2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Su çərşənbəsi

 Su yolun ol kuydən topraq olub dutsam gərək,                                                                        Çün rəqibimdir, dəxi ol kuyə qoyman varə su.                                                                                                              Füzuli

Hələ bir soruşur də niyə su çərşənbəsi? Niyə də olmasın? Mavi Xəzər, Göygöl, Dəli Kür, Yaralı Araz…. Ağ dəniz, Qara dəniz, Sarı dəniz, Qırmızı dəniz, Ölü dəniz (Allah günahlarından keçsin) hamısı su deyilmi? Dünyanın dörddə üçü, bədənimizin neçə faizi su deyilmi? Elə buna görə adamlarla su arasında xarakter oxşarlığı var: “Adamın yerə baxanı, suyun lal axnı”.

Saytların yığılması Saytlarin yigilmasi

Dilimizdəki ifadələrdə su, əsasən, pozitiv anlamlarda işlənir. Sulu – yaxşı, susuz – pisdi. Adamın canı suludusa, demək, sağlamdı, suyu şirindisə, demək, qəlbə yatımlıdır.

“Gözü su içmək” isə inanmaq anlamına gəlir.
Arsız adam haqda deyirlər ki, üzündə su yoxdu. Elə farsca “abır” da üz suyu deməkdi. Urvatdan düşəndə deyirlər, suyu süzülə-süzülə getdi.

Su etik imperativlərə əməl edir. İki nəfər bir-biri ilə söhbət edəndə aralarından keçmək ədəbsizlik sayılır. İki nəfər mehriban olanda (el arasında çaşka-loşka deyirlər) nə deyirlər? “Aralarından su keçmir”. Yəni su onları ayırmaq istəmir. Nəzərə alsaq ki, su insanlardan çox-çox əvvəl yaranıb, bu etiketi insanın sudan öyrəndiyi bəlli olur.

Su hakim qismində. Zərdüştilər su vasitəsilə adamın günahkar olub-olmadığını müəyyən edərdilər. Günahkar hesab olunan şəxsi suyun altına girməyə məcbur edər, sonra suya ox atardılar. Bir nəfər suya baş vurub oxu tapmağa gedərdi. Əgər dalğıc oxu tapana kimi şübhəli şəxs suyun altında diri qalsa, deyərdilər, su ona bəraət hökmü verdi və azad edərdilər.

Sevgililərin ünsiyyəti zamanı işə yarayır:
”Su atdım yara dəydi, əlim divara dəydi…”
 Mən suyun yara dəyməyini xeyirə yozuram.

Bəktaşilər hesab edir ki, su ilə ehtiyatlı davranmaq lazımdı. Bir bəktaşi abdəst almadan namaza durubmuş. Deyirlər, niyə belə elədin? Bəktaşi cavab verir: “Qardaş, bizim mayamız palçıqdan yoğrulub. Su ilə çox oynamağa dəyməz…”

Su da mənim kimi uğur gətirəndi. Təvazödən uzaq olmasın, mənim ayağım yaman yüngüldü. Kimin qənşərinə çıxıram, işi uğurlu alınır. Yəni mollanın uğuruna çıxsam, adam ölür, DYP işçisinin uğuruna çıxsam, avtoqəza olur, prokurorun uğuruna  çıxsam, qətl baş verir. Seysmoloqların qabağına çıxanda tektonik proseslər sürətlənir və camaat onları tanıyır. Avtoşoklar Rixter cədvəli ilə nə qədər yüksək olsa, zəlzələçilər bir o qədər populyar olur. Su da uğur gətirir – yola çıxanın arxasınca su atırlar.

Barışdırıcı imici yaranıb. Füzulinin “Su” qəsidəsi başdan-ayağa su barədədi. Orda suyun sülh missiyasından da yazılıb:

Sərv sərkəşlik qılar qumri niyazından məgər,
Damənin duta, ayağına düşə, yalvarə su!

Yəni sərv yenə dikbaşlıq edir, qumrunun yalvarışlarına məhəl qoymur. Kaş su gedə onun ayağına düşüb yola gətirə.

Su Allahın əlində həm lütf, həm də qəhr vasitəsi ola bilər. İstər quraqlıq, istərsə də Nuh tufanı cəzadır və burada əsas personaj sudur. Birində yoxluğu, birində isə çoxluğu cəzadır.

…Su çoxdan var. Lap əvvəllərdə də varıydı. Ondan bir az sonra da varıydı. Daha bir az sonra da varıydı. Lap sonra da varıydı. Bütün bu aralıq zamanda su olub. İndi də var, bizdən və sizdən sonra da olacaq.

Xeyirli çərşənbələr…

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button