. Bütün xəritələri toplamışıq. Bir daha demək istəyirəm ki, bütün xəritələr, o cümlədən XIX əsrə, XX əsrə, ondan əvvəlki dövrə aid olan xəritələr bizdədir və o xəritələr açıq-aydın göstərir, kim hansı torpaqda yerləşibdir. Ona görə delimitasiya aparılmadan bizi heç kim ittiham edə bilməz”.

Ölkə başçısı 12-13 sentyabr tarixlərindəki atəşkəs pozuntularını da Ermənistanın təxribatı sayıb:

“Nəticə etibarilə sentyabrın 13-də bizə qarşı növbəti təxribat törədilərkən Azərbaycan Ordusu cavab verərək qarşı tərəfi yenə də yerinə oturtdu. Ümid edirəm ki, nəhayət bu, onlara dərs olacaq. Çünki gördülər ki, bizi heç kim və heç nə dayandıra bilməz. Heç kimin zəngi, heç bir bəyanat, heç bir təşəbbüs bizi dayandıra bilməz”.

“Sərhəd boyunca əldə etdiyimiz mövqelər imkan verir ki, biz istənilən erməni təxribatını qabaqcadan görək və lazımi tədbirlər görək. Biz ta Murov dağından Araz çayına qədər Azərbaycan-Ermənistan sərhədində əlverişli mövqelərdəyik. Bu mövqelər bizə həm hərbi üstünlük verir, həm böyük əraziyə vizual nəzarət imkanı yaradır, o cümlədən önəmli kommunikasiya xətlərinə nəzarət etməyə imkan verir və biz artıq bu bölgələrdə yerləşirik. Biz otuz il bu sərhədlərdə olmamışıq”, – deyə Əliyev bildirib.

İ.Əliyev. Foto: “Azərtac”

Əliyev Ermənistanla sülh müqaviləsini imzalamaq üçün 5 prinsip ibarət təklif verildiyini bir daha xatırlayıb:

“Sözdə onları qəbul ediblər, amma biz bunu əməldə görmürük. Yenə də vaxt uzatma taktikası. Ermənistanın 2020-ci il noyabrın 10-da imzaladığı kapitulyasiya aktına əsasən, erməni silahlı qüvvələri Qarabağdan çıxarılmalı idi. Hələ də tam çıxarılmayıb. Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasının birləşməsini təmin edən dəhliz verməli idi. Bu günə qədər nəinki dəhliz verilməyib, hətta dəhlizin marşrutu bizə deyilməyib. Heç bir praktiki iş aparılmayıb. Biz isə indi dəmir yolunu Zəngilana qədər çəkmişik. Avtomobil yolunu Zəngilana qədər çəkmişik. Biz gələn ilin sonunda Ermənistan sərhədinə həm dəmir yolunu, həm avtomobil yolunu gətirəcəyik. Ancaq Ermənistan ərazisində heç bir iş görülmür və görünür ki, heç bir iş görmək istəmirlər. Yenə də vaxt uzadırlar”.

Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 22-də BMT Baş Assambleyasında Azərbaycanın Ermənistanda yeni ərazilər ələ keçirmək niyyətində olduğunu bəyan edib.

O deyib ki, Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası, regional kommunikasiyaların açılması və sülh müqaviləsi məsələsində ciddi irəliləyiş yoxdur:

“Çünki Azərbaycan bütün bunlardan Ermənistana qarşı ərazi iddiaları irəli sürmək üçün istifadə edir”.

Paşinyan əlavə edib ki, regional sabitliyi təmin etmək üçün Azərbaycanın silahlı qüvvələri Ermənistanın suveren ərazisindən çıxarılmalıdır.

Nikol Paşinyan İlham Əliyevə sual ünvanlayıb:

N.Paşinyan. Mənbə: “armenpress”

“Azərbaycan prezidentinə rəsmi və açıq sual verirəm: mənə Ermənistanın elə bir xəritəsini göstərə bilərsinizmi ki, onu qəbul edirsiniz, yaxud Ermənistan Respublikası kimi qəbul etməyə hazırsınız? Bunu niyə soruşuram? Çünki aydın ola bilər ki, Azərbaycanın rəsmi mövqeyinə görə, yalnız Ermənistanın yarısı, yaxud ondan da azı Ermənistan Respublikasıdır”.

