ÖLKƏ

SOCAR-ın Avro 2020-yə sponsorluğu tənqid olunur – Qərb mediası

“Volkswagen” avtomobil istehsalçısı və Azərbaycanın SOCAR dövlət neft şirkətinin sponsorluğunu qəbul edən Avro 2020 göstərir ki, UEFA ətraf mühit göstəriciləri heç də nümunəvi olmayan şirkətlərlə iş görməyə hazırdır. Bunu “Frans Pres” agentliyi “Avro 2020-nin sponsorları elə də yaşıl deyillər” başlıqlı yazısında qeyd edir.

Yazıda vurğulanır ki, UEFA Avropa futbol çempionatının ekoloji baxımdan təmiz olacağını iddia edir. Amma 2017-ci ildən beynəlxalq yarışmalara sponsorluq edən “Volkswagen” hələ 2015-ci il qalmaqalında etiraf elədi ki, dizellə işləyən avtomobillərin emissiya testləri ilə bağlı yalan danışıb.

“Xarici siyasət aləti”

“Tənqidçilər deyirlər ki, keçmiş sovet neft və qaz nəhəngləri təkcə ətraf mühiti çirkləndirmirlər, həm də demokratiya və insan haqları göstəriciləri sual doğuran siyasi rejimləri maliyyələşdirirlər.

Azərbaycanın SOCAR dövlət neft şirkəti SSRİ-dən müstəqillik qazanandan bəri insan haqlarına sayqısız yanaşan Əliyevlər ailəsi tərəfindən idarə olunan ölkəni təmsil edir”, – məqalədə vurğulanır.

Məqalədə turnirin sponsorlarından olan Rusiyanın Gazprom qaz inhisarçısının Moskvanın əsas xarici siyasət alətlərindən olduğu, Prezident Vladimir Putintərəfindən ölkənin siyasi və iqtisadi maraqlarını irəli aparmaq üçün istifadə olunduğu vurğulanır.

UEFA bildirib ki, ətraf mühitə təsir kontekstində SOCAR və Gazprom-la yaxınlığın yaratdığı “dilemmanı anlayır”.

“İnanırıq ki, böyük tədbir təşkil edərkən, mümkün olan yerdə davamlı tədbir idarəçiliyi kriteriyalarını tətbiq etməyə çalışmağa dəyər”, – UEFA-dan agentliyə bildirilib.

Jurnalistlərin korrupsiya araşdırmaları layihəsi olan OCCRP-nin məlumatına görə, SOCAR Bakıdakı stadiona “azı 850 milyon dollar axıdıb”.

Agentlik qeyd edir ki, UEFA təkcə Avropa-2016-ya kommersiya hüquqlarından 483 milyon avro (527 milyon dollar) qazanıb. UEFA sponsorluğu isə Gazprom və SOCAR-ın imiclərini gücləndirməsinə yol açıb.

UEFA deyir, kontrakt SOCAR-la bağlanıb

Beynəlxalq tədbirlərə sponsorluq “həm SOCAR haqda beynəlxalq miqyaslı şirkət kimi, həm Azərbaycanın … yeni turizm məkanı kimi maarifləndirməni gücləndirir”, – şirkətin sözçüsü İbrahim Əhmədov söyləyib.

Rusiya və Azərbaycan mütəmadi olaraq insan haqları pozuntularına görə tənqid olunurlar və belə sponsorluq “siyasi məqsəd” daşıyır, Moskvada RMA Biznes Məktəbinin idman menecmenti üzrə direktoru Kirill Kulakov deyib.

Agentlik yada salır ki, ötən il Bakıda Avropa Liqasının final oyunu keçiriləndə “Amnesty International” bəyanat vermişdi ki, Azərbaycana futbol bayramıyla qorxulu insan haqları göstəricilərini “ağartmağa” imkan verilməməlidir.

UEFA isə israrla bildirir ki, kontraktı Azərbaycanla deyil, SOCAR-la bağlayır. Amma “Frans Pres” qeyd edir ki, reallıqda onların arasında elə bir fərq yoxdur. SOCAR dövlət neft şirkətidir, bu ölkənin ixracının 90 faizini neft təşkil edir, dövlət büdcəsinin yarısı isə neft gəlirlərindən ibarətdir.

Azərbaycan hakimiyyəti isə ölkədə insan haqları pozuntuları haqda beynəlxalq iddiaları qəbul etmir, bütün təməl hüquq və azadlıqların tam qorunduğunu bildirir.

Avro 2020 oyunları 12 şəhərdə baş tutacaq, onların arasında Roma, Amsterdam, Qlazqo, Budapeşt, Kopenhagen, Bilbao, Buxarest, Münhen, Dublin, Bakı, London və Sankt-Peterburq var.

Azadlıq radiosu

24saat.org

Mənbə – azadliq.info

Etiketlər
Daha çox

Bənzər məqalələr

Back to top button
Close
Close