Loading...
Loading...
SEÇMƏ

“Son müzakirələr sosial media ilə bağlı yeni qanunun qəbuluna hazırlığın xəbərçisidir”

Yayımlandı: 10 Avqust 2022 15:06

Media mütəxəssisi Baş prokurorun fikirlərini şərh edib

“Biz hamımız dövlətin siyasətini dəstəkləyirik, dövlətin inkişafı üçün hər kəs öz işini məsuliyyətlə yerinə yetirməlidir: Gələcəkdə intensiv fəaliyyətlə məşğul olmalıyıq demək, o demək deyil ki, biz deyəni yazmalısınız və ya siz yazana dərhal reaksiya verməliyik”.

Bu fikirləri Baş prokuroru Kamran Əliyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Media azadlığı və sosial sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması” mövzusunda keçirilən konfransda söyləyib.

Kamran Əliyev xatırladıb ki, Azərbaycan media sahəsində bütün beynəlxalq konvensiyalara qoşulub:

“Deyə bilərik ki, Azərbaycanda medianın, KİV-lərin inkişafı üçün bütün zəruri şərait yaradılıb. Müasir media demək olar ki, artıq formalaşıb. Medianın cəmiyyətdə rolu doğrudan da böyükdür. Prezident İlham Əliyev medianın inkişafına böyük diqqət yetirir, medianın gündəlik fəaliyyəti ilə maraqlanır”.

Baş prokuror qeyd edib ki, müasir şəraitdə medianın inkişafı olmadan cəmiyyətin inkişafı mümkün ola bilməz:

“Medianı klassik olaraq hakimiyyətin dördüncü qolu adlandırmışıq. Müşahidələr onu göstərir ki, bu, yalnız sözdə belə deyil. Azərbaycanda media demək olar ki, artıq dördüncü hakimiyyətdir”.

Kamran Əliyev mətbuatı daim izlədiklərini də vurğulayıb:

“Son vaxtlar mətbuatda gedən cinayət faktları ilə bağlı məlumatları diqqətlə izləyirik. Bu, bizim gündəlik fəaliyyət istiqamətlərimizdən biridir. Çalışırıq ki, orada gedən kriminal xarakterli məlumatlara dərhal reaksiya verək və qanunla nəzərdə tutulmuş tədbirlər görək. Məqsədimiz odur ki, bəzi boşluqları aradan qaldıraq. Milli təhlükəsizliyə yönəlik çağırışlar edilirsə, prokurorluq öz fəaliyyətinə uyğun qəti addımlar atmalıdır. İndiyə qədər atılıb və bundan sonra da atılacaq”.

“Bizim bu fəaliyyətimizi bəzi media nümayəndələri birmənalı qarşılamır. Qanun pozuntusu baş vermək üzrə olduğu halda vaxtında müdaxilə etməyimiz bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən neqativ qarşılanır. Xəbərdarlıqlar o zaman edilir ki, daha ciddi qanun pozuntusunun qarşısını alaq. Xəbərdarlıq prokurorluğun fəaliyyət sferasına daxil olan addımlardan biridir”,-deyə Əliyev fikrini tamamlayıb.

Daha sonra çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov Baş Prokurorluqla birgə medianın fəaliyyəti haqda komissiya yaradılmasını təklif edib.

Media hüququ üzrə ekspert Xalid Ağaliyev Meydan TV-nin sorğusunu cavablandırarkən deyib ki, toplantıda qeyd edilənlər onsuz da qanunla qorunur:

“Bu kontekstdə müzakirələrin hamısı – prokurorluğun, dövlət qurumlarının, onların bütün çağırışlarına həvəslə dəstək verən hökumətə bağlı medianın səsləndirdiyi bu əsaslara söykənir: vətəndaşların hüquq və azadlıqlarının pozulmasının önlənməsi, dövlətin müdafiə qabiliyyətinin zəifləməsi, Azərbaycanın milli təhlükəsizliyinə yönələn hərəkətlərin, çağırışların qarşısının alınması”.

Gözdən qaçırmayın:  Abunəçilər: “Baktelecom” internet tariflərini xəbərdarlıqsız artırıb
Foto: Meydan.TV

“Buna baxmayaraq, yeni qurumların, komissiyaların yaradılması qərarı verilirsə, burda məqsəd əslində söylənildiyi kimi deyil. Milli təhlükəsizliyə yönələn hərəkətlər olubsa, qanunvericilik baxımından, onun qəzetdə və ya “Facebook”da baş verməsinin heç bir fərqi yoxdur. Hərəkətin qanunlarda nəzərdə tutulmuş cəzası var, o tətbiq edilməlidir. Əlavə mexanizmlər yaradılırsa, deməli, başlıca məqsəd teleradio və çap mediasından fərqli olaraq, xeyli azad olan internet mediasını da mümkün qədər nəzarət altına almaqdır”, – hüquqşünas deyib.

Əflatun Amaşovun təklifinə gəldikdə, Xalid Ağaliyev bildirib ki, dünyanın heç bir yerində yanlış məlumatları önləmək məqsədilə qurulan qurumlar yoxdur:

“Heç nifrət çıxışları, şiddəti təşviq edən məzmunları önləmək məqsədilə də dövlət hansısa qurum yaratmır. Bu məsələləri azad jurnalistlərin qurduqları birliklər, yazdıqları tövsiyələr tənzimləyir. Azərbaycanda başlıca problem azad jurnalist, azad media problemidir. Dövlət onları azad buraxmalıdır ki, onlar özlərini tənzimləmək vərdişlərinə yiyələnsinlər”.

“Məncə, son müzakirələr sosial medianın tənzimlənməsi ilə bağlı yeni qanunun hazırlanmasının, qəbuluna hazırlığın xəbərçisidir. Bunun media azadlığına xidmət edəcək addım olduğunu düşünmürəm”, – deyə Ağaliyev fikrini tamamlayıb.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button