SEÇMƏ

Şolz Rusiyanın yaratdığı enerji böhranını dəf etdiklərini deyir

Yayımlandı: 18 Yanvar 2023 13:20

“Qışın mülayim keçməsi enerjiyə tələbatı azaldıb”

“Almaniya bu il tənəzzüldən qaçacaq, buna əminəm”.

Kansler Olaf Şolz belə deyib.

O, Rusiyanın enerji böhranı ilə qarşı-qarşıya qoyduğu Avropanın ən böyük iqtisadiyyatının güvənc altında olduğunu bildirib.

Şolz qeyd edib ki, Almaniya qış enerji böhranını bir neçə həftə öncə təhdidlərdən daha yaxşı dəf edə bilib: “İqtisadiyyatın yaxşı vəziyyətdə qalması üçün qaz tədarükünü çeşidləndirmək lazımdır. Bu, çox vacibdir. Pis vəziyyətdə olmasaq da, iqtisadiyyatda bir durğunluq yaşanır”.

Kansler bildirib ki, qeyri-Rusiya enerji qaynaqlarına sürətli keçid və qışın mülayim keçməsi enerjiyə tələbatı azaldıb.

Bu da qışda enerji kəsintiləri riskini hardasa sıfıra endirib.

“Biz Ukrayna xalqının müharibə ilə bağlı haqlı mübarizələrinə dəstəyi davam etdirəcəyik”, – kansler bildirib.

Rusiya Prezidenti Vladimir Putinin ötən ilin fevralında Ukraynaya hərbi müdaxiləsi Almaniyanın enerji təchizatındakı zəifliyini üzə çıxarıb.

Bu da son dönəmlərdə Şolzun işində enerji ilə bağlı narahatlıqların üstünlük təşkil etməsinə səbəb olub.

Müharibədən əvvəl Rusiya Almaniyanın qaz təchizatının nə az, nə çox – 55 faizini təşkil edib.

Odur ki, qış girmədən öncə Şolz açıqlamalarında soyuq aylarda qıtlıq təhlükəsi ilə üzləşə biləcəklərini söyləmişdi.

O, belə kəsintilərin olmaması üçün təcili tədbirlər gördüyünü də bildirmişdi.

“Bloomberg” qeyd edir ki, Şolz 2021-ci il seçkilərinin sürpriz qalibi olub.

Vəzifəyə başlayandan qısa zaman sonra Rusiya-Ukrayna müharibəsi başlayıb və o, münaqişənin yaratdığı qarışıqlıqla üz-üzə qalıb.

Ekspertlər düşünürlər ki, o, problemlərin həllində qısamüddətli həllə nail olub, lakin Almaniyanın sənaye bazasının rəqabətədavamlı qalması üçün bərpa olunan enerjiyə keçid sürətlənməlidir.

Meydan TV

Gözdən qaçırmayın:  Aranın qar dərdi

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button