Statistika Komitəsindən növbəti qiymət biabırçılığı
AXCP Rəyasət Heyətinin üzvü, iqtisadçı alim Nemət Əliyev Dövlət Statistika Komitəsinin yalanını üzə çıxardıb.
Rəsmi rəqəmlərə inansaq 2018-ci ildə yerli malların toplu qiymətləri 17% ucuzlaşıbmış. Reallıq isə tam başqa cürdür: “Heç demə, 2018-ci ildə yerli malların toplu qiymətləri 17% ucuzlaşıbmış, xəbərimiz yoxuymuş, dostlar! Pərakəndə ticarət dövriyyəsinə və qiymətlərə dair açıqlanmış rəsmi məlumatları təhlil etməklə bu rüsvayçı mənzərənin üstünü açmaq mümkün olub.
Olsun ki, soyğunçu qiymətlərin əhalini var-yoxdan çıxardığı bir vaxtda 17% ucuzlaşma haqqında danışmağın nə dərəcədə hiddətə səbəb olacağını təsəvvür elədiklərinə görə bu cəfəngiyyat haqqında açıq şəkildə danışmağa cəsarətləri çatmayıb. Görünür, ölkədəki yüksək bahalaşma səviyyəsini ört-basdır etmək üçün başqa çarə tapa bilməyib bu zavallılar.
Faktiki bazar qiymətləri ilə hesablanmış pərakəndə ticarət dövriyyəsinin həcmi 2018-ci ilin 11 ayında 32,437 mlrd manat, 2017-ci ilin 11 ayında isə 30,863 mlrd manat olub. DSK-nın yaydığı məlumata görə ötən il ticarət dövriyyəsinin real həcmi 2,7% artıb. Əgər bu rəsmi məlumatların həqiqiliyinə inansaq, onda, belə məlum olur ki, ölkənin məhsul (əmtəə) bazarında toplu qiymətlər 741 milyon manat və ya 2,34% artıb:
[30,863 + 30,863 ∙ 2,7 : 100 ≈ 31,696 mlrd man],
[32,437 – 31,696 = 0,741 mlrd man],
[32,437 ∶ 31,696 ∙ 100 – 100 ≈ 2,34 %].
Bu sonuncu faiz göstəricisini unutmamaq şərti ilə onu da nəzərə alaq ki, 2017-ci ilin 11 aylıq dövründə ölkədaxili ticarətdə 43% payı olan idxal malları manatla ifadədə 28% bahalaşıb (idxalın həcmi 2017 və 2018-ci illərin 11 aylıq dövrlərində uyğun olaraq 7,791 və 10,296 mlrd dollar, real artım tempi 1,9% olub).
Əgər bu məlumatların üzərindən sükutla keçməsək, o zaman belə bir düşündürücü sual çıxır ortaya: əcəba, 43% çəkiyə malik idxal mallarının qiymətləri 28% bahalaşıbsa (bunu gizlətmək mümkün deyil), bəs 57% çəkisi olan yerli malların qiymətləri, görəsən, necə dəyişib ki, məhsul bazarında yekun qiymətlər 2,34% artıb?
Suala konkret cavab vermək üçün belə bir sadə hesablama aparmaq lazımdır: [(102,47∙100-43∙128):57-100≈-17%]. Bu konkret hesablamanın nəticəsi onu göstərir ki, idxal mallarının 28% bahalaşması fonunda yerli malların toplu qiymətləri 17% ucuzlaşmalıdır ki, məhsul bazarlarında ümumi bahalaşma 2,34% olsun. Burada başqa variant qalmır. Xülasə, DSK-nın deməyindən belə çıxır ki, 2018-ci ildə məhsul bazarlarının təxminən 3/5-də qiymətlər guya, 17% ucuzlaşıb”.
“Statistika Komitəsi faktları bu dərəcədə çeynəməli deyildi”
N.Əliyevin sözlərinə görə, dünyanın heç yerində belə rəzalətə rast gəlmək mümkün deyil: “Bəs istehsal ehtiyacları üçün xaricdən gətirilən xammal və materialların yüksəlmiş qiymətləri yerli malları bahalaşdırmır? Axı daxili bazarın 43 faizində baş verən böyük bahalaşmanın yaratdığı ümumi psixoloji ovqatın digər malların qiymətlərinə göstərdiyi artırıcı təsiri necə gözardı edə bilərsən?
Bu elementar həqiqətləri hətta sadə insanlar da dərk edə bilirlərsə, Statistika Komitəsi niyə bilmir? Fikrimcə, aldığı sifarişin kim tərəfindən verilməsindən asılı olmayaraq Statistika Komitəsi təkzibolunmaz faktları bu dərəcədə çeynəməli deyildi. Belə bir şəraitdə yerli malların ucuzlaşmasından deyil, bahalaşmasından danışmaq daha məntiqli və daha real olardı. Beləliklə, o nəticəyə gəlirik ki, yerli malların qiymətləri üzərində manipulyasiya aparılıb və bu göstərici saxtalaşdırılıb.
Böyük ehtimalla bahalaşmanın gerçək səviyyəsini gizlətmək üçün belə oyunlar qurulub.
Bəs məhsul bazarlarında ümumi bahalaşma neçə faiz olub? Apardığımız hesablamalar göstərir ki, hələ yalnız idxal malları ötən il ümumi məhsul bazarlarında toplu qiymətlərin 12% artmasına səbəb olub. Əgər buraya yerli malların da bahalaşma təsirini əlavə etsək, o zaman bahalaşmanın 12%-dən yüksək olması şübhəsizdir.
Amma və lakin DSK-ya görə bu göstərici guya, 2,34%-dir. İndi özünüz nəticə çıxarın, dostlar, göstəriciləri açıq-aşkar şəkildə təhrif edən bir Komitə və ya hökumət bu millətin nəyinə və hansı gününə lazımdır?”.