2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

Sosial yardıma ümid bağlayan Tovuz sakinləri

Tovuzlu fermer: “Belə dövlətdən mən narazı qala bilərəmmi?”

Tovuzda 2 qrup insanla rastlaşdım. Bir qrup torpaqla işləyir və halından narazı deyil. Digəri isə şəhər mərkəzində yaşayır və imkansızlıqdan şikayətçidir.

Bakıdan 452 km məsafədə olan bu qərb rayonunda əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatıdır. Torpaq münbit olduğu üçün məhsuldarlıq da yaxşıdır.

Saytların yığılması Saytlarin yigilmasi

Burada kartofçuluq geniş yayılıb. Bundan başqa tərəvəzçilik, göyərti əkini də sakinlər arasında populyardır.

Amma şəhər mərkəzində yaşayan müsahiblərim həyətyanı sahəsi və ya pay torpağı olmayanların məşğuliyyətinin olmadığından danışırlar. İş tapanlar isə əmək haqqının azlığından şikayətçidirlər.

Çətin dolanışıq

Tovuz səfərində ilk dayanacağım Əyyublu kəndidir. Kənd girişindəki küçələrdən birində çoxlu insanlar gözə dəyir.

Küçənin sağ və sol tərəfi boyunca kiçik köşklər yerləşdirilib, burada insanlar meyvə- tərəvəz və ya digər məhsullar satırlar.

Maşının üzərinə əkib yığdığı göyərtini sərərək satan kim, maşının yük yerinə topladığı məhsulunu alıcılara tərifləyən kim, bazarlardan aldığı meyvələri səliqə ilə düzüb alıcıya bəyəndirmək istəyən kim.

Bəziləri artıq son tərəvəzi satır, bəziləri yeni gəlib. Alıcıları gözləyən satıcılar, vaxtını öldürən digər kənd sakinləri qrup -qrup toplaşıb küçənin müxtəlif yerlərində söhbət edirlər. Bircə problem odur ki, insanlar jurnalistlərə açıqlama vermək istəmirlər.

Ayaqüstü söhbət zamanı öyrənirəm ki, bu kənddə insanlar əsasən kartof əkirlər.

Meyvə satan satıcılardan biri isə güzəranın son dövrdə çətinləşdiyini deyir.

O, Sovet-Əfqan müharibəsi veteranı olduğunu, mühairibədə zədə alsa da heç vaxt buna görə təqaüdə çıxmağı düşünmədiyini deyir.

Səbəbini soruşduqda sakin bildirir ki, buna ehtiyacı olmayıb. Azərbaycana qayıtdıqdan sonra o, təsərrüfatla və ticarətlə məşğul olaraq ailəsinin dolanışığını təmin edib. İndi isə, bu çətindir.

Dolların dəyərinin artmasından danışan müsahibim deyir ki, 1 dollar 78 qəpik olanda heç vaxt əlavə gəlir barədə düşünməyib. İndiki halda isə artıq ailəsi əlavə gəlirə ehtiyac duyur.

Ondan bir az kənarda əkib becərdiyi göyərtini satan qadın da çətinliklə dolandığını deyir.

Deyir ki, göy soğan toxumunun kilosunu 20 manata alır. Satanda isə dəstəni 20 qəpiyə verməyə məcburdu. O, toxum qiymətindən şikayət edir.

Kəndin içi ilə getdikcə daha çox əkin sahəsinə rast gəlinir. Burada kartofçuluqla məşğul olan və sahəsinin suvarılmasına nəzarət edən fermer həyat səviyyəsindən razı olduğunu deyir.

“Normal yaşayırıq”, o bildirir.

Amma o da son aylarda müxtəlif ərzaqların qiymətinin artmasını müşahidə edib. Buna baxmayaraq, fermer bu hala görə narahat deyil.

“Qiymət artımı var. Amma onsuz olmur”, o deyir.

Fermerin sözlərinə görə, kənddə təsərrüfatı ilə məşğul olmayanlar ya ticarətlə, ya çobanlıqla, ya da başqa sahə ilə məşğul olur.

“Dolanışıqdan şikayətçi deyilik”- kartofçuluqla məşğul olan kənd sakini deyir.

Onun ərazisini suvaran və gününə 20-30 manat pul qazanan gənc isə başqa iş axtarsa da tapmadığını deyir.

Tovuzun mərkəzinə doğru gəldikdə digər kəndlərin ətrafında da insanların sahələrində işlədiyinin şahidi olursan. Onlardan bir çoxu halından şikayətçi deyil.

Dərmana yetməyən maaş

Lakin şəhərin mərkəzində fərqli mənzərə var.

