Dövlət Neft Şirkəti (SOCAR) Hasilat və Emal Potensialını İtirməkdədir
SOCAR, uzun illər Azərbaycan iqtisadiyyatının hərəkətverici qüvvəsi kimi çıxış etsə də, istehsal və emal gücünü sürətlə itirməkdədir. 2026-cı il üçün qurumun büdcə öhdəlikləri 2025-ci ilin proqnoz göstəriciləri ilə müqayisədə 10 faiz, yəni 180 milyon manat azalmaqdadır.
Dövlət Büdcəsinə Öhdəliklərdə Geriləmə
Gələn il üçün Dövlət Neft Şirkətinin dövlət büdcəsinə ümumi öhdəlikləri 1,7 milyard manat məbləğində müəyyən edilib. Bu vəsaitin 200 milyon manatdan bir qədər çox hissəsi mənfəət vergisi, qalanı isə digər vergi növləri hesabına formalaşacaq. Qeyd etmək lazımdır ki, bu məbləğ şirkətin hələ 2014-cü ildə büdcəyə ödədyi vergi göstəricisindən də azdır. Həmin il şirkətin vergi ödənişləri dövlət büdcəsi gəlirlərinin 10 faizini təşkil etdiyi halda, 2026-cı ildə bu nisbət təxminən 4 faiz səviyyəsində olacaq.
Vergi öhdəliklərinin azalması əsasən mədən və aksiz vergiləri üzrə daxilolmaların təxminən 200 milyon manat azalması ilə izah edilir.
Hasilat və Emal Potensialının Düşüşü: Postneft Dövrü
Mütəxəssislər bu vəziyyəti
SOCAR üçün artıq
postneft dövrünün başlanğıcı kimi şərh edirlər. Şirkətin hasilat və emal potensialı əhəmiyyətli dərəcədə zəifləyir. Büdcə öhdəliklərinin aşağı düşməsinin əsas səbəbi hasilat göstəricilərindəki geriləmədir.
Proqnozlara görə, 2026-cı ildə xam neft hasilatı 500 min ton azalaraq 5,6 milyon tona, qaz hasilatı 800 milyon kubmetr azalaraq 4,6 milyard kubmetrə, neft emalı isə 800 min ton azalaraq 5,9 milyon tona enəcək.
Yanacaq İstehsalında Kəskin Azalmalar
Məlumatlara əsasən, 2026-cı ildə daxili istehlak üçün ölkədə istehsal olunan Aİ-95 markalı benzinin hasilatı dayandırılacaq. Bu amil də vergi öhdəliyinin azalmasına təsir göstərəcək. Lakin bu qərarın arxasında duran səbəblərlə bağlı hər hansı tutarlı izah verilməyib. Eyni zamanda, Aİ-92 markalı benzin istehsalında 240 min ton, dizel yanacağının istehsalında isə təxminən 300 min ton azalma gözlənilir.
Qeyd edək ki, 2000-ci illərin əvvəllərində Dövlət Neft Şirkətinin illik neft hasilatı 9 milyon ton, qaz hasilatı isə 7 milyard kubmetrə yaxın idi. Gözlənilən 2026-cı il proqnozları həm xam neft, həm də təbii qaz üzrə 15-20 il əvvəlki göstəricilərlə müqayisədə az qala 40 faiz aşağıdır.
Yeni İqtisadi Mərhələyə Keçid
Beləliklə, hökumət xarici neft müqavilələrindən əldə olunan gəlirlər sayəsində yeni iqtisadi mərhələni nisbətən ləng qarşılasa da,
SOCAR bu keçid dövrünə daha erkən daxil olmuş görünür. Azərbaycanın
neft sənayesində baş verən bu dəyişikliklər ölkə iqtisadiyyatının strukturunda mühüm transformasiyaların göstəricisidir.
24 saat
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz