Loading...
Loading...
SEÇMƏ

Sosial şəbəkələrdə “qayda-qanun” davası: Mətbuat Şurası nə təklif edir?

Hüquqşünas: “Belə səlahiyyətlər, ifadə azadlığına müdaxilələrə geniş imkanlar açır”

Baş Prokurorluğun sosial şəbəkələrdə orduda baş verən hadisələrlə bağlı paylaşım edən şəxslərə xəbərdarlığı və məhkəmənin Tofiq Şahmuradovun haqqında 1 aylıq həbs qərarı verməsinindən sonra Mətbuat Şurası bu yöndə mətbuat konfransı keçirib.

Şuranın sədri Əflatun Amaşov iyulun 28-də keçirilən toplantıda sosial şəbəkələrdə Azərbaycan ordusunun işgüzar nüfuzuna xələl gətirən informasiyaların tirajlanmasından narahatlığını ifadə edib.

O vurğulayıb ki, sosial şəbəkələrdə qayda-qanun yaradılması ilə bağlı təkliflər verilməlidir:

“Qanunvericiliyə əsasən, xəbərdarlıq edilən və nəticə çıxarmayan elektron informasiya resursları müvəqqəti bloklana, informasiya resursunun fəaliyyətinin dayandırılması üçün məhkəməyə müraciət edilə bilər. Sosial şəbəkədə də müəyyən qayda-qanun yaradılması üçün biz öz təkliflərimizi verə bilərik”, – Əflatun Amaşov belə deyib.

Ancaq “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu inzibati metodların əleyhinə olduğunu bildirib.

Onun fikrincə, bu mübarizədə yerli media aktiv iştirak etməlidir:

“Mən inzibati metodların, həbslərin əleyhinəyəm, amma Ordumuza qarşı neqativ fəaliyyətin qarşısını almağa çalışmalıyıq. Sosial şəbəkələrdə təxribatların qarşısına biz çıxmalıyıq. “Youtube” platformasında fəal olmalıyıq. Biz internet mühitinə transformasiyanı gücləndirməli, yanlış nədir, biz söyləməliyik”.

Media hüququ eksperti Xalid Ağaliyev Meydan TV-yə deyib ki, sosial medianın tənzimlənməsi məsələsinin 5 il əvvəl Almaniyada gündəmə gəlib.

Bu da sosial mediada nifrətli çıxışların, şiddətə çağırışların, aşırı sağçı təşviqatın artması ilə bağlı olub:

“Nəticədə Almaniyada “Sosial Media Platformalarında Hüquqi Tətbiqetmələrin Yaxşılaşdırlması” Qanunu qəbul edildi. Həmin qanunun hədəfi təhqir, böhtan, ictimaiyyəti cinayətə sövq etmə, şiddət görüntülərini yaymaq kimi internet üzərindən yayılan məzmunla daha effektiv mübarizə aparmaq idi. Qanun nəzərdə tutur ki, internet üzərində belə pozuntular baş verdikdə, onların qarşısı daha tez alınsın. İstifadəçilərin şikayətlərinin daha tez – 24 saat içində araşdırılması, cinayət təşkil edən məzmun aşkarlandıqda onun 1 həftə işində silinməsi və ya bloklanması, şikayətvermə mexanizmi yaradılması, bu xüsusda verilən bütün qərarların əsaslandırlması kimi məsələlər, artıq 5 ilə yaxındır qüvvədə olan həmin qanunda əksini tapıb”.

“Qeyd edilənləri sosial media şirkətləri həyata keçirir və fəaliyyətləri ilə bağlı ildə 2 dəfə hesabat hazırlayıb təqdim edirlər. Sosial media platformalarının Almaniyada təmsilçilik açması məcburidir, şikayət sistemi yaratmayanları 5 milyon avroya qədər cərimə gözləyir. Demək olar ki, bütün sosial media platformalarının hazırda Almaniyada nümayəndəliyi var”, – deyə ekspert vurğulayıb.

X.Ağaliyev Almaniyadan sonra sosial media ilə bağlı tənzimləmələrin Türkiyədə də tətbiq edildiyini qeyd edib.

O, “İnternet üzərindən yayınların düzənlənməsi və həmin yayımlar yolu ilə törədilən cinayətlərlə mübarizə haqqında” Qanununu xatırladıb.

Gözdən qaçırmayın:  Donetsk vilayəti atəş altında: beş nəfər həlak olub

Əlavə edib ki, həmin qanun qonşu ölkədə 1 milyondan artıq izləyicisi olan bütün platformaların üzərinə təmsilçilik açmaq vəzifəsi qoyur:

“Bu təmsilçiliklər Almaniyada olduğu kimi şikayət vermə mexanizmi yaratmalı və 48 saat ərzində daxil olan şikayətləri araşdırıb, qərar verməlidilər. Bunu etməyənlər cərimələnir”.

Foto: Meydan.TV

Ancaq hüquqşünas bu təcrübələrin kifayət qədər qüsurlu olduğunu düşünür:

“Çünki sosial media platformalarına məhkəmələrə oxşar səlahiyyət verir. Məsələn, sosial media platforması hansı məzmunun böhtan, təhqir olmasına qərar verə bilir. Belə səlahiyyətlər, ifadə azadlığına özbaşına müdaxilələrə geniş imkanlar açır”.

Azərbaycanda səslənən təşəbbüslərə gəlincə, X.Ağaliyev bildirib ki, burada hansısa mürtəce təkliflər olacaq:

Mətbuat Şurası və ya digər qurum hər yerdə tənqid edilən Almaniya, Türkiyədəki kimi tənzimləmə mexanizminin yaradılmasını zəruri sayırsa, öncə bu zərurəti doğuran səbəbləri açıqlamalıdır. Məsələn, dövlət, hərbi sirri yayılıbmı? Yoxsa təhqir və böhtanlar artıb? Axı bunun üçün xüsusi tənzimləməyə ehtiyac yoxdur. Belə əməllər istər sosial mediada, istər çap mediası vasitəsilə törədilsə, cinayətdir”.

“Yayılmış cinayət məzmunlu materilların, informasiyaların silinməsi də problemli məsələ deyil. Bütün sosial media platformalarının şikayətvermə mexanizmi hazırda var. Doğrudan da, cinayət məzmunlu materiallar yayılırsa, onlara şikayət etmək, şikayəti əsaslandıran sənədlər təqdim etməklə, həmin materialları sildirmək rahatdır. Bir neçə ay əvvəl “Twitter” baxılan şikayətlərlə bağlı yarımillik hesabatını açıqlamışdı. Orada yarım ilə Azərbaycandan bir dənə də şikayət yox idi”, – deyə Xalid Ağaliyev vurğulayıb.

O güman edir ki, tənzimləmə təşəbbüslərinin arxasında sosial media platformalarına Azərbaycanda nümayəndəlik açdırmaq, həmin nümayəndəliklər vasitəsilə sosial mediaya daha çox nəzarət imkanları əldə etmək niyyəti dayanır:

“Təəssüflər olsun ki, ifadə azadlığının pöhrələməsinə xidmət etməyən belə təşəbbüslərin carçıları rolunu, elə jurnalistlər, media qurumları həvəslə öz üzərinə götürürlər”.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button