Ermənistanın Baş naziri Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olduğunu deyib:

“Ancaq bir şərtlə ki Bakı da Ermənistanı beynəlxalq səviyyədə qəbul edilmiş sərhədləri çərçivəsində tanısın. Əgər Azərbaycan Ermənistanın ərazi bütövlüyünü nəzəri deyil, praktik tanısa, – 29 min 800 kvadrat kilometrlik beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyümüzü nəzərdə tuturam, – bu o deməkdir ki, sülh sazişini imzalaya bilərik”.

Onun sözlərinə görə, iki ölkə arasında saziş imzalanmayacağı halda, nəticələr Ermənistan üçün ağır olacaq:

“Əks halda bizdə sülh sazişinin xəyalı olacaq. Bundan sonra Azərbaycan, Ermənistana yeni ərazi iddiaları irəli sürmək və işğalı tamamlamaq üçün sərhədlərin delimitasiyası prosesi ilə manipulyasiya edəcək”.

Hər iki ölkə başçısının fikirlərini Meydan TV-yə şərh edən politoloq Rauf Mirqədirovun qənaətincə, İlham Əliyev bir məsələdə haqlıdır:

“Bəli, Əliyev o mənada haqlıdır ki, sərhədlərin delimitasiyası və demarkasiyası razılaşmadan iki ölkə arasında dövlət sərhədi yoxdur. Delimitasiya sərhədin xəritə üzərində müəyyənləşməsidir, demarkasiya isə konkret ərazidə sərhəd dirəklərinin qoyulmasıdır. Bu iki proses ardıcıl həyata keçirilməlidir. Demarkasiya prosesi daha ağırdır və zaman alır, çünki sovet dövründən anklavlar var. Fikir verin, sərhədlərin demarkasiyası Azərbaycanla Gürcüstan arasında hələ başa çatmayıb”.

R.Mirqədirov hesab edir ki, Ermənistanın Baş nazirinin çıxışı daha çox təbliğatı xarakter daşıyır:

Foto: Rauf Mirqədirovun şəxsi arxivindən

“Paşinyan Əliyevdən elə bir xəritə istəyir ki, orada Ermənistanın əraziləri tam olsun. Vaxtilə Ermənistan Azərbaycanın ərazilərinin yarısına iddia edirdi, hətta Gəncəyə, Kürə qədər. Elə Əliyevin də bir çox bəyanatları təbliğatı xarakter daşıyır. Ümumiyyətlə, hər iki tərəfdən tarixi keçmişə iddia etmək gülüncdür və ciddi deyil. XIX əsrə istinad etmək isə məni təəccübləndirdi. O zaman heç bir ölkə olmayıb, müəyyən xanlıqlar var idi, onlar da Rusiyaya birləşənə qədər İranın təsir dairəsindəydi. Ona görə XIX əsr barədə danışmaq qeyri-ciddidir. Amma Əliyev XX əsrə istinad edəndə onu başa düşürəm, çünki həm SSRİ yaranana qədər və ondan sonra da iki respublika olub. Əgər sovet birliyinə gedilsə, o vaxt xəritələr vardı. SSRİ zamanı inzibati ərazi bölgüsü olub, düzdür, vaxtaşırı dəyişikliklər olduğundan Azərbaycan müəyyən ərazilərini itirib”.

R.Mirqədirovun sözlərinə görə, 12-13 sentyabr hadisələri Azərbaycanla Ermənistan arasında vəziyyəti faktiki dəyişib:

“Həmin tarixlərə qədər təmas xətti, status-kvo və qoşunların yerləşdirilməsi vardı. Bu gün bunların heç biri yoxdur və yeni status-kvo yaranıb. ABŞ Dövlət katibi Blinkenin də son açıqlamaları status-kvonun dəyişməsi ilə bağlıdır. Hüquqi baxımdan bəyanatlar qeyri-dəqiqdir, amma faktiki söhbət Ermənistanın ərazilərinin bir hissəsinin Azərbaycan tərəfindən tutulmasından gedir”.

Xatırlatma

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button