24 saat en son xeberler - Xeberler platformasi

Xəbərlər

SOCAR-da ixtisarlar planlı xarakter daşıyır

Bakı/30.11.21 Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) ixtisarlar olduğu deyilir. Bu cür məlumatlar artıq bir neçə ildir mütəmadi olaraq mətbuatda yer alır. Sonuncu dəfə bununla bağlı iddialar ötən il aprelin sonunda gündəmə çıxmışdı. Lakin SOCAR-ın özü həmin iddiaları rədd edib kadr islahatları apardığını bildirmişdi.

Azərbaycan Dövlət Neft Şirkətindən Turan-a bildirilib ki, optimallaşdırma tədbirləri ilə əlaqədar olaraq bu günə qədər 1674 işçi “sərbəstləşdirilib”.

Qeyd olunub ki, qanunvericilikdə də bu məfhum təsbit olunub. “Məşğulluq haqqında Qanunda da qeyd olunub ki, sərbəstləşdirilən işçilər – dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil olunması, işçilərin sayının və ya ştatların ixtisar edilməsi ilə əlaqədar əmək münasibətlərinə xitam verilmiş şəxslərdir”.

Şirkətdən vurğulanıb ki, qanunvericilik bunu tələb etməsə də, SOCAR öz sosial məsuliyyəti nəticəsində sərbəstləşdirilən və ya işsiz qalan işçilərinə şirkət daxilində başqa iş yerləri təklif edir.

Bildirilib ki, sərbəstləşən işçilərə son aldıqları ortalama aylıq əmək haqqının 50 faizinin hər ay ödənilməsi təklif olunur. “Həmin müddətdə isə şirkət həmin sərbəstləşdirilmiş və ya fəaliyyətsiz qalmış işçilərinə daxili vakansiyalar təklif edir və onların mümkün qədər tez yenidən işə qəbul olunması üçün kənardan işə qəbulu məhdudlaşdırılır”.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı isə bildirib ki, SOCAR-da islahatlar 2014-cü ildə də aparılmışdı. “1999-cu ildə Natiq Əliyev hələ SOCAR-ın rəhbəri olanda hasilat aşağı düşüb və ixtisarlardan qaçmaq üçün qərar verilmişdi ki, şirkətə işə qəbulu saxlanılsın. 2006-cı ildə isə Rövnəq Abdullayev SOCAR-ın prezidenti təyin olundu və işə qəbul başlandı, şöbələr əvəzinə idarələr yaradıldı və işçilərin sayı kəskin artdı”.

Hüquq müdafiəçisi deyir ki, OPEC+ neftin hasilatının azaldılması ilə bağlı qərar qəbul edəndən sonra Azərbaycanda dörd neft quyusu bağlanıb. “Orada çalışanlar isə ixtisara düşdü, adını isə optimallaşma qoydular. Daha sonra qeyri-qanuni imtahanlar keçirməyə başladılar”.

Onun sözlərinə görə, ixtisara düşmüş işçilərə şərt qoyulub. “Dedilər ki, siz müəyyən qaydalara əsasən kompensasiya alırsınız və Məşğulluq İdarəsində uçota düşürsünüz. Amma, qanuna əsasən, əgər ixtisara düşən şəxsin torpaq payı varsa, o, məşğul şəxs kimi tanınır və uçota götürülmür. Bundan başqa, kompensasiya kimi əmək haqqının 5 mislini götürüb işdən çıxan adamın razılaşma müqaviləsində yazılır ki, o, heç yerə şikayət edə bilməz və gələcəkdə SOCAR və onun tərəfdaşlarının gələcəkdə elan etdiyi mesabiqədə iştirak edə bilməz”.

Qəhrəmanlı qeyd edib ki, işdən çıxarılan və “ARDNŞ üzrə sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlılığının təmin olunması” proqramına qoşulan işçilərin müqaviləsində ixtisar sözü yoxdur deyə, əslində ixtisar olunmuş şəxslərin sayını müəyyən etmək mümkün deyil. -0-

 

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button