Əlində böyük bir salafanla evinə doğru irəliləyən bir sakinlə danışırıq. Deyir ki, rayonda “sakinlər elə də yaxşı dolanmırlar”. Qadının sözlərinə görə, burada əkinçilik üçün şərait olsa da, “ona da maya lazımdır”.

Bir yeniyetmə oğlu ilə kirayədə yaşayan xanım, dövlət qulluğunda çalışır. Deyir ki, 150 manat maaş alır. Amma bu maaşla həm özü və övladının xərclərini qarşılamalı, həm də kirayə pulu ödəməlidir.

Qadın gülümsəyərək “heç nə, dilənə-dilənə dolanırıq” deyir.

O, əlindəki salafanda xəstələnmiş oğlu üçün dərman apardığını deyir. Dediyinə görə, dərmana 100 manatdan çox pul verib, onu da nisyə alıb.

Onun qonşuluğunda yaşayan digər qadın da dolanışığın çətinliyindən gileylənir. “Kasıb ailəyik” o deyir.

O, işləmir və iki məktəbyaşlı uşağının qeydinə qalır. Fəhlə kimi işləyən həyat yoldaşı isə hazırda işsizdir.

Rayon sakini evinin darvazasının önünə qoyduğu 4 ayaqlı taxta stolun üstünə qışda hazırladığı tutmalardan qoyub, tutmaların yanına isə səmənilər düzüb. Səməniləri də özü əkib. Deyir ki, bu balaca stolun üstündən nə satılsa, onların dolanşığı odur.

Müsahibim ünvanlı sosial yardım ala bilmədiyindən, imkansızlıqdan uşaqlarını məktəbə göndərməkdə əziyyət çəkməsindən danışır.

“Övladlarımın ikisi də oğlandır, 18 yaşı olan kimi əsgər çağıracaqlar. Onlara baxa bilməliyəm axı”, qadın kövrəlir.

O, artan qiymətlərdən şikayət edir. Deyir ki, piştaxta üzərində satdığı məhsul ancaq çörək pulu edir.

Digər rayon sakini isə bir övladına baxır. O, ünvanlı sosial yardım ala bilsə də, son 2 aydır pulun verilmədiyindən gileylənir.

“Söz veriblər ki, bu ay olacaq”, müsahibim deyir.

İşsizlik

Eyni küçədə yaşayan təqaüdçü 160 manat pensiya alır. “Çətinlik çəkirik, pensiya çatmır” deyir.

Onun iki oğlu var. Biri Bakıda işləyir, digəri isə maşın düzəltməyə bacarığı olsa da, emalatxanası olmadığı üçün işsizdir.

Qiymət artımından danışan müsahibim ərzaq alanda artıq qiymətinə fikir verdiyini deyir. “Bazara baxırıq, ucuz olanda alırıq”, o deyir.

Ən çox ətin qiymətinin artımından gileylənir və deyir ki, 5-6 manatlıq məhsul indi 10 manatdır.

“Dolanışıq getdikcə zəifləyir. Qiymət artır, amma pensiya yerində”.

Tovuz şəhərinin mərkəzində söhbətləşən gənclərlə iş imkanları barədə də danışırıq.

Gənclər suallara gülərək, “bekarçılıq” olduğunu deyirlər.

“Ya bu parkda otururuq, ya da çayxanalarda” onlar deyir.

Gənclərdən biri isə “burda gənclərin məşğuliyyəti 5-10 manata ofisiantlıqdı. Başqa heç nə” deyir.

Gənclərin yaşları təxminən 19-24 arasındadır. Onlardan cəmi biri təhsil alıb, o da işsizdir.

“İş axtarırıq, bəzi yerlərə cv vermişik”, deyirlər.

Rayonda iş üçün müraciət edən əhalinin sayını öyrənmək üçün zəng vurduğumuz Tovuz Məşğulluq Mərkəzi suallarımızı cavablandırmayıb.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2015-ci ildə bu rayonda status almış işsizlərin sayı 101 nəfər olub. 2014-cü ildə bu rəqəm, 105, 2013-cü ildə isə 134 olub.

Tovuz Rayon İcra Hakimiyyətinin rəsmi saytına görə, burada məşğul əhalinin əsas hissəsi kənd təsərrüfatında, rayonda fəaliyyət göstərən idarə və müəssisələrdə, özəl sektorda və xidmət sahələrində çalışır.

İşsizliklə bağlı fikir bildirən Tovuz Rayon İcra Hakimiyyətinin bir işçisi deyir ki, əhali torpaqla çalışmalı, əkməli, toyuq, mal-qara saxlamalıdır.

24saat.org

Mənbə – www.bbc.com/azeri

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button