2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Slavyan Universitetinin keçmiş rektoru Nurlana Əliyeva məhkəməyə məcburi gətiriləcək

Yayımlandı: 14 Fevral 2023 15:55

Təqsirləndirilən şəxs deyir ki, rektor və baş mühasib proseslərin birbaşa iştirakçısı olub

Bakı Slavyan Universitetinin (BSU) keçmiş rektoru, 2021-ci ilin yayında vəzifəsindən çıxarılan Nurlana Əliyevanın məcburi şəkildə məhkəməyə gətirilməsi haqda qərar çıxarılıb. Onun haqqında bu qərar Bakı Ağır Cinayətlər Məhkəməsində verilib. Çünki bu məhkəmədə mühakimə olunan universitetin Əlavə və qiyabi təhsil şöbəsinin keçmiş müdiri Dürdanə Əliyevanın vəkili Nurlana Əliyevanın çağırılıb dindirilməsi haqda vəsatət qaldırıb, məhkəmə də onu təmin edib. Lakin sabiq rektor məhkəmənin çağırışına əhəmiyyət verməyərək, gəlməkdən imtina edib. Ona görə də hakimlər polis vasitəsilə Nurlana Əliyevanın məcburi qaydada məhkəməyə gətirilməsi haqda qərar qəbul edib.

Saytların yığılması Saytlarin yigilmasi

Univeritetin sabiq şöbə müdiri, dosent Dürdanə Əliyeva 226 min manatlıq mənimsəmə, dələduzluq kimi əməllərdə ittiham olunur. Onun haqqında cinayət işinin materiallarında yazılıb ki, Dürdanə Əliyeva təhsil haqqı kimi ona verilən ödənişləri mənimsəyib. O, həmçinin müxtəlif şəxslərdən universitetdə işə düzəlmək adıyla aldığı pulları ələ keçirib, onları aldatmaqda təqsirləndirilir. Bu cinayət işində ümumilikdə 123 nəfərin pulunun ələ keçirildiyi iddia olunur.

Dürdanə Əliyevanın işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyilə baxılır. Sabiq şöbə müdiri Cinayət Məcəlləsinin 178 (dələduzluq), 179 (mənimsəmə və ya israfetmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 32.312 (rüşvət verməyə təhrik etmə) maddələrilə ittiham olunur. Bu maddələrdə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Məhkəmədə bu ittihamlara münasibət bildirən Dürdanə Əliyeva özünü təqsirli bilmədiyini deyib:

“Bu ittihamlar üzrə özümü təqsirli bilmirəm. Özümü yalnız cinayəti bilib, xəbər verməməyə görə təqsirli bilirəm”.

Keçmiş şöbə müdiri əlavə edib ki, prokurorluqda şahid kimi dindirməyə çağrılanda bütün bildiklərini istintaqa açıqlayıb:

“Təəssüf edirəm ki, mənim istintaqa kömək etməyimi, özümün müəyyən məsələlər barədə məlumat verməyimi nəzərə almadılar”.

Hələ ilk məhkəmə iclaslarının birində təqsirləndirilən dosent ittihamda yazılanlara münasibət bildirərkən belə demişdi:

“Bunu mən tək eləyə bilməzdim”.

Onun sözlərinə görə, rektor Nurlana Əliyeva və baş mühasib də proseslərin birbaşa iştirakçısı olub: “Amma onlar məsuliyyətdən kənarda saxlanılıblar. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində istintaq gedən dövrdə də dəfələrlə bu məsələni qaldırmışam. Onların da cəlb edilməsi üçün vəsatətlər vermişəm”.

Dürdanə Əliyevanın sözlərinə görə, Nurlana Əliyevanın baş verənlərdən xəbəri olub, alınan vəsaitlərdən də ona çatıb.

Nurlana Əliyeva 2016-2021-ci illərdə Bakı Slavyan Universitetinin rektoru olub. O, tələbələrin ödədiyi təhsilhaqqı ödənişlərinin mənimsənilməsilə bağlı qalmaqaldan 5 ay sonra vəzifəsindən azad edilib. O, 12 il (2009-2021) YAP-ın Qadınlar Şurasının da sədri olub.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button