ÖLKƏDünya

Şolts Baydenlə görüşəcək

Fevralın 7-də Almaniyanın Kansleri Olaf Şolts Vaşinqtonda ABŞ Prezidenti Co Baydenlə görüşəcək. Məqsəd Rusiyanın Ukrayna ilə sərhəd qoşun yığmasının yaratdığı gərginliyin aradan qaldırılmasında Almaniyanın rolunu artırmaqdır.

Şolts dekabrda kansler vəzifəsinə keçəndən bəri ilk dəfədir Ağ evə səfər edir. Almaniyanın yeni lideri Ukraynaya silah göndərməyə razılaşmadığına görə tənqidlə üzləşib.

Fevralın 6-da Berlindən yola düşən Şolts bir daha deyib ki, Almaniya Ukraynaya silah göndərməyəcək. Amma o, ölkəsinin Baltik ölkələrinə əsgər göndərməyə hazır olduğunu söyləyib.

“Ukraynaya öldürücü silahlar göndərmirik”

Almaniyanın Baltik ölkələrində NATO əməliyyatlarında iştirakını “gücləndirmək üçün gərəkəni etməyə hazırıq”, – Şolts Almaniyanın ARD ictimai televiziyasına müsahibəsində deyib.

Almaniya NATO-nun Litvada əməliyyatına rəhbərlik edir, bu ölkədə 500 əsgəri var.

Bu arada Rusiyanın Ukraynanı işğala hazırlaşması ilə bağlı narahatlıq artır. Qərb ölkələri və NATO Rusiyanı sərhədə 100 mindən çox əsgər yığmaqda ittiham edir.

Rusiya isə işğal planları olmadığını deyir, amma eyni zamanda genişmiqyaslı təhlükəsizlik qarantiyaları tələb edir. Tələblərdən biri də Ukraynanın NATO-ya heç vaxt üzv olmamasıdır.

Şolts ölkəsinin Ukraynaya silah göndərməkdən imtinasını müdafiə edib. “İllərdir, Almaniya hökumətinin böhran zonalarına silah göndərməməklə bağlı aydın siyasət yürüdür. Biz Ukraynaya öldürücü silahlar göndərmirik”, – o, ARD televiziyasına deyib.

İkinci donor

Şolts hökuməti Almaniyanın Rusiyaya mümkün sanksiyaları açıqlamaqdan imtina etdiyinə görə də tənqid olunur. Amma kansler deyib ki, Moskva hücum edəcəyi halda “böyük bədəl”lə üzləşər.

Ağ evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan deyib ki, Almaniya silah göndərməsə də, Birləşmiş Ştatlardan sonra Ukraynanın ikinci böyük donorudur.

“Müxtəlif müttəfiqlər bu işin fərqli tərəfindən yapışırlar”, – Sallivan NATO-nun 30 üzvü haqda belə deyib.

Sallivanın sözlərinə görə, Baydenlə Şolts Rusiya qazının Almaniyaya nəqlini nəzərdə tutan Şimal axını-2 kəmərini müzakirə edəcəklər.

Müşavirin sözlərinə görə, Rusiya Ukraynanı işğal edərsə, kəmər “işə düşməyəcək”. Şolts isə ARD-yə müsahibəsində kəmər haqda suala cavabında “heç nə istisna olunmur” söyləyib.

Kəmərin tikintisinin tamamlanmasına baxmayaraq, Almaniyanın tənzimləyici orqanları ona yaşıl işıq yandırmayıb.

Görüşlər davam edəcək

Şolts Vaşinqton səfərindən sonra bu həftənin sonuna yaxın Berlində Baltik ölkələri liderləri ilə görüşəcək. O, ayın sonuna isə Ukraynaya və Rusiyaya səfər edəcək.

Fransa Prezidenti Emmanuel Makron da fevralın 7-də diplomatik səfərə başlayır. O, Moskvada rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparacaq.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Gözdən qaçırmayın:  Rusiya Ukraynanın şəhərlərini bombalayır. Desant qüvvələri Xarkovda

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button