Loading...
Loading...
Xəbərlər

SOCAR-ın şöbə rəisinə qarşı dələduzluq edən şəxslərin məhkəməsi başlayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində vəzifə saxtakarlığı və külli miqdarda dələduzluqda təqsirləndirilən Tərlan Yusubov, Əli Əhədov və Rüfət Musayevin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

APA-nın xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə T. Yusubov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

Ə. Əhədov və R. Musayev isə özlərini qismən təqsirli bilməyiblər.

Sonra prosesdə şahid qismində Ə. Əhədovun bacısı Elnarə Əsədova ifadə verərək bildirib ki, qardaşının hansı məbləğdə pul almasından xəbərsizdir: “Mən zərərçəkmişə dəyən ziyanın ödənilməsinə çalışmışam. Bu işdə qardaşımın günahı yoxdur. O sadəcə, vasitəçi olub”.

Proses noyabrın 29-da davam etdiriləcək.

İttihama görə, Əli Əhədov etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə qohumu Rüfət Musayev və “Global” MMC-nin direktoru olmuş Tərlan Yusubovla cinayət əlaqəsinə girərək, Bakı şəhər sakini Vüqar Həsənovun övladı Humay Həsənlinin xaricdə ali məktəblərdən birinə daxil olacağı, bundan 1 il sonra isə Azərbaycan Dövlət İqtisad Universitetinə köçürüləcəyini vəd edib. O, bu yolla qohumu Rüfət Musayevin vasitəsi ilə Vüqar Həsənovdan ayrı-ayrı vaxtlarda ümumilikdə 39 min 700 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirib.

Bununla bağlı təqsirləndirilən şəxslər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, zərərçəkmiş Vüqar Həsənov SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Avtomatika və Metrologiya Departamentinin Avtomatik İdarəetmə Sistemləri Şöbəsinin rəisi vəzifəsində çalışır.

Gözdən qaçırmayın:  Ukrayna şərtləri açıqladı

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button