SEÇMƏ

SOCAR-dakı “qohumlar” attestasiyadan keçəcəkmi?

Yayımlandı: 27 Sentyabr 2022 15:08

“Hikmət Hacıyevin həyat yoldaşı müşavir gələndən sonra tənqidçilərə qarşı qara piar kampaniyası aparılır”

SOCAR-ın Neft-qaz elmi-tədqiqat layihə İnstitutunun əməkdaşlarına test və attestasiyadan keçməklə bağlı xəbərdarlıq olub. Nəticədən asılı olaraq ixtisarlar mümkündür. Amma institut ailə podratına çevrilib, qohum və tanışların da attestasiyaya cəlb olunub-olunmayacağı bəlli deyil”.

Bunu Meydan TV-yə Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı bildirib.

İstitutun direktoru Fəxrəddin İsmayılov, baş mühəndisi Fazil Həsənovdur. İnstitutun adının açıqlanmasını istəməyən əməkdaşları Meydan TV-yə deyib ki, bu qurumda az qala hər kəs bir-biri ilə qohumdur.

“Baş mühəndis Fazil Həsənovun oğlu, qızı və gəlini orada çalışır. Geofizika və Geologiya Departamentinin rəisi Şəkərovun isə həyat yoldaşı və oğlu, eləcə də institutun direktoru Fəxrəddin İsmayılovun katibəsinin oğlu və qızı da institutda işləyir”, – mənbə deyib.

Mirvari Qəhrəmanlının sözlərinə görə də, bu müəssisədə rəhbərliyin ailə üzvüləri, yaxınları çalışırlar:

“Amma “Qazın yoxlanması və analizi” laboratoriyasının regionlardakı laboratoriyaları ləğv olunanda işçiləri xadimə götürdülər. Həmin işçilər arasında ali təhsillilər də vardı, dedilər ştat yoxdur”.

Təşkilat sədri qeyd edib ki, bu yaxınlarda əməkhaqqı ilə gündəmə gələn “Azərbaycan Neft Təsərrüfatı” jurnalının 8147 manat maaş alan baş redaktorunun qaynı qızı da bu institutda məsul katibdir. Baş redaktorun müavininin həyat yoldaşı böyük elmi redaktordur. İqtisadiyyat və uçot İdarəsinin rəisiqar Şərifovun əmisi qızı həm şöbə rəisi, həm baş mühasib vəzifəsində çalışır.

Mirvari Qəhrəmanlı əlavə edib ki, SOCAR-da baş verənləri – işçilərin daşınması, nəqliyyat, qidalanma problemləri, qəza və ixtisarlar, attestasiya, eləcə də şikayətlərlə bağlı yazdıqlarına görə ona təzyiqlər başlanılıb. Haqqında heç bir fakta əsaslanmayan məlumatlar yayılır, “Facebooksosial şəbəkəsində səhifə açılaraq şantaj edilir, eləcə də şifahi xəbərdarlıq alıb.

Aygün Hacıyeva

Meydan TV-nin SOCAR-dakı mənbəsi isə deyir ki, Prezidentin köməkçisi Hikmət Hacıyevin həyat yoldaşı Aygün Hacıyeva SOCAR prezidentinin müşaviri təyin olunduqdan sonra bu qurumu tənqid edənlərə qarşı qara piar kampaniyası aparılır.

“Şirkətin informasiya və kommunikasiya işi Aygün xanıma həvalə edilib. Görünür o da həyat yoldaşı kimi ictimai kampaniyaların daha effektiv olduğunu düşünür. Bu səbəbdən də kim SOCAR-a qarşı çıxırsa, o, “trol”ların hədəfinə tuş gəlir”, – mənbə qeyd edib.

İnstitutdan deyilənləri şərh etmək istəməyiblər. Bildirilib ki, sualları SOCAR cavablandıra bilər. SOCAR-ın mətbuat xidmətindən isə sualların yazılı göndərilməsini istəsələr də, sorğu cavablandırılmayıb.

Gözdən qaçırmayın:  Azərbaycanda İkinci Qarabağ müharibəsi ilə bağlı Anım Günü keçirilir
Aygün Hacıyeva (sağda). Mənbə: Trend

Meydan TV Aygün Hacıyeva ilə danışa bilməyib. SOCAR-dan onunla əlaqələndirməyiblər.

Neft-qaz elmi-tədqiqat layihə İnstitutu 2009-cu ildə şirkətin iki institutunun (“Elmi Tədqiqatlar” və “Neftqazlayihə”) birləşməsi nəticəsində yaradılıb. İnstitutun tərkibində elmi-tədqiqat, layihə və konstruktor işləri ilə məşğul olan 80-dən çox laboratoriya və şöbə fəaliyyət göstərir.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button