24saat.org "Siyavuş Novruzov Mehmana qarşı ittihamların qurama olduğunu etiraf edib" - 24 saat

AZ24SAAT.ORG

Now Reading:
“Siyavuş Novruzov Mehmana qarşı ittihamların qurama olduğunu etiraf edib”

Siyavuş Novruzov: ”Mehman Hüseynov insanların şəxsi əmlakını çəkərək, cəmiyyətə təqdim etməyə çalışırdı”

“Mehman Hüseynov heç vaxt jurnalist fəaliyyəti göstərməyib, onun kimilərinin məqsədi yalnız Azərbaycan haqqında mənfi rəy yaratmaq olub”.

Bunu “Trend”-ə Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

O qeyd edib ki, M.Hüseynov insanların şəxsi əmlakını çəkərək cəmiyyətə təqdim etməyə çalışır və bu yolla da onların mülkiyyət hüquqlarını pozurdu.

“Mehman Hüseynov da cinayət törədib, eyni zamanda, vəzifəsini yerinə yetirən zabitə qarşı zor tətbiq edib. Hər kəs qanun qarşısında birdir və törətdiyi cinayətə görə cəzasını almalıdır”.

“Bundan daha böyük etiraf ola bilməz”

Deputatın dediklərini “Facebook” sosial şəbəkəsindəki profilində  media-ekspert Ələsgər Məmmədli şərh edib. O, Siyavuş Novruzovun dolayısı yolla Mehman Hüseynova qarşı rəsmi ittihamların qondarma olduğunun etiraf etdiyini bildirib.

“Mehman Hüseynovun niyə həbs edildiyini bilməyənlər üçün Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov yenidən hafizə təzələyəcək ifadə işlədib. O səbəbi təkrar ifadə edib ki, Mehman Hüseynov insanların şəxsi əmlakını çəkərək cəmiyyətə təqdim etməyə çalışır və bu yolla da onların mülkiyyət hüquqlarını pozurdu. Yəni, bütün rəsmi ittihamlar qondarmadır, əsas səbəb Mehmanın nazirlərin, məmurların korrupsiya faktlarını ictimailəşdirməsidir. Bundan daha böyük etiraf ola bilməz”.

Ələsgər Məmmədli
Ələsgər Məmmədli
Həbs müddətinin bitməsinə iki ay qalmış, Mehman Hüseynova qarşı yeni ittihamlar irəli sürülüb.

Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il azadlıqdan məhrum edilib. Bloger Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin şikayəti əsasında həbs edilib. O, bu ilin martında azadlığa buraxılmalı idi.

Ötən ayın 26-da ona yeni ittiham irəli sürülüb. Penitensiar Xidmətin mətbuat xidmətinin bildiriblər ki, o, cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirib. M. Hüseynov isə ittihamın saxta olduğunu deyib. O, buna etiraz olaraq, 12 gün əvvəl aclıq aksiyasına başladığını bəyan etmişdi.

Müxtəlif beynəlxalq təşkilatlar, ayrı-ayrı tanınmış ictimai xadimlər blogerə qarşı açılmış yeni cinayət işinə etiraz bəyanatları ilə çıxış ediblər.

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu da Mehman Hüseynovla bağlı bəyanat yayıb.

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun idarə komitəsi (EAP CSF) Azərbaycan Milli Platformasına dəstək olaraq Azərbaycandakı rejimi və ədliyyə sistemini tənqid etdiyi üçün həbs olunan bloqqer Mehman Hüseynovun dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırış edib.

Bəyanatda deyilir ki, bu vəziyyət gələcəkdə Avropa İttifaqı-Azərbaycan İnsan Hüquqları Dialoquna və Azərbaycan ilə Strateji Əməkdaşlıq Sazişinin imzalanması prosesinə kölgə salır.

“Siyasi məhbuslara azadlıq verilməsi və vətəndaş hüquqlarının təmin edilməsini istəyən azərbaycanlı vətəndaşlara qarşı təzyiqə son qoyulması vacibdir. Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platformasının 26 üzvünün imzaladığı bəyanata əsasən Mehman Hüseynovun işi tək deyil və cəzasının sona çatmasına az qalmış yeni cinayət işi ilə ittiham olunan ən azı beş aktivist var. Eyni zamanda dövlət tərəfindən senzura qoyulmuş KİV-lərdə çalışan xüsusi şəxsləri hədəf alan və vətəndaş cəmiyyətinə qarşı yönəldilmiş yeni “qarayaxma və böhtan kampaniyası” nın şahidi oluruq.

“Azərbaycan hökümətini Mehman Hüseynovun işini mütləq prioritet məsələ kimi nəzərdən keçirməyə çağırırıq”

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycada monitorinq aparan həmməruzəçiləri cənab Roqer Qeyl (Roger Gale) (Birləşmiş Krallıq, Avropa Komissiyası) və Stefan Şçennaç (Stefan Schennach) (Avstriya) korrupsiyaya qarşı mübarizə aparan Azərbaycanlı bloqqer və Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sədri Mehman Hüseynovun iki illik həbs müddətinin bitməsinə iki ay qalmış yeni ittihamlara məruz qalması ilə əlaqədar dərin narahatlıqlarını bildirib.

“Təəssüf ki, yeni ittihamların siyasi motivli olduğunu və siyasi məhbus olaraq tanıdığımız məşhur insan hüquqları müdafiəçisini susdurmaq məqsədi daşıdığını aydın şəkildə göstərən əsaslandırılmış səbəblər var. Biz Azərbaycan hökümətini Mehman Hüseynovun işini mütləq prioritet məsələ kimi nəzərdən keçirməyə çağırırıq.

Avropa Şurasının İnsan Hüquqları üzrə müvəkkili Dunya Miyatoviç (Dunja Mijatović) Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini Mahmud Məmməd Quliyevlə Mehman Hüseynovla bağlı müzakirə aparıb.

“Nazir müavininə dedim ki, hökümət 26 dekabrda cənab Hüseynova qarşı irəli sürülmüş, etibarlılığı olmayan ittihamları ləğv etməlidir. Mən həmçinin vurğuladım ki, hökümət qurumları sağlamlıq vəziyyəti son dərəcə kritik olan cənab Hüseynova lazımi tibbi yardım göstərməyi öhdəsinə götürməyə borcludur. Buna görə də Hüseynov lazımi tibbi yardım ala biləcəyi bir mülki xəstəxanaya köçürülməlidir. Ümid edirəm ki, Azərbaycan hakimiyyəti insan hüquqları üzrə öhdəliklərinə əməl edəcək. Mən Mehman Hüseynovun işində irəliləyiş gözləyirəm və gələcək aylarda hakimiyyət və vətəndaş cəmiyyəti nümayəndələri ilə konstruktiv dialoq aparmaq üçün Azərbaycanı ziyarət edəcəyimə ümid edirəm”.

24saat.org xəbəri Meydan TV-yə istinadən təqdim edir

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.