Stalinlə söz güləşdirən 90 yaşlı Eyyub kişi sağlamlığın sirrini açdı: “Həmişə o araqdan içmişəm”
Eyyub Məhsimov: “Zabitlər mənim güllələnmə əmrimin veriləcəyini düşünüblər. Amma mənim bu cəsarətli cavabım yoldaş Stalinin xoşuna gəlibmiş”
Kənd sakinləri onu “Bığ Eyub” deyə çağırırlar. Söhbət Qax rayonunun Qaratala kəndində yaşayan Eyyub Məhsimovdan gedir. O, hazırda kəndin ən yaşlı sakini hesab olunur. Amma qıvraqlığı, zəhmətsevərliyi, yorulmadan işləməsi hər kəsi təəccübləndirir.
Yaşlı nəslin nümayəndələri üçün “Bığ Eyub” olan Eyyub kişini, kəndin bütün cavanları “Eyub baba” adlandırırlar. Həm də cavanlar onunla zarafatlaşmağı, toylarda onunla birlikdə rəqs etməyi, şelfi çəkdirməyi xoşlayırlar.
Bütün ömrünü at üstündə keçirən Eyyub baba, birlikdə yaşadığı qızı və nəvələrinin tənqidlərinə baxmayaraq, hələ də atdan əsas nəqliyyat vasitəsi kimi istifadə edir. O, müasir texnikanı “tənbəllərin oyuncağı” hesab edir. “Vaxt vardı biz öküzlərin köməyi ilə xışla, kotanla yer əkirdik. Gecəmiz-gündüzümüz olmazdı. Bizim yeniyetməliyimiz, cavanlığımız müharibə illərinə düşüb. Ac qalmamaq üçün yorulmaq bilmədən işləyirdik. O vaxt bizim əllə, öküzlərin köməyi ilə gördüyümüz işi indi traktorlar, kombaynlar görür. Amma baxırsan ki, cavanlar traktorla tarlanın bu başından o başına gedirlər, sonra da deyirlər ki, yoruldum. Ona görə də, kənddə hansı cavanı dindirirsən, deyir oram ağrıyır, buram ağrıyır. Bəs iş görməyən adam ağrıyacaq da. Nə qədər boş-boş oturmaq olar?” — deyir Eyyub baba.
Kəndin bugünkü şəklə düşməsində, abadlaşmasında Eyyub babanın əməyi böyük olub. Uşaqkən qardaşları ilə birlikdə aclıqdan əziyyət çəkdiklərindən, doğulduqları dağ kəndi olan Armudludan nisbətən aranda yerləşən bu kəndə pənah gətiriblər. Onda bu kənd 5-6 ailənin məskunlaşdığı kiçik talalardan və fermadan ibarət olan balaca bir məskən imiş.
“Biz bura köçəndə bu kənd kiçik talalardan ibarət balaca bir yer idi. Elə kəndin adlandırıldığı Qaratala sözü də “meşənin ortasında açıq yer” mənasına gəlir. Bu kənddə yaşamaq mümkünsüz idi. Çünki hər yer meşəlik və kol-kos idi. Bu kəndi kol-kosdan təkbaşına təmizləmişəm. Buranı abıra salandan sonra bura başqa yerlərdən insanlar gəlib yaşamağa başladılar. Çünki burada yaşamaq əlverişli idi. Münbit torpağı vardı, meşələrdən çaylar axırdı, torpaqları suvarmaq üçün arxlar çəkmişdik. Meşələri tədricən açaraq əkin və mal-qara üçün örüş yerlərini genişləndirmişdik. Böyük çıxmasın, amma mən özümü bu kəndin memarlarından biri hesab eləyirəm”, — deyə E.Məhsimov bildirir. Eyyub baba təkcə əməksevərliyi ilə seçilmir. O, həm də xarici görünüşü ilə diqqəti cəlb edir. Onu kənddə nahaq yerə “Bığ Eyub” adlandırmırlar. Çünki o, heç vaxt bığını qırxmayıb.
Həmsöhbətimizin dediyinə görə, bu inadkarlığı Stalinin özünün də xoşuna gəlib: “Əsgərlikdə olanda bir gün dedilər ki, yoldaş Stalin birləşmiş hərbi hissələrə baş çəkməyə gələcək. Müharibədən sonra sovet ordusunun quruculuğu istiqamətində ciddi işlər gedirdi. Bizi bir ay onun gəlişinə hazırladılar. Sıra düzülüşü, addımlamaq və s. Ordu təzə geyimlərlə təchiz edildi. Onda əsgərlik müddəti rəsmi 3 il 6 idi. Amma bizim vaxtımızda bu 4 ilə qədər çəkirdi. Bir gün bizi sıraya düzdülər. Stalin gəlib qabağımızdan keçdi, əsgərin şərəfinə hərbi salam verdi. Sonra sıraları başdan ayağa gəzməklə əsgərləri bir-bir süzdü. Mənə çatanda dayandı, “irəli çıx” əmrini verdi. Soruşdu ki, mən niyə bığ saxlayıram. Dedim ki, yoldaş Stalin, sizə hörmət əlaməti olaraq bu bığı saxlayıram. Siz nə vaxt bığınızı qırxsanız, mən də onda qırxacağam”. “O vaxtlar rəhbərə belə söz demək ölümə bərabər bir iş idi. Sonradan ordudakı zabitlər mənə deyirdilər ki, biz elə bilirdik, bu sözdən sonra sənin güllələnmə əmrini verəcək. Amma mənim bu cəsarətli cavabım yoldaş Stalinin xoşuna gəlmişdi. O, cavabımdan gülümsündü və deyəsən ləhcəmdən tutmuşdu ki, qafqazlıyam. Soruşdu ki, “кавказец” (qafqazlısan?)? Dedim, bəli, Azərbaycandan, Qaxdanam. Onda nəsə fikirləşdi və bığının altında yavaşca “Saingilo” dedi. Sonra “azad” əmrini verdi. O vaxtdan mən hərbi hissədə hamının sevimlisinə çevrildim. Onda orduda Stalinin sevimli adamı olmaq görün nə demək idi!”, — danışır Eyyub baba.
O, evə qayıdandan sonra bu əhvalatı ailəsinə nağıl edir: “Anamgil məni danladılar ki, dilinin ucbatından ölə bilərdin. Onda “Saingilo” sözünün mənasını öyrəndim. Sən demə, gürcülər bizim Qaxın yerləşdiyi regiona “Saingilo”, yəni ki, “kiçik Gürcüstan” deyirlər. Ola bilsin, Stalin buna görə mənə güzəşt eləmişdi”.
Eyyub kişi Stalin dövrünün ağırlığına, o dövrdə baş verən repressiyalara baxmayaraq, hələ də hesab edir ki, dünyaya Stalin kimi “kişi adam” gəlməyib. Stalinin şərəfinə saxlanan bığ onun ölümündən sonra da qırxılmamış qalıb: “Bu bığ mənim 75 illik dostumdur. Bığımı qırxsam, elə bilərəm ki, qolumu, qıçımı itirmişəm. Uşaqlara vəsiyyət eləmişəm ki, öləndə də məni torpağa bığımla birlikdə basdırarsınız”.
sputnik.az