2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Sosial-siyasi “bomba”ya çevrilən Lənkəran və Taleh Qaraşovun 25 illik səltənəti!

Silsilə məmur həbslərinin üstündən bir ildən artıq vaxt ötür. Vəzifə səlahiyyətlərini aşmaqda və rüşvətxorluqda ittiham edilən icra başçılarının həbsi prosesi cəmiyyətə dopinq təsiri bağışlamışdı. Həbs dalğası XİN-in və digər dövlət qurumlarının yüksək vəzifəli şəxslərinin kabinetinə qədər daxil oldu. Bu proses təkcə hüquqi baxımdan deyil, həm də ictimai-siyasi münasibətlər sisteminin yenilənməsi prizmasından da vacib idi. Bu həbsləri hakimiyyət üçün “qüsl alma” prosesi də adlandırmaq olardı, təmizlənmə prosesinin miqyası daha da genişlənməli idi. Amma…
Biz, təkcə media nümayəndəsi kimi yox, həm də bir vətəndaş kimi əminik ki, Azərbaycanda rüşvətə, korrupsiyaya bulaşmayan icra başçısı yoxdur. Həqiqətənmi, ölkədə rüşvətxor, xalqı tapdalayan, dövləti talayan icra başçıları təkcə həbs edilən rayonların rəhbərləri idi? Əlbəttə ki, xeyr! Digər icra başçıları da rüşvətxor, korrupsioner deyilmi? Deməli, məsələ başqdır, məmur həbslərinin həm də ciddi siyasi səbəbləri var.
Məsələn, 2012-ci ildən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini tutan Taleh Qaraşovu hazırda həbsdə yatan icra başçılarından fərqləndirən hansı “keyfiyyətləri” var? 230 min nəfərdən çox əhalisi olan Lənkəran şəhəri Azərbaycanda bufer ərazilərdən hesab olunur. İstər siyasi, istərsə də iqtisadi baxımdan Lənkəran dövlət üçün ən həssas və vacib nöqtələrdən biridir.
T.Qaraşova və onun ailə üzvlərinə məxsus biznesin, böyük pul kütləsinin mövcudluğu haqqında dəfələrlə məlumatlar dərc olunub. Heç şübhəsiz, 9 ildir Lənkəranda 1045 manat (əhalisinin sayı 100 min nəfərdən çox olan rayonların icra başçılarının maaşı) maaş alan T.Qaraşovun oliqarxa çevrilməsi onun 1996-cı ildən başlayan icra başçısı karyerası ilə bağlıdır. O, icra başçısı olmasaydı, bəlkə də indi heç xırda sahibkar da deyildi. Amma məsələ bunda deyil, onun biznesini, pulunu araşdırmaq mənə maraqlı deyil, əsas məsələ T.Qaraşovun “icra mexanizmi” kimi dövlət-vətəndaş münasibətlərində oynadığı rolun mahiyyətinə işıq salmaqdır.
T.Qaraşov təkcə Lənkəranda deyil, bundan əvvəl Kürdəmir, Cəlilabad, Neftçala, Astara rayonlarda icra başçısı işləyərkən də xalq-dövlət münasibətlərinə balta çalıb. Təsadüf deyil ki, o, haqqında ən çox şikayət edilən icra başçılarından biridir.
T.Qaraşovun rəhbərliyi dönəmində Lənkəran şəhərində:
– Əhalinin dövlətə və iqtidara olan inamsızlığı sistemli şəkil aldı. Hazırda ölkəmizdə müxtəlif dağıdıcı və radikal qrupların tərkibində xeyli sayda Lənkəran sakini var və say artmaqda davam edir. Bu şəxslərin fəaliyyətlərini müşahidə etsək, onların daha çox rayon rəhbərliyinin “əməyi” sahəsində mövqe dəyişdirdiklərinin şahidi ola bilərik.
– Statistikaya müraciət etsək, görərik ki, ölkəmizdən xarici ölkələrə üz tutan şəxslərin böyük bir faizini də Lənkəran sakinləri təşkil edir. İnsanların paytaxta olan ümidlərini alt-üst edən rayon rəhbərliyi həmin vətəndaşlar üçün xaricə qaçmaqdan başqa çıxış yolu qoymayıb. Daha Lənkəranda Bakıya da olan ümidlər azalıb və közərir.
– Əhalinin radikal dini qruplara olan meylləri daha da artıb
– Lənkəranda narkomaniyanın səviyyəsi yüksələn xətt üzrə inkişaf edir
– Rayonda ideoloji boşluqların doldurulması üçün heç bir addım atılmayıb
– Qəbidədir ki, paytaxdan mərkəzləşdirilmiş şəkildə – ölkədə aparılan ümumi iqtisadi-sosial islahatların nəticəsi olaraq, Lənkəranda yeni iş yerləri açılsa da, orada işsizliyin sayı sürətlə artır
– İnsanların hələki fərdi şəkildə mərkəzdənqaçma meylləri güclənir
– Şəhid ailələrinin və qazilərin narazılıqları günbəgün artır
Əhalisinin zəhmətkeş olduğu, tarix boyu xalqımıza ziyalı, vətənpərvər, dövlətə sədaqətli insanlar bəxş edən Lənkəranda mövcud durum belədir. Çox təəssüf ki, T.Qaraşov bütün bu mənfi halların aradan qaldırılması üçün addımlar atmaq əvəzinə zaman-zaman digər ucuz yollara baş vurmalı olur. Məsələn, bir neçə “quldur sayt”la əməkdaşlıq edir, onlara aylıq cüzi vəsait verməklə Lənkərandakı acınacaqlı durumu ört-basdır etməyə çalışır. Mətbuat deyərkən onun ağlına həmin “quldur sayt”lar gəlir. Qaraşov bütün bu çirkli işlərini də məhz köməkçisi Elnur Hüseynov vasitəsilə həyata keçirir. Ən acınaqlısı budur ki, icra başçısı bu tip saytlar vasitəsilə ictimai rəydə özü haqda müsbət imic formalaşdırmağa çalışır.
Hesab edirəm ki, dövlət iki mühüm amili nəzərə almalıdır:
BİRİNCİSİ, T.Qaraşov son islahatlar kontekstində Prezident İlham Əliyevin xalqın mövqeyinə hesablanan çevik addımlarına uyğun şəkildə fəaliyyət göstərə bilmir.
İKİNCİSİ, Lənkəran “sosial bomba”ya çevrilib. Hər halda, tarixdən ciddi dərs almaq üçün yaxın keçmişdə baş verən xeyli sayda nümunələr (eləcə də, İsmayıllı, Quba hadisələri və s.) var.
Şübhəsiz ki, T.Qaraşovun bu günə qədər vəzifədə qalması üçün onu himayə edən “güclü əl” var. İcra başçısından ölkə rəhbərliyinə ünvanlanan şikayətlərin bir hissəsinin qarşısı da məhz bu “güclü əl” vasitəsilə alınır. Eyni zamanda, T.Qaraşovun ölkədə ciddi oliqarx-məmurların adamı kimi təqdim olunması situasiyanı xeyli dəyişdirir. İcra başçısının dəstəkçisi olan şəxslər isə dövlət maraqlarını şəxsi maraqlara qurban verməməlidir. Əks halda, gələcəkdə T.Qaraşov məsuliyyətə cəb edilsə, həmin şəxslər də məsuliyyətdən yayına bilməyəcəklər.
Samir FEYRUZOV, Azsiyasət.com

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button